Əhli-Quran Olmaq

Əhli-Quran Olmaq

Quran ayələri 23 illik nəbəvi həyatı ilmək-ilmək toxuyan ilahi mesajlar surətində tədricən nazil olmuşdur. 

Hər nazil olduğu zaman Allah Rəsulu (s.ə.s)-i və onun can dostları olan əshabi-kiramı bəzən tərifsiz bir sevincə, bəzən dəhşətə və təqvaya sövq etmişdir. Allah təaladan gələn bu mesajlarla möminlərin mənəviyyatları qüvvətlənmiş, əzmləri artmış, könüllərindəki iman məhəbbəti və həyəcanı zirvəyə ucalmışdır.

Əshabi-kiram üçün vəhyin enişi göydən enən və ləzzətindən doyulmayan ilahi bir ziyafət süfrəsi idi. Nə vaxt bir ayənin nazil olduğunu eşitsələr, o ilahi ziyafətdə iştirak etmək üçün həvəslə tələsər, böyük bir həyəcanla: “Görəsən Haqq təalanın rizası haradadır?” sualının cavabını yeni gələn təlimatlardan öyrənməyə çalışardılar.

Abdullah bin Məsud (r.a) nəql edir:

“Bir səhabə (axşam) evinə gəldiyi zaman xanımı ona ilk öncə bu iki sualı soruşardı:

- Bu gün Qurandan neçə ayə nazil oldu?

- Allah Rəsulu (s.ə.s)-in hədislərindən nə qədər əzbərlədin?” (Abdülhamid Keşk, Fi Rihabit-Təfsir, I, 26)  

 

  VƏHYİN SEVDALILARI

Əshabi-kiram ilahi vəhylə o qədər həmhal idi ki, Peyğəmbərimizin əbədiyyətə köçməsindən sonra ən böyük kədərlərindən biri də vəhyin kəsilməsi olmuşdu. Aşağıdakı hadisə bunun çox ibrətli bir misalıdır:

Ümmü Eymən (r.anha) Peyğəmbərimiz (s.ə.s)-in dayəsi idi. Peyğəmbərimiz (s.ə.s) yüksək vəfa duyğusu səbəbilə onu ziyarət edər, hal-əhvalını xəbəb alar və ona hörmət göstərərdi. Allah Rəsulu (s.ə.s)-in vəfatından sonra Həzrət Əbu Bəkr Həzrət Ömərə:

“- Gəl Allah Rəsulunun yaxını olan Ümmü Eyməni ziyarətə gedək, Rəsulullahın etdiyi kimi biz də onun hal-əhvalını xəbər alaq.” dedi.

Ümmü Eymən (r.anha)-nın yanına gəldikdə o, ağlamağa başladı. Onlar bu ziyarətləri ilə Allah Rəsulunu xatırladaraq Ümmü Eymənin dərdini təzələdiklərini düşündülər və:

“- Nə üçün ağlayırsan? Allah gərgahındakı nemətlərin Peyğəmbərimiz (s.ə.s) üçün daha çox xeyirli olduğunu bilmirsən?” dedilər. Ümmü Eymən:

“- Mən ona görə ağlamıram. Əlbəttə, Allah dərgahındakı nemətlərin Rəsulullah (s.ə.s) üçün daha xeyirli olduğunu bilirəm. Ancaq mən vəhyin kəsildiyinə görə ağlayıram.” dedi.

İlahi vəhyə həsrətlə dolu olan bu sözləri ilə Həzrət Əbu Bəkri və Həzrət Öməri də hüznləndirdi. Onlar da Ümmü Emənlə birlikdə ağladılar. (Müslim, Fədailus-Sahabə, 103)

Səhabeyi-kiramın Qurani-Kərimə bəslədiyi məhəbbət beləcə misilsiz idi. Onlar Quranın qiymətini, necə oxunmasını və necə hörmət göstərilməsini şəxsən Peyğəmbərimiz (s.ə.s)-dən öyrənmişdilər. Ona görə də Qurandan fərqli şəkildə istifadə halında idilər. Quranı çox oxuyar, onu oxumadıqları və səhifələrinə baxa bilmədikləri bir günün olmasını istəməzdilər. Günlərini Quran ilə başlayar, gözlərindən şikayəti olanlara da Qurani-Kərimə baxmağı tövsiyə edərdilər. (Bax: Heysəmi, VII, 165)

Həzrət Ömər (r.a) bir gecə Qurani-Kərim oxuya bilməmişdi. Ertəsi gün Allah Rəsulu (s.ə.s) ona:

“Ey Xəttab oğlu, Allah təala sənin haqqında bir ayə endirdi.” buyurdu və:

(Allahın qüdrətini həmişə) yada salmaq və (nemətlərinə) şükür etmək istəyənlər üçün gecəni və gündüzü bir-birinin ardınca gətirən də Odur!” (əl-Furqan, 62) ayeyi-kəriməsini oxudu. Sonra da belə buyurdu:

“Gecə vaxtı tərk etdiyin nafilə ibadətləri gündüz, günorta tərk etdiklərini də gecə yerinə yetir.” (Razi, XXIV, 93, əl-Furqan, 62 təfsirində)

 

QURAN ƏZİZDİR, İZZƏT BƏXŞ EDƏR

Nafi bin Abdil-Haris, Usfanda Həzrət Ömərlə rastlaşır. Ömər (r.a) onu Məkkəyə vali təyin etdiyi üçün:

“- Məkkəlilərə başçı (sənin vəkilin) olaraq kimi qoydun?” deyə soruşdu. O:

“- İbn Əbzanı!” dedi.

Həzrət Ömər (r.a):

“- İbn Əbza kimdir?” dedi. Nafi:

“- Azad etdiyimiz kölələrdəndir.” dedi.

Həzrət Ömərin təəccüblə soruşduğu:

“- Öz yerinə azad etdiyin bir köləni qoymusan?” sualına Nafinin verdiyi cavab çox ibrətamizdir:

“- O, Allahın Kitabını oxuyur (yaşayır, tətbiq edir) və əmrlərini də yaxşı bilir.”

Bu cavaba heyran qalan Həzrət Ömər belə deyir:

“- Rəsulullah (s.ə.s): “Allah bu Quran ilə bir sıra insanların qiymətini yüksəldir, bəzi şəxsləri də alçaldır.” buyurmuşdu.” (Müslim, Müsafirin, 269) 

Möminin və cəmiyyətin rifahı Quran və onun tətbiqatı olan Sünnənin həyatın hər mərhələsinə əks etdirilməsi ilə meydana gələr. Quran möminin daxili və zahiri dünyasını fərəhləndirən bir nurdur. Hikmətlər, ibrətlər, dərslərlə dolu bir nəsihət və moizədir. Haqqa aparan yeganə rəhbərdir. Quranın ayələri tarixi mənbələrə işıq saçan, müəmmaları açan, dünya və axirət həyatının səadət baharını yaşadan möcüzələr ölkəsidir.

Həmçinin Qurani-Kərim bizə keçmiş zamanların, keçmiş millətlərin ibrətli misallarını anladaraq hikmətlər yağdırmaqda, istiqbalımıza aid bir çox həyati və ictimai dərslər verməkdədir. Fani həyatda olan ruhlara nicat üfüqləri göstərən, çarəsizlərə şəfa resepti verən ilahi hikmət əczəxanasıdır.

Həmçinin Quran Rəbbimizin möcüzəvi xitabıdır. Kainatdakı əsma təcəllilərinin kəlamdakı təzahürüdür. Lakin onun nurunu almaq və həqiqətlərindən faydalanmaq, ancaq təmiz bir qəlb ilə mərifətullahdan nəsib almış möminlərə məxsusdur.

Hansı qəlb Quranın nuru ilə daha çox aydınlanmışsa, Haqq dərgahında o qəlb daha mötəbərdir. Peyğəmbərimiz (s.ə.s) də Quran əhli olanları hər xüsusda üstün tutar, onlara layiq olduqları dəyəri verərdi. Belə ki, Təbuk Səfərinə çıxarkən Nəccar oğullarının bayrağını Ümarə bin Həzmə vermişdi. Lakin Zeyd bin Sabiti gördükdə, bayrağı Ümarədən alaraq ona verdi. Ümarə (r.a):

“- Ya Rəsulallah! Mən nə isə səhv bir işmi gördüm, mənə hirsləndinizmi?” deyə soruşduqda Peyğəmbərimiz (s.ə.s) belə buyurdu:

“- Xeyr! Vallahi sənə hirslənmədim! Ancaq siz də Quranı üstün tutun. Zeyd Quranı səndən daha çox əzbərləyib. (Səndən daha çox Qurana aşinadır.) Burnu kəsik zənci kölə olsa belə, Quranı daha çox əzbərləyən (canlı Quran olan) şəxs, başqalarından üstündür!” (Vaqidi, Məğazi, Beyrut 1989, III, 1003)

Osman bin Əbil-As (r.a) belə nəql edir:

Qəbiləmizin təmsilçisi olaraq Rəsulullah (s.ə.s)-in yanına getmişdik. Yoldaşlarım arasında Quranı öyrənmə xüsusunda ən çox həvəsli olan mən idim. Bəqərə surəsini öyrəndiyim üçün onlardan daha çox Quran bilirdim. Ona görə də Rəsulullah (s.ə.s) mənə belə buyurdu:

“- Yoldaşların arasında yaşca ən kiçik olmana baxmayaraq, səni onlara əmir təyin etdim. Təmiz olmadığın müddətcə Qurana toxunma!” (Heysəmi, I, 277)

Uhud döyüşündə Ənsar:

“-Ya Rəsulallah! Şəhidlərimiz çoxdur. Onları necə dəfn etməyimizi buyurursunuz?” dedikdə, Peyğəmbərimiz (s.ə.s) dərin və geniş qəbirlər qazılaraq şəhidlərin bir qəbirdə iki-iki, üç-üç dəfn edilməsini əmr etdi. Səhabələr qəbirlərə əvvəlcə hansı şəhidin qoyulacağını soruşdular. Peyğəmbərimiz:

“- Ən çox Quran biləni əvvəl qoyun!” buyurdu. (Nəsai, Cənaiz, 86, 87, 90, 91)

Allah Rəsulu (s.ə.s)-in Quran əhlinə necə hörmət göstərdiyinə dair misalları artırmaq mümkündür. Biz də ümməti-Məhəmməd olaraq Qurani-Kərimi əziz tutmaq, onu göbəkdən aşağı tutmamaq məcburiyyətindəyiksə, Quranı qəlbində daşıyan, yəni canlı bir Quran olan həqiqi həfizləri və Quran əhli olanları da eləcə əziz tutmaq və başımızın tacı etmək məcburiyyətindəyik. Çünki onlar hər iki cahanda da ilahi rəhmət səbəbidirlər.

 

ALLAHA YAXIN OLANLAR – ƏHLİ-QURAN

Rəsulullah (s.ə.s):

“- Şübhəsiz insanlardan Allaha yaxın olanlar var!” buyurmuşdu.

Əshabi-kiram:

“- Ey Allahın Rəsulu! Onlar kimlərdi?” deyə soruşduqda, Peyğəmbərimiz (s.ə.s):

“- Onlar Quran əhlidir. Allah əhli və Allahın xas bəndələridir!” deyə cavab verdi. (İbn Macə, Müqəddimə, 16)

Şübhəsiz ki, kainatın Xaliqi Allah təalaya yaxınlıqdan daha böyük bir şərəf və bəxtiyarlıq yoxdur. Bu bəxtiyarlığa layiq ola bilmək Quran xadimi olmağa bağlıdır. Yəni Quranı düzgün oxumağı bilmək, onun məna iqliminə girmək, təfəkkür dərinliyinə dalıb lazımi ibrətləri alaraq onun göstərdiyi istiqamətdə getməklə mümkündür. Belə bir kamilliklə Quran əhli ola bilən möminlərə Haqq təalanın misilsiz lütf və ehsanları var.

Belə ki, Haqq dostu Mahmud Sami Ramazanoğlu (q.s) Adanada bu xüsusiyyətdə vəfat etmiş bir hafizin 30 il sonra yeni yol salınması ilə əlaqədar olaraq qəbrinin açıldığını, ancaq o şəxsin cəsədinin heç dəyişməmiş olduğunu, hətta kəfəninin belə, par-par parıldadığını şəxsən müşahidə etdiyini nəql etmişdir.

Hədisi-şərifdə buyurulduğu kimi Haqq təala həqiqi Quran əhlinin cəsədini xarab etməməyi yer üzünə vəhy etmişdir. (Bax: Deyləmi, I, 284/1112; Əli əl-Müttəqi, I, 555/2488)

Məhz Qurani-Kərim ilahi təlimatlara uyğun olaraq yaşayanların dilində və könlündə tamam başqa bir lətafət, zəriflik, incəlik, gözəllik və feyzlər təcəlli etdirdiyi kimi qəbirdə, məhşərdə və mizanda da səadət bəxş edər.

Mühyiddin Arabi (q.s) belə nəsihət edir:

“Quranı çox oxumalı və mənasını düşünməlisən. Oxuyarkən Allahın sevdiyi bəndələrini vəsfləndirdiyi gözəl adlara diqqət et və onlarla vəsflən! Quranda qınanan, Allahın qəzəbinə uğrayanların vəsfləndiyi o mənfur sifət və xüsusiyyətləri də gör və onlardan uzaq ol! Çünki Allah kitabında bunları, ancaq əməl etməyin və ya uzaq olmağın üçün zikr etmişdir. Ona görə də Quran oxunduğu zaman onu yaxşı dərk etmək üçün Quranla ol!”

Yəni Qurandan lazımi feyz və ruhaniyyəti ala bilməyin üçün, onu oxuyarkən qəlbin qafil olmaması lazımdır. Quran qəlblə oxunar. Gözün vəzifəsi qəlbə bir növ eynək ola bilməkdir. İstər savadlı, istərsə savadsız bütün möminlər eyni rəhlə önündə diz çöküb Quran oxuyar, lakin hər kəs öz qəlbi səviyyəsinə görə ondan bir nəticə alar.

Haqq təala Qurani-Kərim xüsusunda qəflətə düşənlərlə, onun feyzindən gözəl şəkildə istifadə edənləri belə bəyan edir:

“Sonra Kitabı bəndələrimizdən seçdiklərimizə (Məhəmməd ümmətinə) miras verdik. Onlardan kimisi özünə zülm edər (pis əməlləri yaxşı əmələrdən çox olar), kimisi mötədil (pis əməlləri ilə yaxşı əməlləri bərabər) olar, kimisi də Allahın izni ilə yaxşı işlərdə (başqalarını ötüb) irəli keçər (yaxşı əməlləri pis əməllərindən çox olar). Bu (Kitaba varis olmaq) böyük lütfdür!” (əl-Fatir, 32)

Yəni insanların kimisi Quran tilavət etdiyi halda oxuduqları böğazından aşağı enməz, yəni qəlbində əksini tapmaz və əməllərinə sirayət etməz. Beləliklə də nəfsinə zülm edər, ən böyük neməti hədər edər. Kimi orta yoldadır, gah əməl edər, gah tərk edər. Kimisi də Quranın feyz və ruhaniyyətilə xeyirdə məsafə qət edər.

Qurandan layiqincə feyziyab ola bilmək üçün bədəni təmizlik qədər qəlbi təmizliyə də riayət edilməlidir. Əks təqdirdə qəlbi xəstəliklər insanın Quranla düzgün bir şəkildə yaxınlıq etməsinə mane olar. Ona görə də Həzrət Osman (r.a):

“Əgər könüllər mənəvi kirlərdən (nəfsani müsibətlərdən və qəlbi xəstəliklərdən) təmiz olsaydı, Quranın zövqünə əsla doymazdı.” -buyurmuşdur.

Haqq dostu Mövlana həzrətləri də belə deyir:

“Quranın mənasını, ancaq arzu və istəklərini oda atıb kül etmiş, beləcə Quranın qarşısında əriyib qurban olmuş və ruhu Quran kəsilmiş kimsələr anlayar.”

Yəni Qurani-Kərim öz sirlərini qatılıqdan uzaq və nuraniliyə bürünmüş bir qəlbə bəyan edər. Bu səbəbdən təqva ölçülərilə zərifləşmiş qəlblə Qurana yönəlmək lazımdır. Çünki Haqq təala:

“...Allahdan qorxun! Allah (ehtiyacınız olan şeyləri) sizə öyrədir!..” (əl-Bəqərə, 282) -buyurur.

Unutmamaq lazımdır ki, Qurani-Kərim bir faninin əsəri deyil, Kainatın Xaliqinin bəndələrini dünya və axirət səadətinə çatdırmaq üçün lütf etdiyi hidayət rəhbəridir. Ona görə də Qurani-Kərimdən layiqilə istifadə etmək üçün Mushafi-Şərifin qapağı hörmət, təzim və ədəb duyğuları ilə açılmalı, insanlara Rəhman olan Haqq təalanın öyrətdiyi şüurla və sanki yeni nazil olur düşüncəsi içində şövqlə oxunmalıdır.

 

ALLAH İLƏ DANIŞIRMIŞ KİMİ

Qurani-Kərim bəşəriyyət üçün Rəhmani sədaları eşitməyin, ilahi əsintini ruhunda hiss etməyin və hələ bu dünyada ikən Allah ilə söhbət etməyin ən feyzli yoludur. Təfəkkür, tərtil və ədəblə Quran oxumaq Allah ilə danışmaq kimidir. Peyğəmbərimiz (s.ə.s) bu haqda belə buyurmuşdur:

“Sizdən biri Rəbbi ilə münacat və mükaliməni (Ona yalvarıb Onunla danışmağı) sevərsə, qəlbi rahatlıqla Quran oxusun.” (Suyuti, I, 13/360)

Qurandan layiqilə istifadə edə bilmək üçün ona ürək açmaq lazımdır. Əks halda bərəkətli yaz yağışlarının yağdığı qayalara heç bir faydası olmadığı kimi, istifadə qapıları bağlanmış qəlblərə də Qurandan bir fayda hasil olmaz. Əksinə Quran belə kimsələrin ziyan və zəlalətini daha da artırar. Çünki Quranın rəhməti və hidayət ilə tanış olmayanlar, böyük bir xüsrana düçar olarlar. Belə ki, tabiun nəslinin məşhur müfəssirlərindən Qatadə deyir ki:

“- Qurani-Kərim oxuyanlar ya qazanc əldə edərlər, ya da zərər. Ayeyi-kərimədə belə buyurulur:

“Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır.” (əl-İsra, 82)

Ona görə də Quran oxunarkən ona qarşı kor və kar davranmamaq lazımdır. Quranın ruhaniyyətindən nəsib alan Haqq dostlarının halını ayeyi-kərimə belə izah edir:

“Möminlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.” (əl-Ənfal, 2)

Ümmətinin Qurani-Kərim ilə necə və nə cür maraqlandığının və özünün bu xüsusda sorğu-suala çəkiləcəyi təlaşı içində olan Peyğəmbərimiz (s.ə.s) buna görə ən çox Quran tələbələri olan əshabi-süffə ilə məşğul olurdu. Aclıq və yoxsulluq zamanlarında belə, qarnına daş bağlayıb onlara Quran öyrədirdi.

Abdullah bin Məsud (r.a) əshabi-süffə tələbəsi idi. Orada Rəsulullah (s.ə.s)-in yanında yetişmişdi. Deyərdi ki:

“Bizə Allah Rəsulundan elə hallar əks etdi ki, bağazımızdan keçən loğmaların zikrini duyurduq.” (Buxari, Mənaqib, 25)

Peyğəmbərimiz (s.ə.s)-in Quranı təlim etmə xüsusundakı səylərini nümunə götürən səhabə nəsli də Mədinəni Quran ustadları ilə doldurmuşdu.

 

QURANA QARŞI MƏSULİYYƏTLƏRİMİZ

 

Qurani-Kərim Allah təala tərəfindən göndərilən dörd səmavi kitabın sonuncusudur. Rəbbimizin bəşəriyyətə son çağırışı və son mesajıdır. Haqq təala göndərdiyi kitablardan yalnız Qurani-Kərimi qiyamətə qədər qoruyacağını söz vermişdir. Ona görə də bir hərfi belə, dəyişmədən əslini qoruyan yeganə ilahi kitab Qurani-Kərimdir. Bu mənada bizim əsl məsələmiz Haqq təalanın bu əhdinə nə qədər səbəb ola bildiyimizdir. Halımızı gözdən keçirməliyik:

Qurani-Kərim ilə nə qədər ünsiyyətdəyik? Onu nə qədər duyğu dərinliyi içində oxuya bilirik? Peyğəmbərimizin və əshabının Qurani-Kərim qarşısında duyduğu həyəcanı nə qədər hiss edə bilirik?

Qurani-Kərimi həyatımızın hər mərhələsinə əks etdirə bilirikmi? Ailə həyatında, qonşuluq və qul haqlarında, ticarət həyatında onu nə qədər özümüzə ölçü edirik? Özümüzü dövrün və cəmiyyətin gedişatından nə qədər məsul görürük?

Uşaqlarımıza əsas təhsil olan Allah təalanı tanıma təhsilini verə bilirikmi? Quranı könüllərə daşıma, onunla istiqamətləri düzəltmə xüsusunda nə qədər səy göstəririk?

 Unutmayaq ki, iki cahan səadəti, ilahi bir əmanət olan övladlarımızı Quran mədəniyyətindən nəsibləndirməklə mümkündür. Ən mərhəmətli valideyn övladını Quran tərbiyəsi ilə əsl istiqbal olan axirətə hazırlayan ata-analardır. İnsanın övladına verə biləcəyi ən böyük hədiyyə gözəl bir tərbiyədir.

Quranın sonsuz məna kövsərindən özü dadmadığı üçün övladına da daddırmayan ata-analar böyük bir vəbal altındadırlar. Çünki mənəvi təhsil xüsusunda cahil qalan, Quran və Sünnənin ruhaniyyəti ilə tərbiyə edilməyən övladlar qiyamət günü ata-analarından şikayətçi olacaqlar.

Quran öyrənmək üçün xüsusən yay tətilləri çox yaxşı fürsətdir. Övladlarımızı Qurandan məhrum etməmək üçün əlimizdən gəldiyi qədər səy göstərməliyik.  

Övladlarını Quranın feyz və ruhaniyyəti içində tərbiyə edərək Quranın və Rəsulullah (s.ə.s)-in şəfaətinə nail edən valideyn necə də xoşbəxtdir!..

Rəbbimiz Qurandan nəsibsiz qalmaq səbəbilə xarabalığa dönən qatı qəlblərin ağır yükünü daşımaqdan bizi mühafizə etsin. Bizi Quranın şəfa, hidayət və rəhmətilə qovuşub fərəhlə ilahi vüslətə doğru tələsən bəndələrindən etsin!..

Amin!

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz