Mikro Aləm
Dörd divarın qoruması ilə deyil, içində yaşayanların qarşılıqlı sevgi, hörmət və könül birliyi ilə əl-ələ, çiyin-çiyinə verib davamlı güclənən və bu gücü həssaslıqla qorumağa çalışan quruluşa ailə deyilir.
Uşaqlarımızın və gənclərimizin sağlam ruha, səviyyəli və xarakterli fərdi quruluşa sahib ola bilmələri üçün ailənin təməl daşı olan valideynlərə çox böyük vəzifələr düşür.
İdeal ata-ananın tərifini vermək çətin olmaqla bərabər müvəffəq ata-analar uşağın ehtiyaclarını anlaya bilən, onlara uyğun cavablar verən, həddən artıq mülayim və ya qatı olmayıb uşağa qarşı tolerantla yanaşan, davranışlarında müəyyən bir qərarlılıq təmin edən, qarşı çıxmadan əvvəl hər zaman uşağın istəklərini dinləyən, övladlarının bir gün özünü təqlid edəcəyi düşünərək davranışlarını buna görə formalaşdıran ata-analardır.
Ailə: Mikro aləm
Ailə cəmiyyətin ən kiçik və təməl quruluşu olduğu halda topluma ən çox təsir edən qurumdur. Ailə tərbiyəsinin sağlam olması ailənin təməlinin və quruluşunun tərəfləri arasındakı qarşılıqlı sevgi və hörməti dayanır.
İstəklərini yerinə yetirmədiyi üçün anasını, tələb etdiyi cibxərcliyini vermədiyi üçün atasını öldürən bir fərdin hansı ailə mühitində yetişdiyi əlbəttə əhəmiyyət kəsb edir.
Sağlam ailələrdən formalaşan cəmiyyət sağlam və uzunömürlü mədəniyyətlər qura bilərlər. Sağlam sevgi atmosferində böyümüş bir nəsil yetişdirə bilmək üçün ailədaxili münasibət çox mühümdür.
Ailədaxili münasibət
Valideynlə uşaqlar arasındakı münasibət necə olmalıdır?
Hər ailə sağlam və mükəmməl uşaqlar yetişdirmək istəyər. Sağlam övlad yetişdirmə şüuru müsbət istiqamətdə inkişaf edərkən, təəssüf ki, savad və mükəmməllik səviyyəsi get-gedə azalmaqdadır. Sanki uşaq erkən böyümə yaşında böyük məsuliyyətlər daşımaq məcburiyyətində qalmaqdadır. Uşaqlarına mümkün mərtəbə yaxşı bir gələcək təmin etməyə çalışan ata-ana onları samballı məktəblərdə oxutmaq üçün bütün var-dövlətini ortaya qoyur və bunun qarşılığında nailiyyət gözləyir. Valideynlər nail olmadıqları vəzifə və mərtəbələrə uşaqları vasitəsilə çatmağa çalışırlar. Bununla da uşaqlar sanki sinif yoldaşlarını, bir müddət sonra rəqiblərini keçmək üçün cəhd edən yarış atına çevrilirlər.
Əslində həyatda hər şey nailiyyət deyildir. Lakin uşağın öz şəxsiyyətini necə inkişaf etdirəcəyi, üzərində ən az düşünülən bir mövzudur. Əsas olan, uşağın yaşadığı dönəmi sağlam yaşaya bilməsi və ortaya sağlam xarakter qoya bilməsidir.
Əlaqə qurmağa əngəl olan amillər
Millətimizin gələcəyi olan gənclik məntiqi üsullarla, milli dəyərlər çərçivəsində, zəmanənin elmi və ictimai tələblərini qavrayacaq bir istedadla yetişdirilməlidir. “İmanlı, vətənpərvər, Allahdan qorxan, vətənini, millətini sevən bir nəsil yetişdirə bilmək gələcək üçün həddən artıq vacib məsələdir. Buna görə də uşaqlarımızı dəbdə olan bəzi fikirlərlə, boş cərəyan və ya çalxantılarla, səviyyəsiz və bəsit ölçülərlə deyil, ən ideal səviyyələr və ölçülərlə yetişdirmək məcburiyyətindəyik. Əks təqdirdə Qərb dünyası öz gəncliyini itirdiyi kimi biz də gəncliyimizi eyni şəkildə əxlaqsızlığın, narkotikanın və adı məchul olan bir çox pisliyin pəncəsində zay edərik.
Buna görə uşaqlarla əlaqələrimizə diqqət etməli, sabahımız olan gənc nəsli sağlam yetişdirməliyik.
Bəzən uşaqlarla valideynlər arasında əngəllər olur.
Həyat tərzimizi gözdən keçirərək qurduğumuz əmr cümlələrinə nəzər salaq:
“Dur üzünü yu, südünü iç qurtar, dişlərini fırçala, ağzın dolu ikən danışma, tapşırığını elə, televizoru söndür, böyüklərlə danışanda səsini yüksəltmə, müəllimə qulaq as...” Yaxud da göz dağı verərək: “məktəbi bitirməsən sənə pul-mul yoxdur”, “ev tapşırığını eləməsən kinonu unut”, “südünü içməsən cırtdan qalacaqsan...” –cümlələri qururuq. Tez-tez işlətdiyimiz tənqid cümlələrinə nəzər salaq: “sən onsuz da tənbəlin birisən”, “onsuz da sənin bunu bacaracağına inanmırdım...”
Valideynlərin uşaqlara qarşı yanlış davranışları onların xarakterinə mənfi təsir edir. Valideynlər uşaq tərbiyə edərkən fərqində olmadıqları halda bəzi səhvlərə yol verirlər. Bu səhv davranışlar uşaqların bütün həyatına mənfi mənada təsir etməkdə, uşaqların anti-sosial davranışlar göstərmələrinə səbəb olmaqda və mənəvi aləmlərini zədələməkdədir.
Çin atalar sözündə “Bir il sonrasını düşünürsənsə buğda ək, on il sonrasını düşünürsənsə ağac ək, yüz il sonrasını düşünürsənsə insan tərbiyələndir.” -deyilir. İfadə etdiyimiz kimi təlim-tərbiyə uzunmüddətli, amma sağlam bir prosesdir.
ŞƏRHLƏR