Cənnətin Yolu

Cənnətin Yolu

Uca Rəbbimiz bizi Özünə bəndə olmaq üçün yaratdı. Uca kitabında belə buyurur: “Mən cinləri və insanları yalnız Mənə qulluq etmələri üçün yaratdım.”

Lakin bu, adi bir qulluq deyil, Allahın adına yer üzündə Onun buyruqlarını yerinə yetirmək məsuliyyətini də özü ilə gətirməkdədir. Uca Yaradan bu şərəfli vəzifəni belə dilə gətirir: “Sizi yer üzünün xəlifələri qılan, verdiyi nemətlər xüsusunda sizi sınağa çəkmək üçün kiminizi kiminizdən üstün edən Odur.”

Elə isə bu qədər dəyərli qayəyə sahib olan qulluğun yer üzündəki missiyası nədən ibarətdir?

Allahın verdiyi bu şərəfli vəzifəni layiqincə yerinə yetirərək bu imtahan dünyasında müvəffəq olmaq və Uca Allahın vəd etdiyi cənnətə qovuşmaq. Çünki hər birimiz bütün namazlarımızda Allaha belə dua edirik: “Ey Rəbbimiz! Bizə dünyada da, axirətdə də yaxşılıq ver. Bizi cəhənnəmin əzabından qoru!”

O halda biz bu imtahanda müvəffəq olmaq, yəni cənnətə qovuşmaq üçün nələr etməliyik? Başqa bir deyimlə, əcəba, dünya həyatında cənnəti qazanmağın yolu nələrdən keçməkdədir?

Biz Qurani-Kərimi, Hz. Peyğəmbərin sünnəsini və digər dini qaynaqları gözdən keçirdikdə bu yolun dörd yerdən keçdiyini görürük:  1. Öz nəfsimiz, 2. Ailəmiz, 3. İşimiz, 4. Ətraf mühit.

Bunu yüz sualdan ibarət bir imtahana bənzətsək, bu imtahanın 25 sualı nəfsimiz, 25-i ailəmiz, 25-i işimiz və qazancımız, son 25-i isə ətrafımızdakılara qarşı vəzifələrimizdən olacaqdır.

Mövzunu bir az daha açıqlasaq, bunları deyə bilərik:

Uca Allah ilk növbədə bizi nəfsimizdən imtahan edəcək. Yəni, biz inanc, əməl və əxlaq olaraq kamil bir müsəlman, kamil bir mömin ola bildikmi?

Sağlam inanc, doğru düşüncə, düzgün hərəkət və gözəl əxlaqımızla nümunəvi bir müsəlman ola bildikmi?

Bu haqda Qurani-Kərim belə buyurur: “Nəfsini pisliklərdən təmizləyən mütləq qurtuluşa çatmış, onu pisliklərə gömən isə zərərə uğramışdır.”

Çünki biz başqa birindən deyil, ilk növbədə özümüzdən hesaba çəkiləcəyik. Yenə Uca kitabımız buyurur: “Heç kim başqasının günahı ilə yüklənməz.”

Biz Allahın xəlifəsi olduğumuzun şüuru içində əvvəlcə özümüzü düzgün yetişdirməli, sonra nəfsimizi islah edib istiqamət üzrə nizamlı bir həyata sahib olmalı və hər hərəkətimizlə kamil şəxsiyyətli bir mömin olmalıyıq.

Özünə faydası olmayanın nə vətəninə, nə də dininə hər hansı bir faydası olmaz. Əksinə, bilərək və ya bilməyərək bu dəyərlərə zərər verər.

Dinimizdə mötəbər olan iman, əməl və əxlaq bütünlüyüdür. Sadəcə sözdən, şəkildən, göstərişdən ibarət, dərinliyi olmayan davranışların bir o qədər də dəyəri yoxdur. Görün bu mövzuda Uca Allah nə buyurur: “Ey iman edənlər, nə üçün etməyəcəyiniz şeyləri deyirsiniz?”

Deməli, cənnət yolunda qarşımıza çıxacaq 25 sual birbaşa özümüzlə bağlıdır.

İkinci 25 sualın ailəmizlə bağlı olduğunu demişdik. Bu nə deməkdir?

Ailə dedikdə ağla kimlər gəlir? Ata-anamız, yoldaşımız və uşaqlarımız.

Biz ata-anamıza sevgi və hörmətlə yanaşmalı, xüsusilə ehtiyac içində isələr yanlarında olmalıyıq. Uca kitabımızın “Onlara “uf” belə demə!” buyurduğu ata-anamızın duasını almalı, onların təcrübələrindən, dünya görüşlərindən istifadə etməliyik. Unutmamaq lazımdır ki, “Cənnət anaların ayaqları altındadır.”

Bəs yoldaşımız? Ömrümüzün sonuna qədər eyni yastığa baş qoyduğumuz, yaxşı və pis gündə həyat yolunu birlikdə keçdiyimiz, uşaqlarımızın anası (və ya atası)nın haqqını veririkmi?

Dinimizdə ən mühüm xüsuslardan biri də qul haqqıdır. Elə isə insanın üzərində bir ömür bərabər yaşadığı yoldaşından daha çox haqq sahibi varmı? Əlbəttə ki, yoxdur.

Əgər həyat yoldaşımız bizdən razı deyilsə, biz onu razı sala bilməmişiksə və xoşbəxt etməmişiksə başqalarını, xüsusilə Allahı necə razı sala bilərik?

Uşaqlarımız!.. Uca Allahın bizə bəxş etdiyi ən qiymətli və müqəddəs əmanətlər.

Onların yaxşı böyüdülməsi, tərbiyələndirilməsi və nümunəvi şəxsiyyət olaraq yetişdirilməsi ən ilkin vəzifələrimizdən biri deyilmi?

Necə ki, bizi böyüdüb boya-başa çatdıranlar olmuşdur, biz də eyni vəzifəni zövqlə və şərəflə yerinə yetirməliyik. Çünki insanlığın gələcəyinin yeganə təminatı budur.

Görün bu haqda Sevimli Peyğəmbərimiz nə buyurur: “Hər biriniz bir idarəçi, öndərsiniz və məsul olduqlarınıza cavabdehsizniz.”

O halda ilk növbədə uşaqlarımıza yaxşı bir örnək olmalı, onları düzgün və sağlam yetişdirməli, cəmiyyətə yararlı hala gətirməliyik. Onlarla həmhal olmalı, dərdlərinə ortaq olmalı, lazım gələrsə dostluq etməli və onlarla birlikdə olmaqdan zövq duymalıyıq.

Beləcə, imtahanın 25 sualı da ailəmiz, yəni ata-anamız, yoldaşımız və uşaqlarımız haqda olacaq.

Digər 25 sual işimiz, qazancımız haqda olacaq.

Yəni, biz dünyada nə işlə məşğul olduq? Gördüyümüz iş faydalı idi, yoxsa zərərli?

İşimizi layiqiylə yerinə yetirdikmi? Tacir isək ticarətimizdə dürüst olduqmu?

Məmur isək, xalqa layiqincə xidmət etdikmi?

Həkim isək xəstələrin şəfa tapmasına hansı ölçüdə səbəb olduq?

İdarəçi isək ölkəmizi nə qədər irəliyə apardıq?

Müəllim isək özümüzü nə qədər uşaqlara həsr etdik? Sağlam əqidəli, müvəffəq gənclər yetişdirə bildikmi?

Bütün bunlar bir cəmiyyətin gələcəyidir. Çalışmadan zəfər əldə etmək olmaz. Uca kitabımızda “İnsan üçün çalışdığının qarşılığından başqa heç nə yoxdur.” –buyurulur.

Son 25 sual qaldı. Bunlar nədən olacaq? Sosial mühitimizdən.

“Mən çox yaxşı bir insanam, ailəmə lazımi diqqəti göstərirəm, yaxşı bir işim də var, gerisi məni maraqlandırmır, yəni mənə toxunmayan ilan yüz il yaşasın.” Deyə bilmərik.

Çünki hər birimizi, bütün insanlığı birbaşa maraqlandıran müştərək məsələlər var. Nədir bunlar? Yaxın çevrəmizdən başlayaraq bütün dünyanı, hətta kainatı əhatə edən bəşəriyyətin ortaq problemləri. Haradan qaynaqlanır bu məsuliyyət? İnsanın məxluqatın əşrəfi olma sifəti ilə yer üzündə Allahın təmsilçisi olmaq vəsfindən.

İlk növbədə sosial çevrəmizə qarşı cavabdehliyimiz var. Məsələn: insanlara yaxşılıq, düşkünlərə yardım, yayılan pisliklərin qarşısını almaq, cəhalətlə mücadilə və s. “Bunlar dövlətin vəzifəsidir, məni əlaqədar etməz” deyə bilmərik. Çünki dövlət bizik. İctimai təşkilatlar da dövlət deyilən o böyük sistemin ən təbii və zəruri parçalarıdır. Bir çox ictmai təşkilatlar dünən də vardı, bu gün də var. Gələcəkdə də var olacaqdır. Sevimli Peyğəmbərimiz də öz dövründə fəaliyyət göstərən Xilful-Fudul kimi təşkilata üzv olmuş və onları daima dəstəkləmişdir.

Sadəcə sosial deyil, fiziki çevrəmizə qarşı da məsuliyyətimiz var. İçməli su ehtiyatlarımızın azalması, deşilən azon təbəqəmiz, erroziyaya uğrayan torpaqlarımız və səhralaşan ölkəmiz, dünyamız.  

Bütün dünya Uca Allahın bizə verdiyi əmanət deyimli? Elə isə bu problemlərlə məşğul olmaq bir mömin olaraq bizi dərindən maraqlandırmalıdır.

 

Sadaladığımız bu sahələrin hər birində insanın müvəffəq ola bilməsi üçün necə ki, qidalanmağa, istirahətə ehtiyacı var, eləcə də mənəvi cəhətdən də Allahı tanımağa, Ona inanmağa, ibadətlərinə davam etməyə və Peyğəmbərinin əxlaqıyla əxlaqlanmağa ehtiyac var. Yediyimiz yemək, içdiyimiz su bədənin qidası olduğu kimi, ibadətlər də ruhun qidasıdır. İnsan ruh və bədənin mütənasib birləşməsindən ibarətdir. “Mən bütün bu sadaladıqlarınızı ibadət və iman etmədən də həyata tətbiq edə bilərəm” demək “mən yemək yemədən də yaşaya bilərəm” deməklə eyni şeydir.

Nəticə olaraq, biz cənnəti yalnız məscidlərdə axtarmamalıyıq. Əksinə, məscid bizim üçün sanki yanacaqdoldurma məntəqəsi kimi olmalıdır. Orada imanımızı gücləndirəcək, doğru bilgi ilə təchiz olacaq və ixlaslı ibadət ilə dolacağıq, sonra da bütün enerjimizlə Allahın bizə verdiyi dünyada Onun buyurduğu kimi yaşayacağıq.

Mənəvi qidamız, enerjimiz nə zaman azalsa, yenidən məscidə, Qurana, fərz, vacib, nafilə ibadətlərə yönələcək və bunlardan alacağımız mənəvi feyz ilə yenilənərək imtahan dünyası ilə olan mücadiləmizə bezmədən davam edəcəyik. Çünki bu, Rəbbimizin bizə əmanətidir. Çünki bu, səadətə gedən yolun, yəni cənnətin yeganə açarıdır.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz