Ailə Və İslamdaki Yeri
Ailə müəssisəsi cəmiyyətdə əhəmiyyətli yerə malikdir. Ailə əhalini yeniləyən, milli-mədəni irsi gələcəyə ötürən, uşaqları cəmiyyətə inteqrasiya edən, iqtisadi, bioloji və psixoloji doyum funksiyalarını yerinə yetirən qurumdur.
Ailənin əsası və funksiyaları ictimai dəyişikliklərə paralel olaraq dəyişməkdədir. Universal və durğun bir ailədən bəhs etmək qeyri-mümkündür. Zamanla ailənin quruluşunda, üzvlərinin sayında və vəzifələrində dəyişikliklər olmuşdur. Hətta eyni cəmiyyətdə kənd və şəhərlərdə yaşayan ailələr arasında fərqlər olmuşdur.
Ailə toplum binasının təməl daşıdır. Buna görə də ailənin dəyəri haqqında mübahisə etmək əbəsdir. Ailə insanın yaradılışında doğuşdan var olan sabit dəyərlərə əsasən ayaqda durur. Toplumun adət və ənənələri, dəyərləri və davranış qaydaları ancaq ailə vasitəsi ilə fərdə keçə bilər. Toplumda hakim olan doğru, səhv, yaxşı və pis kimi kriteriyalar ailə süzgəcindən keçərək fərdin idrakına yerləşir. Ailə uşağın cəmiyyətə qatılmasında ilk və ən mühüm funksiyaları ifa edir. İnsanın ilk və ən xeyirli məktəbi ailədir. Çünki hər şeyin ilk dəfə öyrənildiyi yer ailədir.
İslam dinində qadın və kişidən əvvəl “insan” məfhumundan bəhs edilməkdədir. Quranda “Ey insanlar! Biz sizi bir kişi və qadından yaratdıq” (əl-Hucurat, 13) buyurulur. Kişi və qadın təklikdə “naqis” varlıqlardır. Onlar təkbaşına yerinə yetirə bilməyəcəkləri işləri birlikdə yerinə yetirir və beləliklə “insanı” ortaya çıxarırlar. Evlilikdə qadınlıq və kişilikdən öncə “insanlıq” ön planda tutulur. Quranın xitabı insanadır. Peyğəmbərlərin mesajı heç bir fərq qoymadan bütün insanlaradır. Evliliyin təməlində insanın yaradılışı yatır. Evlilik insan nəslinin davamı, yenilənməsi, insanın fərdi və ictimai olaraq özünü ifadə etməsi üçün lazım olan bir qurumdur. Buna görə də islam ailəyə çox önəm vermiş, onu bütün sosial müəssisələrdən üstün tutmuşdur. Ailəyə “güvənc və istiqrar qaynağı” kimi baxmışdır.
Quranda “Və o kəslər ki:”Ey Rəbbimiz, bizə zövcələrimizdən və uşaqlarımızdan (sənə itaət etməklə bizi sevindirib) gözümüzün işığı (bəbəyi) olacaq övladlar ehsan buyur və müttəqilərə imam (rəhbər) et!”deyərlər” (əl-Furqan, 74), başqa bir ayədə də “Ey iman gətirənlər! Özünüzü və əhli-əyalınızı elə bir oddan qoruyun ki, onun yanacağı insanlar və daşlar, xidmətçiləri isə Allahın onlara verdiyi əmrlərə asi olmayan, buyurulduqlarını yerinə yetirən daş qəlbli və çox sərt təbiətli mələklərdir” (ət-Təhrim, 6) buyurulur.
Qurana görə ailə insanlar tərəfindən qurulan ilk sosial qurumdur. Ər-arvad və uşaqlardan təşkil olunan ilk ailə nümunəsi Həzrət Adəm, arvadı Həvva və onların uşaqlarıdır. Bu ailə kiçik ailə nümunəsidir. Quran və sünnəyə görə ailə mütləq hörmət göstərilməsi vacib olan, hər bir üzvüylə bir funksiyanı yerinə yetirən, cəmiyyətin təməl daşını meydana gətirən sosial birlikdir. İnsanın maddi və mənəvi xoşbəxtlik qaynağı olan islam ailəsi Quran və sünnənin rəhbərliyi ilə üzvləri arasında dini münasibət qurmuşdur.
İslam dini sosial yardımlara əhəmiyyət verdiyi qədər sosial sığortaya da eyni dərəcədə əhəmiyyət vermişdir. Təhlükəyə düşən insanın bu təhlükənin zərərlərindən xilas edilməsi təminatı mənasına gələn sosial sığortanın təməli ailədir. Ailədə sosial güvənc hər şeydən əvvəl ailəni meydana gətirən fərdlərin bir-birlərinə etdikləri hörmət, bir-birlərinə bəslədikləri sevgi və mərhəmət vasitəsi ilə təminat altına alınmışdır. Ailə qurumunun funksiyasını təhlükəyə salan ən önəmli şey ailədəki uşaqların ailə həmrəyliyini xor görmələri, ata-anaya qarşı ədəb və nəzakət qaydalarına riayət etməmələridir. Bu da ailənin əmin-amanlığını və həmrəyliyini sarsıdır. Halbuki Allah-təala belə buyurur: ”Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında (yaşayıb) qocalığın ən düşkün çağına yetərsə, onlara: ”Uf!” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!”-de”. (əl-İsra, 23-24)
Ailə ər-arvad və uşaqlarla birlikdə günlük həyatın streslərindən uzaq, sevgi, şəfqət, mərhəmət, rifah və xoşbəxtlik kimi psixolojik fenomenlərin yaşandığı bir məkandır. Quran ailənin bu ruhi yönünə də təmas etmişdir: “Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə, öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda (dostluq) sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir..” (ər-Rum, 21) Belə bir vəziyyətdə ailə psixoloji doyumun ortaya çıxdığı bir yuva olmaqla bərabər mənsublarının qorunduğu və fiziki sığınacaq təmin edən qurumdur. Ailə, eyni zamanda qadın və kişinin fiziki ehtiyaclarını halal yoldan qarşıladığı müəssisədir. Ailəni meydana gətirən fərdlər sevgi, hörmət və güvənclə bir-birilərinə bağlanmalıdırlar. Bunlar, ailənin davam etməsini təmin edən psixoloji və əxlaqi ünsürlərdir.
ŞƏRHLƏR