Sərvətimizə Biganə Qalmayaq

Sərvətimizə Biganə Qalmayaq

Dünyada saysız-hesabsız kitab mövcuddur. Dünyanı bəzəyən bu kitabların hər birinin içində bir xəzinə var. Bu xəzinəni yanlız kitabları oxumaqla əldə etmək mümkündür.

Elm inkişaf etdikcə texnologiyanın gücü artaraq get-gedə dünyaya hakim olur.  Beləliklə kitab insanların nəzərində texnika ilə müqayisədə öz dəyərini yavaş-yavaş ititməyə başlayır. Kitabın öz dəyərini, öz mahiyyətini, öz keyfiyyətini itirməsi, həqiqətən, çox acınacaqlı haldır.

Bir vaxtlar kitaba müqəddəs əşya kimi baxırdılar. Kitab əldə etmək üçün var-dövlətini sərf edənlər olurdu. Bu günsə kitab oxumağa həvəs demək olar ki, qalmayıb.

Günümüzdə yüzlərlə televiziya kanalları və bu kanallarda yayımlanan cürbəcür əyləncəli verilişlər, insan şüuruna mənfi təsir edən kliplər, ən əsası da bir çox xarici seriallar, bütün bunların hamısı insanları kitabdan uzaqlaşdırır, onları kitaba qarşı biganə qalmağa məcbur edir. Təbii ki, bütün günahların hamısını televiziya və telekanalların üstünə atmaq düzgün olmaz. Əgər televiziya verilişləri insana humanizmi, əxlaqi keyfiyyətləri, təmiz ideyanı, ülvi sevgini, elmi və s. kimi mənəvi dəyərləri təlqin edirsə, bu yaxşı haldır. Televiziya da, texnologiya da xalqa xidmət etməlidir, xalqın mənəvi təfəkkürünü artırmalıdır, xalqın ehtiyacını qarşılamalıdır, xalqın milli-mənəvi dəyərlərinə, dini etiqadına, adət-ənənəsinə hörmətlə yanaşmalıdır.

Bu gün internetdən istifadə edənlərin sayı çoxdur. Ancaq gəlin düşünək, bunların neçəsi internetdən faydalı istifadə edir? İnternetdən məlumatlanmaq kitab oxumağa mane olmur ki? Bizim xalqımız dahi yazıçılar yetişdirmiş xalqdır. Buna görə də kitaba biganə qala bilmərik. Qoy, hər kəs etiraf etsin ki, kitab oxumaq günümüzün əsas zəruri məsələlərdən birinə çevrilmişdir.

Kitab elmin mənbəyini təşkil edir. Kitabsız bəşəriyyət bugünkü nailyyəti əldə edə bilməzdi. Bütün elmi tərəqqimizin məhsulu kitaba bağlıdır.

Ümidvarıq ki, bütün bu problemlər öz həllini tapacaqdır. İnkişafda olan dövlətimiz heç vaxt bunu öz diqqətindən yayındırmır. Ümidvarıq ki, kitab oxumaq hər bir kəsin əsas amalına çevriləcəkdir. Hamı kitab bir-bir ilə oxumaq yarışına girişəcəkdir.

 

İlham Sovqatov

Bakı İslam Universiteti

Zaqatala şöbəsinin I kurs tələbəsi

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz