Təsəvvüfün Əsas Qayəsi İnsani Kamillik Mərtəbəsinə Ucaltmaqdir
İrfan: - Qısaca olaraq özünüz haqda oxuculara məlumat verərdiniz.
Prof. Dr. Mustafa Aşkar: - Əslində Yunusun dediyi kimi “Ətə, sümüyə büründüm, Yunus deyə göründüm.” –desək ən doğrunu söyləmiş olarıq. 1963-cü ildə Konyanın Karapınar ilçəsində dünyaya gəlmişəm. Orta məktəbi (imamxətibi) də orada oxudum. 1982-ci ildə Ortadoğu Texnik Universitetinin Kimya Mühəndisliyi fakültəsinə qəbul oldum. Bir il ingilis dilində hazırlıq oxuduqdan sonra oradan ayrıldım. Ancaq sonradan həyatım boyu o birillik təhsilimin çox faydasını gördüm. Sonra öz istəyim və həvəsimlə Ankara Universitetinin İlahiyyat fakültəsinə qəbul oldum. 1989- cu ildə oradan məzun oldum. Həmin il İslam fəlsəfəsindən “Osmanlı Dövlətinin ilk şeyxülislamı Molla Fənarinin həyatında Vəhdəti-Vücud anlayışı” adlı elmi işimlə magistr elmi dərəcəsi aldım. Bundan sonra Niyazi Misri haqqında elmi işlə doktorluq dərəcəsi aldım. 1994- cü ildə ərəb dilimi təkmilləşdirmək üçün 1 il Qahirədə qaldım. 2000-ci ildən bəri Türkiyə Yazarlar Birliyində Məsnəvi dərslərini tədris edirəm. 2003-cü ildən etibarən fars dilini öyrənmək üçün bir müddətlik İrana getdim. Hal-hazırda Ankara Universiteti İlahiyyat Fakültəsinin Təsəvvüf Kafedrasında dərs deyirəm. 4 övladım var.
İrfan: - Hocam, təsəvvüf bəşəriyyətin çatmaq istədiyi ideal bir həyat tərzidir. Müasir cəmiyyətdə insanların maddi baxımdan qane olmaları üçün təsəvvüfün hansı təsiri var?
Prof. Dr. Mustafa Aşkar: - İlk növbədə qeyd edim ki, islami elmləri Kəlam, Fiqh, Hədis, Təfsir, Təsəvvüf formalaşdırır. Ancaq Təsəvvüfün diğər islami elmlərdən fərqi odur ki, onun əməli yönü var. Yəni insan elmi öyrənər, beynində onu mənimsəyər, ancaq yaşanmadığı zaman, zövq halına gətirilmədiyi zaman insan bir sıxıntı yaşayar. Öyrəndiklərinin dadını ala bilməz. Belə demək mümkündürsə, bütün bu islami elmlərin yaşandığı, mənimsəndiyi və əməli həyatda tətbiq edildiyi sahə təsəvvüfdür. Təsəvvüf elminin diğər islami elmlərlə birbaşa əlaqəsi var. Bundan başqa təsəvvüfün mərkəzində insan olduğu üçün digər bütün elmləri də bilmək lazımdır. Ona görə də təsəvvüf elmi ilə məşğul olan bir şəxs müasir pisixologiya elmindən, bəşəri nizamlardan xəbərdar olmalıdır. Çünki təsəvvüfün əsas qayəsi insanı kamillik mərtəbəsinə ucaltmaqdır. Bu mənada təsəvvüf çoxşaxəli bir sahədir.
Bu gün, bəşəriyyət təsəvvüfə keçmişdəkindən daha çox möhtacdır. Çünki bu gün materialist fəlsəfənin təsiri ilə dünyəviləşən, dindən qopmağa yönələn bir insan var və gündəlik həyat daha çox qarmaqarışıqdır. İnsanı Yaradıcısından uzaqlaşdırır. Ona görə də təsəvvüfi həyat bəşəriyyət üçün təcili yardıma bənzəyir. Təsəvvüf mənəvi həyatdır. Buna nail olmağın yolu da təsəvvüfi yola girməkdir. Əslində təsəvvüf seçimə bağlı bir həyat tərzidir, məcburi deyil. Lakin Quranın özəyi, müsəlmanın yaşayış tərzi də təsəvvüfü təmsil edir. Bütün bunlara əsasən deyə bilərəm ki, bu gün təsəvvüfə olan ehtiyac açıq-aşkar göz qabağındadır.
Irfan: - Mustafa bəy, dediklərinizdən belə başa düşə bilərikmi ki, təsəvvüfi həyat daha çox xarakterlə bağlıdır? Hər kəs dediyiniz mənada bu təsəvvüfi həyatı yaşaya bilərmi?
Prof. Dr. Mustafa Aşkar: - Sualınızda həqiqət var. Ancaq unutmamaq lazımdır ki, hər insanda bir rassional yön var, bir də irrassional dediyimiz metafizik yön var, yəni mistik yön. Bu, şəxsdən şəxsə dəyişən bir şeydir. Kimdəsə yüzdə bir mistisizm var, kimdəsə yüzdə 99 rassional yön var. Kimi də bunun tam əksidir. Ancaq hər insanda mütləq bir mistik yön var. Məsələn hər insan röya görür, ruhla əlaqəli suallar soruşur və s. Bu mənada verdiyiniz sual doğrudur. Unutmamalıyıq ki, Allaha gedən yollar müxtəlifdir. Təsəvvüf də bu yollardan biridir. Ancaq təsəvvüfün digər yollardan fərqi odur ki, təsəvvüf insana kamillik yolunda daha sürətli və nizamlı şəkildə məsafə qət etməyə xidmət edir. Belə ki, kamil insan olmaq üçün bir yol varsa, o yolda bir rəhbərə, bələdçiyə ehtiyac var. Təbiidir ki, hər yolda müəyyən maneələr ola bilər. Ona görə də bu yoldan daha əvvəlcədən keçmiş bir şəxs bələdçilik etməlidir. Məhz bu mənada da təsəvvüfdəki mürşidə, rəhbərə ehtiyac yaranır. Dinimizdə də bizim mürşidimiz Qurani-Kərimdir, Peyğəmbərimizdir. Ancaq günlük həyatda da Peyğəmbərimizin “üsveyi-həsənə”sini, yəni ən gözəl nümunəvi davranışlarını canlı görmək bir ehtiyacdır. Çünki insan psixologiyasında bir rəhbəri canlı görmək istəyi var. Bu mənada təsəvvüf bu ehtiyacı qarşılayır.
İrfan: - Əlbəttə, təsəvvüf ilk növbədə insanın daxili aləminin ehyası ilə əlaqəli bir sahədir və əsas olaraq insanı hədəf alır. Ancaq təsəvvüf fərdləri ehya etməklə yanaşı eyni zamanda bütün cəmiyyəti də ehya edir. Bu haqda qısaca nə deyərdiniz?
Prof. Dr. Mustafa Aşkar: - Bu gün Qərbdə, Avropada insanı tərbiyələndirmək və şəxsiyyət formalaşdırmağa yönəlik addımlar atılır. Təsəvvüfdə sufi adlanan kəslər bunu əsrlərdən bəri insan yetişdirmişlər. Hətta çox maraqlıdır, təsəvvüfdə digər elmlərə nəzərən bir o qədər də yazılı kitablar yoxdur. Nə üçün? Çünki təsəvvüfçülər daha çox insan yetişdirməyə diqqət etmişlər. Məsələn, Hacı Bayram Vəli bir çox tələbələri ilə yanaşı Akşemseddini yetişdirir ki, o tələbə bir çağın dəyişimini edir. Bugünkü mürşidlər də elədir. Mürşid birbaşa insan yetişdirir. Bu gün kitablar da insan üçün yazılır. Qurani-Kərim də insan üçündür. Bu baxımdan islamın geniş yayılmasında təsəvvüfün müstəsna rolu var. Bunu digər elm adamlarının etirafları da göstərir. Məsələn Məhəmməd Həmidullah: “Mən Parisdə təxminən 50 il qaldım. Bizim vəsiləmizlə islam dinini qəbul edənlər çox azdır. Ancaq bir dərviş gəlir, onun ətrtafında bir sıra hallar baş verir və çoxlarına təsir edir. Beləcə insanlar müsəlman olurlar.” Buna görə islamda qəlb diriliyi çox əhəmiyyətlidir. Qəlb diridirsə, sözə ehtiyac yoxdur. Hətta Sührəverdi təsəvvüf haqda belə deyir: “Təsəvvüf, sözün qurtardığı yerdə başlayar.” Bu gün də müasir elmdə tərbiyə metodu olaraq “bədən dili”ndən istifadə edirlər. Bir insanla tanışlıq əsnasında birinin digərinə təsir etməsi ilk üç saniyədə baş verir. Sevgi ilə, hörmətlə qarşı tərəfə enerji göndərə bilirsinizsə orada mehribanlıq başlayır. Burada Allah təalanın “Salehlərlə bərabər olun.” ayəsi daha aydın başa düşülür.
Mən Azərbaycana gəlməklə özümü xoşbəxt sayıram. Mənim doktorluq dissertasiyam Niyazi Misridir. Onun silsiləsində - Xəlvətilikdə Piri-sani olaraq tanınan Yəhya Şirvani həzrətlərinin qəbri də məhz Bakıdadır. Bu gün onun qəbrini ziyarət etdik. Tarixə nəzər saldıqda görürük ki, islam Anadoluya bu torpaqlardan yayılmışdır. Azərbaycanlı mənəviyyat ərənlərinin Anadolunun islamlaşmasında çox böyük rolu olmuşdur. Azərbaycanın bir üstün cəhəti də, bu torpaqların çox erkən dövrlərdə islamla tanış olmasıdır. Ona görə də əslində bu torpaqlar irfan üçün, təsəvvüf üçün, könül aləmi üçün daha uyğundur. Tarixdə hər zaman böyük sufilər Azərbaycan torpaqlarından çıxmışdır. Bu torpaqlarda şeir-sənət də çoxdur. Tək Füzuli belə, Azərbaycan xalqının elmə-irfana, şeirə-sənətə nə qədər böyük dühalar verdiyini göstərməyə kifayətdir.
İrfan: - Müasir dövrdə “fərdi inkişaf” mövzusu çox məşhur oldu. Sizin də ifadə etdiyiniz kimi əslində təsəvvüf də insan şəxsiyyətini inkişaf etdirən, insanı kamillik mərtəbəsinə ucaldan bir sahədir. Yəni təsəvvüf eyni zamanda bugünkü “fərdi inkişaf”dır. Ancaq bu gün təsəvvüf deyəndə daha çox dini bir bir elm sahəsi yada düşdüyü üçün bəzi insanlarda bu söz əks təsir yaradır. Eyni insanlar “fərdi inkişaf” üçün bir sıra əziyyətlərə qatlaşmağa hazırdırlar. Bu mənada xüsusilə gənc nəslə nələri tövsiyə edərdiniz. Bugünkü gəncliyin daha çox nələrə diqqət etməsi, nələr oxuması lazımdır?
Prof. Dr. Mustafa Aşkar: - Söhbət müsəlman gənclikdən gedirsə oxumalı olduğumuz ilk kitab təbii ki, Qurani-Kərimdir. Ona görə Qurani-Kərimi çox oxumaq, onu anlamağa çalışmaq lazımdır. Əslində “fərdi inkişaf” kursları islam mədəniyyətində olan şeyləri anlatmaqdadır. İslamda təbəssüm etmək var. “Fərdi inkişafda” isə yalnız texnik qavramlar var. Ancaq təəssüflər olsun ki, biz öz məhsulumuzu sata bilmirik. Bizim ən böyük problemimiz budur. Əslində “fərdi inkişaf” kurslarında toxunulan mövzular Peyğəmbərimizin günlük həyatdakı bədən dili, jest və mimikaları, zarafatları, təbliğ tərzi ilə eyni şeydir. Ancaq biz onları ortaya çıxarıb yeni nəslə müasir dillə təqdim edə bilməmişik. Biz xəzinənin üstündə otururuq, ancaq bundan xəbərimiz yoxdur.
İrfan: - Sizin anlatdıqlarınız çox gözəl şeylərdir. Ancaq bunun əksini söyləyənlər də var. Yəni təsəvvüfün əleyhinə müəyyən tənqidi fikirlər səslənir. Məsələn mürid-mürşid əlaqələri və s. Və ya “Quran və sünnə varsa, əlavə şeylərə nə lüzum var?” - kimi. Oxucularımıza bu mənada nələr söyləyərdiniz.
Prof. Dr. Mustafa Aşkar: - Bəli. Dediyiniz məsələ günümüzdə bir problem olaraq mövcuddur. Ancaq bütün bunlar, yalnız bugünə xas olan tənqidi fikirlərdir. Tarixə baxdığımız zaman elm adamları ilə təkyələrin paralel fəaliyyət göstərdiyini görürük. Və ya belə deyək: təsəvvüfdəki ən məşhur sufilərin hamısı əvvəlcə müəllim olmuşlar. Məsələn, Yəhya Şirvani, Mövlana Cəlaləddin Rumi, Hacı Bayram Vəli bugünkü deyimlə bir professor idilər. Yəni təsəvvüf dediyimiz bu zövq avamdan çox elm adamının işidir. Yalnız bu gün bu gerçək tərsinə çevrilmiş, daha çox xalqa sirayət etmişdir. Beləliklə də elm adamları təsəvvüfdən kənarda qaldığı üçün xalqın əskik bilikləri ilə müəyyən səhvlərə yol verilmişdir. Savadsızlıqdan qaynaqlanan bir sıra yaşayış tərzi də təəssüf ki, təsəvvüf zənn edilir. Həzrət Əli (r.a)-ın gözəl bir sözü var. Deyir ki, “İnsanları haqqa görə ölçün, haqqı insanlara görə ölçməyin.” Yəni bu günün insanına baxıb islam budur demək nə qədər səhvdirsə, bu günün dərvişinə baxaraq da təsəvvüf budur demək səhvdir. Çünki təsəvvüfün orijinal qaynaqlarına baxdığımız zaman “Quran və sünnəni yaşamaq” kimi tərif edildiyini görəcəyik. Yəni təsəvvüf islamdan kənar bir yaşayış deyil. Necə ki, təfsir Qurani-Kərimin məalı, yozumu ilə əlaqəli bir elmin adıdır, kəlam Allahın sifətləri ilə əlaqəli bir elmin adır, islamın mənəvi tərəfi ilə əlaqəli elmin də adı təsəvvüfdür.
İrfan: - Vaxtınızı ayıraraq belə əhəmiyyətli mövzularda oxuculara məlumat verdiyiniz üçün təşəkkür edirik!
ŞƏRHLƏR