BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم
اِنَّ اللّٰهَ عِنْدَهُ عِلْمُ السَّاعَةِ وَيُنَزِّلُ الْغَيْثَ وَيَعْلَمُ مَا فِى الْاَرْحَامِ وَمَا تَدْرِى نَفْسٌ مَاذَا تَكْسِبُ غَدًا وَمَا تَدْرِى نَفْسٌ بِاَىِّ اَرْضٍ تَمُوتُ اِنَّ اللّٰهَ عَلِيمٌ خَبِيرٌ

“Həqiqətən, qiyamət haqqındakı məlumat Allah yanındadır. Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir. Heç kim sabah nə qazanacağını bilə bilməz. Heç kim harada öləcəyini də bilə bilməz. Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır”. (Loğman, 31/34)

Klassik təfsir əsərlərində bu ayə əsas götürülərək belə bir fikir səsləndirilirdi ki, qiyamətin nə vaxt qopacağını, yağışın nə vaxt yağacağını, ana bətnindəki uşağın cinsiyyətini və formasını, insanın dünyada nə kimi ruzi əldə edəcəyini və onun harada öləcəyini Allahdan başqası bilə bilməz. Buna: “Müğəyyəbatü-xəmsə” (beş bilinməyən) adı verilmişdir. Müasir dövrdə Qurani-Kərimə tənqid yönəldən bəzi kimsələr bu ayəni göstərərək artıq bu beş ünsürdən olan yağışın nə zaman yağacağı və ana bətnindəki uşağın cinsiyyəti haqqındakı məlumatların elmə məlum olduğunu deyirlər. Çünki müasir texnologiya o qədər inkişaf etmişdir ki, hava haqqındakı məlumatlar çox əvvəlcədən bildirilir, həmçinin ana bətnindəki uşağın cinsiyyəti və onun inkişaf mərhələləri həkimlər tərəfindən asanlıqla müəyyənləşdirilir.

Halbuki ayəyə nəzər yetirdiyimizdə görürük ki, bu ayədə təkcə qiyamətin nə vaxt qopacağı və insanın sabah nə qazanıb harada öləcəyini yalnız Allah-Təalanın bildiyi xəbər verilir. Ayədəki “Yağışı O yağdırır. Bətnlərdə olanı da O bilir” ifadəsində belə bir iddia yoxdur. Sadəcə olaraq yağışı yağdıranın Allah olduğu və Onun ana bətnində nə baş verdiyini bildiyi ifadə edilir. Lakin bu iki prosesi yalnız və yalnız Allah bilir deyə bir iddia yoxdur. (Bu ifadənin bətndəki uşağın gələcəkdə günahkar, yaxud saleh bəndə olması mənasını daşıdığını ifadə edən görüşlər də vardır.)

 Bununla yanaşı, unutmamaq lazımdır ki, günümüzdəki yağışla bağlı proqnozlar da dəqiq məlumat deyildir. Həmçinin bəzən uşağın ana bətnində elmə məlum olmayan inkişaf mərhələləri də vardır. Belə ki, tibb yalnız müəyyən bir mərhələdən sonra uşağın cinsiyyətini müəyyənləşdirə bilir. Lakin keçmişi, gələcəyi və hər bir şeyi dəqiqliklə bilən yalnız elmi sonsuz olan Uca Allahdır. Şübhəsiz ki, O, dünyada insanların təxminlərini alt-üst edən yeni hallar meydana gətirə bilər. Ayənin sonunda: “Şübhəsiz ki, Allah hər şeyi biləndir, hər şeydən xəbərdardır” ifadəsi ilə Allahın elminin çoxluğuna işarə olunur. Digər bir ayədə: “De: “Əgər Rəbbimin sözlərini yazmaq üçün dəniz mürəkkəb olsaydı və bir o qədər də əlavə etsəydik, yenə də Rəbbimin sözləri tükənmədən öncə dəniz tükənərdi!” (əl-Kəhf, 18/109) buyurularaq Allahın elminin nə qədər sonsuz olduğu ifadə edilmişdir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz