Mömin Ol, Arı Kimi Ol!

Mömin Ol, Arı Kimi Ol!

Allah təala peyğəmbərlərə ilahi təlimatlarını vəhy edib ona uyğun davranmalarını və bunu insanlara təbliğ etmələrini istədiyi, peyğəmbərlərin də Allahın bu əmrinə etirazsız və qeyd-şərtsiz itaət etdikləri kimi, yaratdığı məxluqata da kainatdakı nizam baxımından üzərinə düşən vəzifələrini yerinə yetirmələrini vəhy etmişdir. Bunlardan biri də Qurani-Kərimdə yer alan bal arısıdır ki, Haqq təala ona da vəhy etdiyini bəyan edir:

“Rəbbin bal arısına belə vəhy (təlqin) etdi: "Dağlarda, ağaclarda və (insanların) qurduqları çardaqlarda (evlərin damında, üzümlüklərdə) özünə evlər tik (pətəklər sal); Sonra bütün meyvələrdən ye və Rəbbinin sənə göstərdiyi yolla rahat (asanlıqla) get! (Və ya: "Rəbbinin yollarını itaətlə tut!") (O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şühəsiz ki, bunda düşünüb dərk edənlər üçün bir ibrət vardır!” (ən-Nəhl, 68-69)

Bu elə bir vəhydir ki, Rəbbi nə buyursa qeyd-şərtsiz itaət edər. İlk öncə dağlarda, ağaclarda və evlərin damında bal düzəldəcək pətəkləri inşa edər. Diqqəti cəlb edən xüsus budur ki, arı içinə bal yığacağı pətəkləri bərabər şəkildə altıbucaqlı formada düzəldər. Bir-biri ilə eyni olan bu gözcüklər o qədər mükəmməldir ki, insanın bunu xətkeşsiz, pərgarsız düzəltməsi mümkün deyil. Əgər onlar altıbucaqlı yox üçbucaq, beşbucaq, yeddibucaq kimi başqa həndəsi fiqur şəklində olsaydı, gözcüklərdə işə yaramayan boşluqlar qalardı. Yalnız altıbucaqlı olduğu zaman gözcüklər arasında heç bir boşluq qalmır. Məhz arı ilahi elm və qüdrətin sövqü ilə ən uyğun olanı seçib düzəldir.

Həmçinin arı Rəbbinin əmri ilə hər cür çiçəkli bitkilərə və ağaclara qonar, onların özəyindən qidalanar. Sonra o çiçəklərdən topladığını pətəyinə bal olaraq gətirər. Arılar bal istehsal edərkən öz aralarında çox maraqlı bir sistem qururlar. Bu sistemin bəzi xüsusiyyətləri öyrənilmişdir. Məsələn, arılar arasında bir başçı var. Aralarında ən böyük olan başçı arı digərlərinə hökm edər. Bütün arılar uçarkən və qonarkən başçıya tabe olarlar. Həmçinin arılar yuvadan cəm halda gedərlər. Arıçılar arıları əvvəlki yuvalarına qaytarmaq üçün dəf çalar, çığırıb-bağırar, ilahilər oxuyarlar. Bu səslərə, nəğmələrə uyan arılar əvvəlki yuvalarına qayıda bilərlər. Son tədqiqatlar nəticəsində arıların əsasən günəşin istiqamətindən istifadə edərək yönlərini nizamladıqları, eləcə də küləyin əsmə istiqaməti və dünyanın cazibə qüvvəsi kimi başqa imkanlardan faydalandıqları da təsbit edilmişdir. Bundan başqa arılar pətək üzərində dairəvi və ya səkkizvarı uçuşaraq bir-birilərinə yolu tərif edər, çiçəklərin olduqları yerlər haqqında məlumat verər, bu məlumatları alan digər arılar bilmədikləri çiçək sahələrini asanlıqla tapar, geri qayıtdıqları zaman da “arı xətti” deyilən ən qısa yoldan istifadə edərlər.

Arıdan çıxan bal qırmızı, ağ, sarı, qatı və ya duru formalarda müxtəlif rəng və şəkildə olur. Bu isə daha çox arının yaşadığı bölgəyə, topladığı çiçəklərin xüsusiyyətlərinə görə dəyişir. Bal insan sağlamlığına çox faydalı və şəfaverici bir qidadır. Balın vücuda şəfa verdiyini tibb təsdiq etmişdir. Rəsulullah (s.ə.s)-in bu haqda tövsiyələrindən bir belədir:

“Sizə bu iki şəfa qaynağını tövsiyə edirəm: Bal və Quran.” (İbn Macə, Tibb, 7)

Bir adam Həzrət Əlinin yanına gələrək hafizəsindən şikayət etdi. Həzrət Əli (r.a) ona:

 “- Ailən var?” dedi. O da:

“- Bəli!” deyə cavab verdi. Bundan sonra Həzrət Əli (r.a) ona belə tövsiyə etdi:

“- Xanımına de ki, könül rizası ilə mehrindən sənə iki dirhəm versin. Onunla süd və bal al. Yağış suyu ilə şərbət düzəlt. Onu acqarına iç. Ümüdvaram ki, hafizən qüvvətlənəcək.”

Həzrət Əlinin bu sözü haqda Həsən bin Fəzldən soruşulduqda, belə cavab verdi:

“O, bunu Allah təalanın bu ayələrinə istinadən demişdir: Qurani-Kərimdə su haqda “Biz göydən bərəkətli su endirdik” (Qaf, 9), süd haqda “Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içirdirik. O, içənlərin boğazından rahat keçər.” (ən-Nəhl, 66), bal haqqında: “(O arıların) qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar.” (ən-Nəhl, 69), mehir haqqında da: Onu halal olaraq, nuşcanlıqla yeyin!” (ən-Nisə, 4) buyurulur. Dolayısı ilə bərəkət, şəfa, boğazdan asanlıqla keçmə və xalis olma kimi vəsflər bir şeydə toplandığı zaman onun faydalı olmasında təəccüb edəcək bir şey yoxdur.” (Ruhul-Bəyan, V, 65-66)

İmam Məhəmməd bin Əli Tirmizi (q.s) belə deyir:

“Bal insan üçün şəfa olmuşdur. Çünki arı itaət edərək Allaha boyun əydi, öz şəhvətini tərk edərək dadlı, acı, sevilən və bəyənilməyən bütün meyvələrdən yedi. O, Allahın əmrinə boyun əydiyincə yediklərinin hamısı Allah üçün oldu və xəstəliklərə şəfa halına gəldi. Məhz bəndə də bunun kimi Allaha qarşı itaətkar olar və öz arzu-istəklərini tərk edərsə, sözü xəstə qəlblərə şəfa olar.”

İmam Qüşeyri (r.əleyh) möminlə arı arasında oxşarlığı  belə izah edir:

“Allah öz sünnəsini hər dəyərli şeyi xor görülən bir şeydə gizləməklə icra etmişdir. İpəyi heyvanların kiçik və zəifi olan ipəkqurduna vermişdir. Balı uçan heyvanların ən zəifi olan arıda; incini dəniz heyvanlarının ən vəhşisi olan sədəf deyilən heyvanda yaratmışdır. Qızıl, gümüş və firuzəni daşda gizlətmişdir. Məhz bunun kimi mərifət və məhəbbəti də möminlərin qəlbinə yerləşdirmişdir.” (Lətaiful-İşarət, II, 163)

Yaradılan hər canlının hərəkət və davranışları, ancaq Allahın hikməti və əzəli iradəsiylə ona öyrətməsi və ilhamı ilədir. Heyvanlar arasında xüsusilə arıya vəhy edildiyinin bildirilməsi, onun insana və xüsusilə də mənəvi tərbiyə yolunda olan insana bənzəməsi səbəbilədir. Bilindiyi kimi xalqdan uzaqlaşıb, yalnız Allaha yönəlmək üzrə dağlarda tənha qalmaq mnəvi tərbiyə görənlərin adətidir. Belə ki, Rəsulullah (s.ə.s) də peyğəmbərlikdən əvvəl Hira dağındakı mağaraya gedərək bir-iki həftə, hətta bir ay ibadətlə məşğul olurdu. Həmçinin belə insanların hallarından biri də qaldıqları yerlərin, üst-başlarının və yeyəcəklərinin təmiz olmasıdır. Təmizlik mövzusunda arı da belədir. Qarnındakını təmiz daşın və ya təmiz bir odunun üzərinə qoyar ki, palçıq və ya toz-torpaq ona toxunmasın. İnsanın qorunduğu kimi, o da kir-pasdan uzaq duraraq natəmiz yerlərə qonmaz. Bədənin meyvəsi saleh əməllərdir. Nəfsin meyvəsi riyazətlər, mücahidələr və arzu-istəklərə müxalifət etməkdir. Qəlbin meyvəsi dünyanı tərk etmək, axirəti tələb etmək və Mövlaya yönəlməkdir. Sirrin meyvəsi gizliliklərə aşina olmaq və Allaha yaxınlaşmaqdır. Məhz bütün bunlar ruhların qidalarıdır. Allah təala arıya: bütün meyvələrdən ye” buyurduğu kimi, mənəvi tərbiyə yolunda olanlara da beləcə: “Təmiz (halal) nemətlərdən yeyin və yaxşı işlər görün!” (əl-Muminun, 51) buyurmuşdur.” (Ruhul-Bəyan, V, 67)

 Bir Yunan filosofu tələbələrinə: “Pətəklərdəki arılar kimi olun” deyə tövsiyə etmişdir. Tələbələri: “Arılar pətəklərində necə olurlar?” deyə soruşduqda, belə cavab vermişdir: “Arılar öz yanlarında tənbəl birini saxlamaz, onu qovar və pətəkdən uzaqlaşdırarlar. Çünki pətək dardır, bal tükənir. Tənbəl yox, dinc olan işləyər.”

Rəsulullah (s.ə.s) belə buyurmuşdur:

“Mömin bal arısına bənzəyir. Təmiz olanı yeyər, təmiz olanı ortaya çıxarar, təmiz yerlərə qonar və qonduğu yeri nə qırar, nə də dağıdar.” (Əhməd, II, 199; Hakim, I, 147)

Peyğəmbər (s.ə.s)-in bu bəyanından ilham alan İbn Ömər (r.a) da arı ilə mömin arasında bu oxşarlıqların olduğunu bildirmişdir:

“Mömin arı kimidir, şirin yeyər və gördüyü iş də şirin olar. Onların oxşar cəhətləri var: Arının məharəti - anlayışı, zərərinin az, faydasının çox olması, pisliklərdən uzaq olması, yediyinin təmiz olması, başqasının qazandığından yeməməsi və əmrə itaət etməsidir. Arını işindən yayındıran afətlər var. Bunlar qaranlıq, havanın buludlu olması, külək, duman, su və oddur. Mömin də belədir: Onu da bəzi afətlər işindən yayındırır. Bunlar isə qəflət zülməti, tərəddüd və şübhə buludu, fitnə küləyi, haram dumanı, daşqınlıq suyu, kədər və üzüntü odudur.” (Ruhul-Bəyan, V, 65)

Xülasə, kainat bir ibrətlər sərgsi, mömin isə o sərgidə gəzən, araşdıran və ondan ibrət alan şəxsdir. O, baxdığı hər şeydə uca Allahın bir əzəmət təcəllisini və qüdrət axışını görər. Gördüyü hər şeydə özünün Allaha daha yaxın qul olmasına yardım edəcək dərslər çıxarar. Onun sükutu təfəkkür, sözü hikmət, baxışı ibrətdir. Məhz Həzrət Mövlana da hər şeyə o ibrət gözü ilə baxa bildiyi üçün, hər biri məxluqatdan insana əks edən bir hikmət bulağı olan bu gözəl tövsiyələri edir:

 “- Şəfqət və mərhəmətdə günəş kimi ol!

- Başqalarının qüsurlarını örtməkdə gecə kimi ol!

- Səxavət və comərdlikdə axar su kimi ol!

- Hiddət və qəzəbdə ölü kimi ol!

- Təvazökarlıqda torpaq kimi ol!

- Olduğun kimi görün, göründüyün kimi ol!”

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz