BƏDƏN ƏMANƏTİ

BƏDƏN ƏMANƏTİ

Uca Rəbbimiz yaşadığımız bu dünyada bizlərə saysız-hesabsız nemət bəxş etmişdir. İnsan kimi yaradılmağımızdan tut ağıl, iman, göz, qulaq, ata-anamız, hava, su və s. olmaqla həyatımız üçün mühüm olan nə varsa Uca Allah artıqlaması ilə heç bir maddi hesab ödəmədən lütf etmişdir.

 Qurani-Kərimdə bu haqda belə buyurulmuşdur: “(Allah) sizə istədiyiniz şeylərin hamısından vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, həm də çox nankordur. (O, Allahdan başqasına tapınmaqla özünə zülm edər, Onun lütfünü, mərhəmətini danmaqla nemətləri inkar edər)”. (İbrahim, 34)

Bu nemətlərin içində ən mühümü, heç şübhəsiz, sağlamlıq və uzun ömürdür. Təsadüfi deyil ki, ta qədimdən günümüzə qədər insanlar üçün ən aktual olan, əldə etmək istədikləri və bir-birinə arzuladıqları ən səmimi arzu və istək məhz möhkəm sağlamlıq və xeyirli uzun ömür olmuşdur. İnsan sağlam olarsa, bu zaman digər nemətlərdən səmərəli istifadə edə bilər. Əgər onun sağlamlığı yerində deyilsə, daima səhhətində olan problemlərlə məşğul olursa, hansı mövqedə, vəzifədə olursa olsun həyatından zövq ala bilməz. Digər dünya nemətləri onun gözündə bir qiymət kəsb etməz. Elə bunun üçündür ki, Allah Rəsulu (s.ə.s) belə buyururdu: “İki nemət vardır ki, insanların çoxu bunda aldanmışdır. Qiymətini bildikləri halda onlardan istifadə etməkdən, faydalanmaqdan məhrum qalmışdır. Bu iki mühüm nemət: sağlamlıq və boş vaxtdır”. (Buxari, Riqaq 1, 60; Tirmizi, Zöhd 1)

İnsan unutmamalıdır ki, bu nemətlər ona bir əmanətdir. Necə gəldi və ürəyi necə istəyirsə o şəkildə istifadə edə bilməz. Ona bəxş edilən bu iki mühüm nemətlərdən səmərəli istifadə edərsə, həm bu dünyada, həm də axirətdə səadətə qovuşa bilər. Əks təqdirdə isə hər iki aləmdə ziyan edənlərdən olar.

 Sağlığımızın qorunmasında əsas amillərdən biri kimi qidalanma normalarına riayət etməyi və Uca Allahın əmr və qadağalarına əhəmiyyət verərək halal-haram xüsusunda çox diqqətli olmağı göstərə bilərik. İnsanın qidalanması onun fiziki sağlamlığı üzərində ciddi dəyişiklik etdiyi kimi, o qidanın halal və təmiz olması da onun mənəviyyatı və ruh sağlığı üzərində çox böyük təsirə malikdir. Sağlamlığın qorunub onun faydalı işlərdə istifadə olunması haqqında qeyd olunan bu hədis necə də geniş mənaları əhatə etməkdədir: “Heç bir şəxs mədəsindən daha təhlükəli bir qab doldurmamışdır. Halbuki insana bədənini ayaq üstə tutmaq (orqanizmə lazım olan kalori) üçün bir neçə tikə yemək kifayətdir. Əgər yeyəcəksə, mədəsinin üçdəbirini yeməyə, üçdəbirini suya, üçdəbirini isə nəfəsinə ayırmalıdır (boş saxlamalıdır)”. (Tirmizi, Zöhd 47; İbn Macə, Ət`imə 50)

Hələ min dörd yüz il bundan əvvəl Sevimli Peyğəmbərimiz (s.ə.s) çox yeməyin, nizamsız qidalanmağın, halallığına və təmizliyinə diqqət edilmədən doldurulan mədənin bəşər övladı üçün çox təhlükəli bir hal alacağını bildirmişdir. Günümüzdə də əksər media quruluşlarının, sosial şəbəkələrin üzərində durduğu ən böyük problem qida təmizliyi və nizamlı qidalanma deyilmi? Günümüzdə həkimlərin də öz tövsiyələrində insanların az yeməyinə, mədələrini necəgəldi doldurmamalarına diqqət çəkmələri əbəs yerə deyildir.   

İslamın hökmlərinə baxdığımız zaman onun əmr və qadağalarının əsasən insan sağlığının, onun  haqq-hüquqlarının qorunmasına və sağlam bir cəmiyyətin formalaşdırılmasına uyğun planlaşdırıldığını görməkdəyik. İnsan təbii və halal qidalardan istifadə etməklə həm bədən əmanətini – sağlamlığını qorumuş olur, həm də bu sağlam bədəni ailəsinin ruzisini qazanmaq və ibadət vəzifələrini daha doğru yerinə yetirmək üçün istifadə etmiş olur. Beləliklə, Uca Allahın yolunda lazım olan hər hansı bir xidmətin öhdəsindən layiqli şəkildə gələrək savaba və Onun razılığını qazanmağa nail olur.

Sağlamlığımız baxımından diqqət edilməsi vacib olan amillərdən biri də təmizlikdir. İslam təmizliyi həyatın təməl ünsürləri arasına qoymuş, Peyğəmbərimizin (s.ə.s) lisanıyla: “Təmizlik imanın yarısıdır” (Müslim, Təharət 1) - deyə bildirmiş, eyni zamanda ibadətlərin qəbuluna da şərt qoşmuşdur. Dinimizdə bədən, əl-üz, ağız-diş təmizliyinə və eyni zamanda sağlamlığına çox böyük əhəmiyyət verilmişdir. Ən az həftədə bir dəfə cümə günü yuyunmaq, hər gün beş dəfə namaz üçün dəstəmaz almaq və hər yeməkdən əvvəl və sonra əlləri yumağın hələ on dörd əsr bundan əvvəl vacib buyurulması insan sağlamlığının və təmizliyin nə qədər mühüm olduğuna diqqət çəkmişdir. “Sağlam bədəndə sağlam ruh olar” ifadəsi də bu mənada çox əhəmiyyətlidir. Uca Allaha həmd olsun ki, dinimiz vasitəsi ilə bizlərə maddi təmizlikdən mənəvi təmizliyə, bədən sağlamlığından ruh sağlamlığına keçmənin bütün yollarını bildirmişdir. Biz də bu yollara baş vurub sağlam bədənə və sağlam ruha sahib olmağa çalışmalıyıq.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz