ATAMIN CİBİ / KƏFƏNİN İÇİ

ATAMIN CİBİ / KƏFƏNİN İÇİ

(Mərhum atamın xatirəsinə)

“İrfan”da “Ax-Ox çayı”ndan “Asfaltdələn ot”lara, şaxta babadan qazax və qırğızlara, tədrisdən sağlamlığa qədər geniş sahədə yazmaq nəsib oldu. Atam haqda yazmamaq mümkündürmü?

 44 il mənə atalıq edən birini 600-700 kəlmə ilə necə ifadə edə bilərəm? Min addımlıq yol bir addımla başlayır. Haradan başlayırsan başla, Adəm, bu yazı yazılacaq!

Uşaq ikən atama və anama baxanda əvvəlcə anamın ölə biləcəyi gəlirdi ağlıma. Analar zəif olur, atalarsa güclüdür. Atalar ölümdən uzaq kimi görünür. Atamı anamdan əvvəl yola salanda uşaqlıq etdiyimi anladım.

Həmişə atamı bayraq kimi dalğalanan saqqalı ilə xatırlayıram. Siz heç atanızın ağladığını gördünüzmü? Mən bir dəfə gördüm. Ata-anasının, bacısının ölümündə atamı soyuqqanlı görmüşdüm. Ağlayıbsa da, hamıdan gizli bir yerdə ağlamışdır. Atam ölümün qarşısında mətin idi. Düşünürəm ki, mətin olmasının səbəbi əlli ildən artıqdır ki, təfəkküri-mövtü[1] gecənin qaranlığında etməsidir. Əlli il döyüşə hazırlaşan bir əsgər müharibədə təlaşa düşərmi? Atamı bircə dəfə ağlayarkən gördüyüm o hadisə nə idi? İşlədiyi fabrikdə bir gün işə saqqalla gəlməyi qadağan etmişdilər. Buna görə işdən çıxmaq istəyirdi, amma çox sevdiyi bir ustad: “Mehmed Əfəndi, belə etmə, beş uşağın var. Sən atasan, bir az səbir et, inşallah, sonra yenə saqqalını uzadarsan”, - deyə nəsihət etdi. Bu sözlərdən sonra atam saqqalını kəsməli oldu, amma üzünü qırxarkən də hönkür-hönkür ağlayırdı. Allah bilir ki, mən ölsəm, atam çox kədərlənər, amma saqqalına ağladığı kimi göz yaşı tökməzdi. Kəsilən saqqalını nə zibil qutusuna ata bildi, nə də torpağa basdırdı. Bir neçə ay içinə qoyduğu bağlama ilə evdə saxladı. Atacan, sənə saqqalı sevdirənlər, saqqalı tərif edənlər necə də gözəl insanlarmış. “Hər kəsə haqqımı halal etdim” desəm də, səni ağladanlara halal etməyəcəyəm. Sən halal etsən də, mən onlardan şikayətçi olacağam.

Cümə axşamları Yasin, Mülk və Nəbə surələrini oxuyub anana, atana, Əsəd Əfəndidən Sami Əfəndiyə qədər onlarla adamın adını sayaraq ruhlarına hədiyyə edərdin. Cümə axşamlarını əhya etməkdən və duadan əsla vaz keçmədin. Sevmək xatırlamaqdır, sevmək hədəyyə etməkdir, sevmək uğruna nəfəs tükətməkdir, tər tökməkdir; vəfa budur!

Vəfatından sonra atamın bu jurnala da göndərdiyim rəsminə baxdım. Yenə gözümə saqqalı, təkkəsi və cibindəki misvakı sataşdı. Atamın ciblərini xəyal etdim. Köynəyinin cibində mütləq təkkə və misvak olardı. Başındakı təkkə çöldə geyinmək, cibindəki isə namaz və söhbət üçündü. Bəzən istifadə etdiyi portmanatının içərisində Əsəd Ərbili, Mahmud Sami Ramazanoğlu, Hacı Həsən Akbaşgil, Musa Topbaş kimi möhtərəm insanların şəkli olardı. Televizorda ataların övladlarına aid rəsmləri portmanatda gəzdirdiyini görürdüm. Heç vaxt atamın nə üçün övladlarının rəsmini cibində gəzdirmədiyini soruşmadım. Sən yaxşı insanları sevdin, ata. İnsanın sevdiklərində gözəllik və keyfiyyət olmalıdır. Sevilənlərlə məzara qədər deyil, cənnətin bağçalarına qədər uzun bir yol gedilməlidir. Sən keyfiyyəti yaxalamısan: Allahın yaxşı dediyi yaxşı, gözəl dediyi gözəldir.

Yaşımız artmış, Əsəd Əfəndinin, Həsən Əfəndinin, Musa Əfəndinin şəkillərini min dəfə görmüş olsaq da, təkrar-təkrar göstərib təriflə söz edərdin. İndi anlayıram sənin hər dəfə bizə möhür vurduğunu. Kərpicləri üst-üstə qoymaq təkrar deyil, təsisdir. Hər gün beş vaxt namazla, zikrlə, şükürlə təkrar etmirik, təsis edirik.

Portmanatında əllə yazılmış bir səhifəlik hifz ayələri vardı, surətini çıxarıb bizə də vermişdin. “Üstünüzdə gəzdirin, hər gün oxuyun”, - deyərdin. Böyük ehtimal ki, mənim oxumadığımı bildiyin üçün: “Oğlum, bu ayələri sənin üçün oxuyub şərq istiqamətinə (Azərbaycana) üfürürəm”, - deyərdin. Uzun zamandan bəri hifz ayələri gəlmir, ata. Xatirələrlə təsəlli tapırıq. Yusufun köynəyinin qoxusunu gətirən yel sevənlərin ağzından çıxan ayələri niyə gətirməsin?

Mütləq cibində 99-luq təsbeh olardı. Sevdiyin böyüklərin rəsmini göstərdiyin kimi “bu təsbeh Musa Əfəndidən qalıb” deyərək dinləyənlərə möhür vurar, qəlbindəki təsisi başlatmaq istərdin. İndi düşünürəm ki, “bu təsbeh filan əfəndidən qalıb” deyərkən bizə deyil, özünə söyləyir, özün ayıq olmağa çalışırdın. Namaz qılarkən nə üçün niyyət edirik? Təsbehi əlinə aldığın zaman sanki özünə: “Ayıq ol, qafil olma, bu təsbehi verəni unutma!” - deyərdin.

Cibində kiçik bir şüşədə gözəl ətir gəzdirər, namazdan əvvəl, dəstəmazdan sonra sürtərdin. Əlini cibinə atanda kiçik konfetlər çıxarıb: “Bu konfetlər Ömər Faruk Karabacak Əfəndidəndir”, – deyərək evdəki hər kəsə bir dənə verərdin. Evə gələn qonaqlara da həmin konfetdən verərdin. Konfet heç bitməzdimi? Ataların cibi nə qədər böyük olurmuş!

“Altınoluk” dərgisini birinci sayından etibarən evimizə daşıdın. Orta səhifəsindəki yazıları böyük ehtiramla oxudun. Adətən qəzet və jurnallar yayxanaraq, ayaqlar uzadılaraq oxunur. İlk dəfə dərgi içərisindəki bir yazının dəstəmazlı halda, diz üstə üzüqibləyə oturaraq oxunduğunu səndə gördüm. Dərginin orta səhifəsi sənə Yunus kimi: “Ballar balını buldum, kovanım yağma olsun. Canlar canını buldum, bu canım yağma olsun”, - dedirtmiş. Şükürlər olsun, İrfan jurnalı da Yunus kimi minlərlə bağrıyanıq qardaşa: “Ballar balını buldum, kovanım yağma olsun, canlar canını buldum, bu canım yağma olsun”, – dedirdir.

Ciblərini düşündüm, ata. Misvakdan tutmuş təkkəsinə, ətirdən təsbehə, hifz ayələrindən sevdiyin insaların rəsmlərinə, hətta çox sevdiyin möhtərəmlərə aid pula qədər hər şey vardı. Portmanatından çıxarıb bizə pul göstərər, “Bu pul Faruq Əfəndinin / Musa Əfəndinin”, - deyər, onu xərcləməzdin. Pul hər nə qədər əl çirki olsa da, sevilən əli dəymişsə, dəyər qazanar. Pula toxunan əlin dəyəri onu xərclətməz. Gözlər qəlbin aynası olsa da, ciblər qəlbin xəbərçisidir. Qəlbdə nə varsa cibdə də o olar. Qəlb içəridədir, görmək asan deyil. Cib də içəridədir, amma qəlb qədər dərin deyil. “Mənə cibindəkiləri söylə, kim olduğunu deyim” desək, doğru olarmı, qəbul görərmi? Cibində lotoreya bileti, şans oyunları kuponu, banklara aid kredit kartları, siqaret qutusu və mobil telefondan başqa heç nə olmayanların qəlbi necədir, görəsən?

Ciblər dərindəkilərdən xəbər verir. Koreyanın samsunqu, Amerikanın ayfonu, Çinin huaveyi cibə girər, Məkkə və Mədinənin qiyamətədək yaşayacaq olan gözəl ətri, misvakı, təkkəsi, aynası, darağı niyə girməz? Cib telefonları hər cibə sığar, bir təsbeh, bir təkkə nədən sığmaz?

Siqaret mövzusunda atam çox sərt idi. Bir gün qonaq getdiyi evdə siqaret çəkilmişdi. Sonra evə gəlmiş, uzun sürən öskürəkdən əziyyət çəkmiş, bir neçə şüşə qazlı su içərək rahatlamağa çalışmışdı. O əsnada: “Oğlum, siz siqaret çəksəniz, evinizə də gəlmərəm”, - demişdi. Bu hadisə və bu sözdən sonra kişisən siqaret çək! Siqaret məsələsində bu qədər qatı olan atam – Allah qorusun – faiz, içki, uyuşdurucu kimi günahlarımıza necə münasibət göstərərdi?

Atamın vəfatından sonra evimizin günçıxana baxan qapısının ağzında bir müddət dayandım. Qardaşlarıma: “Bu qapıdan içəri birbaşa yaz günəşinin işıqları girdi, məhəllənin toz-torpağı, gurultusu, qonşuların manqal tüstüsü və şəhərin milçəkləri girdi (yarasa da girmişdi), amma faiz başda olmaqla heç bir haram girmədi”, - dedim. Evimizin, dükanımızın qapısından haram girirmi? Əsas məsələ bax budur.

Vəfatından sonra üzünə baxdım. Körpə uşaq kimi hüzur içində yatırdı. Dodaqlarında təbəssüm vardı. Qırx yaşlarında olan qardaşım 79 yaşlı atam üçün: “Məni atamın yanına uzatsaydılar, ondan daha yaşlı görsənərdim”, - dedi.

Atam vəfat etsə də, bir xüsusda rahat idim. Mövlana həzrətləri: “Hər ölənin ardından yox, əliboş gedənin, imansız və əməlsiz gedənin ardından ağlayın”, – deyir. Atam sevərək getdi. Yaxşıları sevdi. Allah üçün sevməyi və Allah üçün nifrəti layiqincə yaşadı. Ümid edirəm ki, qəlbi də, cibi də dolu getdi. Kim deyir kəfənin cibi yoxdur? Kəfənin cibi yoxdur dedilər, amma kəfənin içi yoxdur demədilər. Kəfənin içi cibindən daha böyükdür. Qucaq dolusu salam Qırğızıstandan Azərbaycana gedər, kəfən dolusu eşq, sevgi və məhəbbət axirətə getməzmi? Bir fatihə, üç ixlas ricası ilə…


[1] Ölümü xatırlamaq

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz