Belə Ölümü Kim İstəməz? /
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.
Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” (Ali-İmran, 169-170 ) ayəsini bir çoxumuz dəfələrlə oxumuş və ya dinləmişik. Lakin bu ayələrin hansı hadisə səbəbilə nazil olduğunu bir o qədər də bilmirik.
Bu ayələrin nazil olmasına səbəb təşkil edən hadisənin nə olduğunu öyrəndikdə kaş ki, mən də o dövrdə yaşasaydım, kaş ki, onun yerinə şəhid olan mən olsaydım deyəcəyinizdən əminəm.
Cabir bin Abdullah (r.anhumə) belə demişdir:
“Uhud hərbindən əvvəlki gecə atam məni yanına çağırdı və:
“Rəsulullah (s.ə.s)-in səhabələrindən ilk şəhid ediləcək adamın özüm olacağımı düşünürəm. Rəsulullahdan sonra mənim üçün geridə qoyacağım ən qiymətli adam sənsən. Borclarım var, onları ödə. Qardaşlarınla daima yaxşı rəftar et.” –dedi.”
Başqa bir rəvayətə görə bu iman həyəcanını oğluyla da paylaşma arzusunu belə dilə gətirdi:
“Cabir!, evdə himayəyə möhtac qızlar olmasaydı, sənin də şəhid olmağını istəyərdim!..”
Cabir (r.a) sözünün davamında deyir ki:
“Ertəsi gün ilk şəhid olan adam atam idi. Başqa bir şəhidlə birlikdə onu dəfn etdim. Sonra onu başqa bir yerə tək dəfn etmək istədim. Aradan altı ay keçmişdi. Onu məzardan çıxardım. Gördüklərimə inana bilmirdim. Qulağının bir hissəsi xaric bütün vücudu qəbrə dəfn etdiyim günkü kimi idi. Onu tək dəfn etdim.” (Buxari, Cənaiz, 78)
Hz. Cabir başqa bir rəvayətdə belə buyurur:
Bir dəfə hüznlü halda Rəsulullah (s.ə.s)lə qarşılaşdım. Məndən hüznümün səbəbini soruşdu. Belə cavab verdim:
“- Atam Uhudda şəhid oldu. Arxada himayəyə möhtac böyük bir ailə və xeyli borc qoydu.” (Buxari, Cihad, 49)
“- Allahın atanı necə qarşıladığını xəbər verimmi?” –buyurdu. Mən də “Bəli” cavabını verdikdə sözünə belə davam etdi:
“Allah heç kimlə üz-üzə danışmaz, daima pərdə arxasından danışar. Ancaq atanı diriltdi və onunla arada heç bir pərdə olmadan üz-üzə danışdı.
“Ey bəndəm, nə istəyirsənsə de, verim!” –buyurdu. Atan:
“- Ey Rəbbim, məni dirilt, Sənin yolunda yenə şəhid olum!” –dedi.
Allah təala:
“Amma Mən daha əvvəl ölənlərin artıq dünyaya geri dönməyəcəklərinə hökm etdim.” [Tirmizi,Tefsir,3/3010]
Atan da:
“Ey Rəbbim, elə isə (mənim halımı) arxamda qalanlara bildir!” –dedi. Onun bu arzusuna görə bu ayə nazil oldu:
“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər.” (Ali-İmran, 169-170) (İbn Macə, müqəddimə, 13/190)”
Nə deyirsiniz?
Cabirin atası Abdullah (r.a)-ın yerində olmaq istəməyən bir müsəlman varmı görəsən? Çox özəl bir hal... Çox ekstra bir rəftar... Sizin haqqınızda bir ayə nazil olmuş... Həm də şəhadətinizdən sonra Rəbbinizlə birbaşa görüşmüsünüz... Diləyinizi çatdırmısınız... Arxada qoyduqlarınız sizdən xəbərdar olmuş... Müsəlmanların imanlarının kim bilir nə qədər artmasına səbəb olmusunuz... və belə bir hal Adəm övladından yalnız sizə qismət olmuş... çox böyük xoşbəxtlik deyilmi?
Bu ölüm arzu edilən ölüm deyilmi?
ŞƏRHLƏR