Nəslin Qorunmasinda Ailənin Rolu
Nəslin qorunmasının ilk şərti ailənin sağlam təməllər əsasında qurulmasıdır. Çünki güclü cəmiyyətlər güclü ailələrdən meydana gəlir. Güclü ailələrin təşəkkülü də daha çox milli-mənəvi dəyərləri qoruyub saxlayan və bunu ailə içindəki həyat tərzinə əks etdirərək nəsildən-nəslə ötürməklə olur.
Qloballaşan müasir dünyamızda qarışıq cəmiyyətlərin fərqli təsəvvürləri, qeyd etdiyimiz ailə məfhunun sosial baxımdan aşınmasına və təbii axarından yayınmasına yol açır. Bu baxımdan milli və mənəvi dəyərlərə sadiq qalmaq əksər ölkələrin inkişaf planlarının əsaını təşkil edir ki, bunun məqsədi yenə ailə müəssisəsini xarici təsirlərdən qorumaqdır.
Keçmişə nəzərən sürətlə dəyişən müasir ailə tipi heç də qənaətbəxş hesab edilmir. Çünki “sponsor ata” anlayışı ilə, serial vurğunu analar əlində yetişən uşaqlar hüdayi-nabit* xarakteri daşıyır. Bir ərəb şeirində bunun təsəvvürü belədir: “Sən övladına tərbiyə verməzsən küçələr verər.” Bu günün uşaqları gələcəyin ailəsi olacağına görə, bü gündən bir şey ala bilməyən bu kimi gənclərin gələcəyə nə aparacağı məlum məsələdir.
Xalqların mənəvi dəyərlərini məhz, keçmişinə və ya mənsubu olduğu dini təsəvvürlərinə bağlayan mütəfəkkirlərin fikrincə adətlər dinin məhsuludur. Buna görə danılmaz bir həqiqətdir ki, ailənin möhkəmliyi dini təsəvvürlərlə düzmütənasibdir. Nəsli qorumaq üçün ailəni, ailəni qorumaq üçün dini, dini qorumaq üçün də onun dirəyi olan namazı qorumaq lazımdır.
Bunun həqiqət cəhətini müqəddəs kitabımız Qurani-Kərimdə rahat görmək olar. Belə ki, peyğəmbərlərin ümməti ilə yanaşı, həm də öz ailələrinə etdiyi dualar arasında namazın qorunması tələbi həm də nəslin qorunması baxımından əhəmiyyət kəsbedici faktordur. Həzrət İbrahimin nəslinə, Həzrət İsmayıl da əhlinə bunu əmr etmişdir. (Bax: İbrahim, 40; Məryəm, 55)
Ən əsası, Haqq təala böyük müsibətlərin namazı tərk etməklə başlandığını, bunun kiçik məsələ olmadığını belə buyurmuşdur: “Bunlar Adəmin və Nuhla gəmiyə mindirdiyimiz adamların nəslindən, İbrahimin, İsrailin (Yəqubun) nəslindən seçib haqq yola yönəltdiyimiz və Allahın nemət bəxş etdiyi peyğəmbərlərdəndir. Onlar Rəhmanın (Allahın) ayələri özlərinə oxunduğu zaman ağlayaraq səcdəyə qapanırdılar. [İdris Adəmin, Nuh İdrisin, İbrahim Nuhun (və ya Nuhun gəmisində olanlardan birinin), İsmail, İshaq, Yəqub İbrahimin nəslindən, Musa, Harun, Zəkəriyya və İsa isə Yəqubun nəslindən olan peyğəmbərlərdəndir]. Onların ardınca namazı tərk edən, şəhvətlərinə uyan bir nəsil gəldi. Onlar (Cəhənnəmdəki) Fəyy dərəsinə düşəcəklər. (Yaxud, onlar da öz əməllərinin cəzasını alacaqlar).” (Məryəm, 58-59)
Ayələrdən də görünür ki, mənəvi dəyərlərin qorunub saxlanmasında əsas meyar namazdır. Müqəddəslər mənzuməsinin zirvə daşıdır. Ən möhkəmin, ən səhihin, ən sağlamın, ən düzgünün zəmanət qıfılıdır.
Odur ki, bu ülvi nemətlə yoğrulmuş nəslin özü, xalqımızı aydın gələcəyə daşıyacaq ən böyük dəyərdir. Onu çovğundan, borandan, qardan və qışdan qorumaq və mənəviyyatla bəzəmək hər bir möminin ən ümdə məsuliyyətidir.
“Rəbbimiz! Nəzdindən bizə tərtəmiz bir nəsil ver. Şübhəsiz sən duaları qəbul edənsən!”, “Rəbbimiz! Bizi və nəslimizi sənə təslim olanlardan qıl!”, “Rəbbimiz! Məni və nəslimi namaza daim olanlardan eylə!”, “Nəslimdən gələnləri saleh eylə!”, “Rəbbimiz! Bizə gözümüzü nurlandıracaq eşlər və nəsillər ehsan eylə!” Amin!
ŞƏRHLƏR