ƏTRAF MÜHİT MƏSULİYYƏTİ

ƏTRAF MÜHİT MƏSULİYYƏTİ

Dinimizdə Hz. Peyğəmbərin (s.ə.s) hədisinə əsaslanan gözəl bir qayda var: “Zərər vermək də yoxdur, zərər görmək də!”

Bu qayda həyatın bütün sahələrinə aid olub, ətraf mühitin qorunmasına da şamil edilir. Çünki ətraf mühit çirkləndikcə bizim səhhətimiz korlanır, başqa sözlə, ya zərər verənlərdən, ya da zərərə məruz qalanlardan oluruq.

Hava, su və torpağın çirklənməsi, səhralaşma proseslərini gücləndirən amillərin hamısı bəşəriyyətdə qida qıtlığına, bilinən və bilinməyən xəstəliklərin yaranması və yayılmasına, heyvanların və bitkilərin bəzi növlərinin kökünün kəsilməsinə, iqlim dəyişikliklərinə gətirib çıxarır.

Buna görə də, insan təbiətin və ətraf mühitin qayğısına qalmalıdır ki, ətraf aləm də insanın qayğısına qala bilsin. Bu baxımdan müasir dövrdə Yer üzündə baş verən qlobal və aktual problemlərdən biri də ətraf mühitin mühafizəsi məsələsidir. Ekoloji problemləri İlahi qanunauyğunluğun pozulması və Allah-Təalanın əmrlərindən uzaqlaşılması ilə izah edənlər isə baş verəcək yeni təbii fəlakətlərdən narahatlıqlarını ifadə edirlər. Uca Allah buyurur:

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər) üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”.(ər-Rum, 41)

Təfsir əhlinin yekdil rəyinə əsasən, ayədə keçən “fəsad”dan məqsəd Adəm oğlunun təbiətə qarşı törətdiyi cinayətlər nəticəsində baş verən quraqlıq, qıtlıq, zərərli yağışlar, daşqınlar, zəlzələlər, yanğınlardır ki, bunlar da yaşadığımız dünyada ekoloji müvazinətin pozulmasından xəbər verir.

İslam ətraf mühitin mühafizəsi məsələsinə böyük diqqət yetirir və onu həll etməyə çalışır. Çünki insan da, təbiət də Uca Yaradanın əsrarəngiz yaradılış əsəridir və İslama görə, insan Allah-Təalanın yaradıb ona əmanət etdiyi təbiətin, bütövlükdə isə Yer üzünün mühafizəsi, təmizliyi üçün birbaşa məsuliyyət daşıyır. Ətraf mühit və digər canlılar insan olmadan da öz həyatlarını davam etdirə bilər, lakin insan həyatının ətraf mühit olmadan davam etməsi qeyri-mümkündür.

Qurani-Kərimin ifadəsinə görə, su həyatın başlanğıcıdır; bitkilər də daxil, canlı aləmin hamısı suyun köməkliyi ilə yaradılmışdır. Ayeyi-kərimədə belə buyurulur:  

 “Məgər kafir olanlar göylə yer bitişik ikən Bizim onları ayırdığımızı, hər bir canlını sudan yaratdığımızı bilmirlərmi?!”(əl-Ənbiya, 30)

Göründüyü kimi, suyun həyat mənbəyi olması İslam dini tərəfindən on dörd əsr bundan əvvəl bəyan edilmiş, Qurani-Kərim Yer üzündə baş verən təbiət hadisələrinə dair verdiyi bütün xəbərlərdə suya böyük önəm vermişdir. Həqiqətən də, su Allah-Təala tərəfindən bəşəriyyətə göndərilmiş böyük nemətdir. Bu gün elm də sübut edir ki, həyat sudan canlanır, hər bir canlı hüceyrənin əsasını su təşkil edir, susuz həyat yoxdur. Hesablamalara görə, Yer üzünün səksən faizə yaxın hissəsini təşkil edən suyun doxsan yeddi faizi duzlu olduğundan içmək üçün yararlı olan şirin su ehtiyatı cəmi üç faiz təşkil edir ki, bura da çaylar, göllər, yeraltı sular və bulaqlar daxildir. Əgər bu içməli su mənbələri müəyyən vasitələrlə çirkləndirilərsə və ya sudan istifadə edilərkən israfçılığa yol verilərsə, o zaman bir müddət sonra bu təbii ehtiyat tükənə bilər. Odur ki, bu barədə düşünməyə və narahat olmağa dəyər.

Yaradılışın və ətraf mühitin növbəti əsası torpaqdır. Qurani-Kərimdə buyurulur: “Və Allah sizi (atanız Adəmi) yerdən (torpaqdan) bir bitki kimi göyərtdi” (Nuh, 17) Torpaq həm də qida mənbəyidir. Bu səbəbdən insanın torpaq qarşısındakı mənəvi borcu onu bitki və suvarma ilə canlandırmaqdır. Bir hədisi-şərifə görə, torpağın həqiqi sahibi onu dirildəndir və həmin şəxsin Allah dərgahında mükafatı vardır. Digər tərəfdən, Qurani-Kərimin “Bəqərə” surəsinin 205-206-cı ayələrində Allah-Təala fitnəkar insanların sifətlərini sadalayarkən onları “əkini məhv etməyə çalışan”, müasir dillə desək, ekoloji tarazlığı pozan, təbiətə və ətraf mühitə zərər verən kimi də tanıdır.

Peyğəmbərimiz (s.ə.s) qida üçün bitki əkib-becərən və bu məhsuldan özünü, insanları, heyvan və quşları doyuran şəxsin mükafatını Allah-Təalanın verəcəyini buyurmuşdur. Həmçinin, Peyğəmbərimizdən (s.ə.s) rəvayət edilir ki, kölgə salmaq xatirinə ağac əkməyin də savabı vardır; ağacları kəsənlər insanları Allahın nemətindən haqsız yerə məhrum edənlərdir.

Bənzər şəkildə hər bir canlının həyatını davam etdirə bilməsi üçün tənəffüs etməli olduğu hava nemətinin kirlənməsi də mühüm bir problem olaraq qarşımızda durmaqdadır.

Nəticə olaraq bunları deyə bilərik ki, müqəddəs dinimizə görə, təbii sərvətlərin insafsızca istismarı, meşələrin qırılması, su hövzələrinin çirkləndirilməsi Uca Allahın əmrlərinə qarşı yönəlmiş cinayət əməlidir və bu əməli törədənlər bir gün İlahi ədalətin ortaya çıxacağını mütləq bilməlidirlər.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz