ÖZÜNƏ TOXUN! - 2

ÖZÜNƏ TOXUN! - 2

(əvvəli ötən sayımızda)

Qolunu qaldırıb uzun illərdən bəri atasından yadigar saxladığı “Omax” saata baxıb evdən çıxmağa tələsdi. 

Demək olar ki, son vaxtlar qolundakı saata tez-tez baxır və özünə kifayət qədər vaxt ayıra bilmədiyinə görə elə hey tələsirdi. Vaxt, bir şeyi gözlədiyi zaman  yavaş, bir yerə gecikdiyi zaman isə tez keçirdi. Qəmli olduğu zaman uzun, xoşbəxt olduğu zaman qısa görünürdü ona. Ağrı hiss etdiyində sonsuz, canı sıxıldığında isə bitməyəcək qədər uzun hiss edirdi zamanı. Ancaq o bir şeyi unutmuşdu ki, zaman onun hiss etdikləri və psixoloji şərtləri ilə əlaqədar olaraq öz şəklini alır. Onun saatla bir əlaqəsi yoxdur.

Bu gün də onu çətin iş günü gözləyirdi. O artıq iki il idi ki, dövlətin nüfuzlu təşkilatlarının birində xarici əlaqələr departamentinin rəhbəri vəzifəsində çalışırdı.  Bu vəzifəyə hələ universitet illərində əxlaqı, yüksək təhsili və aktiv sosial fəaliyyətləri ilə yanında hörmət qazanmış beynəlxalq münasibətlər fakültəsinin dekanı Ramin Abdullanın tapşırığı ilə gətirilmişdi. Daha sonralar təhsil nazirinin müavini olan Ramin Abdulla bilirdi ki, onun tapşırdığı adam o qədər ağıllı, əxlaqlı və vicdanlı adamdır ki, onun etimadını doğruldacaq və üzünə söz gətirməyəcək. Həqiqətən də, elə olmuşdu. İki il ərzində onun işində heç bir problem çıxmamışdı və hər şey öz axarında gedirdi. 

Ramin Abdulla nə qədər nüfuzlu şəxs olsa da, o özü də ondan çox şey öyrənmişdi. Gənc olmasına baxmayaraq, onun həyata baxış tərzi özünəməxsusluğu ilə seçilirdi. Ramin müəllim özü də həftədə ən azı bir dəfə də olsa, şəhərin sakit məkanlarının birində onunla görüşüb söhbətləşməkdən zövq alırdı. Çünki o, yüksək intellektini  atasından aldığı milli və mənəvi dəyərlər haqqındakı biliklərlə qarışdırıb çox maraqlı fikirlər ortaya qoymaqda mahir idi. Onunla bir saat danışmaq kifayət edirdi ki, həftənin yorğunluğunu çıxara biləsən. Ramin müəllim də bu fürsəti əlindən qaçırmırdı.  Hər dəfə onunla görüşəndə universitetdə ilk tanış olduqları günü və həmin gün yaşadıqları maraqlı hadisəni xatırlayıb gülürdülər.

Onların xatirələri səkkiz il öncəyə təsadüf edirdi. Tədris ili yeni başlamışdı. Universitet rektorluğu tərəfindən tələbə gənclər təşkilatına üzvlərin və yeni sədrin seçilməsi ilə bağlı bütün dekanatlıqlara göstəriş verilmişdi. Bu münasibətlə beynəlxalq münasibətlər fakültəsinin dekanı Ramin Abdulla da həmin il rəhbərlik etdiyi fakültəyə ən yüksək balla daxil olmuş bütün tələbələrlə görüş təşkil etmişdi. Bütün yeni tələbələr növbə ilə özləri haqda məlumat verir, gələcək hədəfləri haqqında danışırdılar. Tələbələrin əksəriyyəti orta məktəbdə rus dili bölməsini bitirdikləri üçün fikirlərini rus dilində ifadə edir, bəzən də oxuduqları fakültənin onlara verdiyi həyəcana qapılaraq ingilis dilində də bəzi ifadələri işlədib rəhbərliyin qarşısında özlərini sübut etməyə çalışırdılar.

Özü haqqında məlumat vermək üçün növbə ona çatmışdı. Dəyirmi masanın baş tərəfində oturmuş dekanın və digər tələbələrin gözü ona zillənmişdi. Hər bir tələbənin dediklərini diqqətlə dinləyib öz not dəftərinə bir şeylər qeyd edən Ramin Abdulla, sonuncu olsa da, onun da dediklərinə diqqət kəsilmişdi. Əllərini masanın üzərinə qoyub yavaş-yavaş ayağa qalxdı. Sehrli nitq qabiliyyətindən istifadə edərək hər kəsi doğma ana dilində salamladı. Öz çıxışlarını əcnəbi dillərdə tamamlayan tələbələrin kinayəli baxışları altında - “Mən öz ana dilim olan Azərbaycan dilində danışmaqdan qürur duyuram. İnanıram ki, özünə və millətinə hörmət edən  hər bir vətandaş da mənim kimi düşünür. Bu gün öz dilində danışmağı bacarmayanlar və ya danışa bilib bu dildə danışmağı özünə ar bilənlər sabah bu millətin bir fərdi və vətəndaşı kimi düşünə bilməz. Dil, bir millətin varlığının sübutu və onun ən yaxşı ifadə vasitəsidir. Xarici dilləri bilmək nə qədər vacibdirsə, öz dilimizi bilib o dildə danışaraq özümüzə hörmət etmək də ən azı o qədər vacibdir”,-  deyib ardından özü haqqında məlumatları axıcı bir üslubla ifadə etməyə başladı. Bütün dediklərini diqqətlə dinləyən Ramin Abdulla onun digər tələbələrdən fərqləndiyini ilk görüşdən hiss etmişdi. Dekan, əvvəlcədən tələbələr haqqında ona təqdim edilən məlumatlardan onu da yaxşı bilirdi ki,  o, rus və ingilis dillərini həmin zalda oturan digər tələbələrdən daha yaxşı bilir. Buna baxmayaraq, o, digərləri kimi etməmişdi, dilinə olan hörmətini gələcəkdə tutacaq vəzifəsinə görə itirməmişdi. Elə hər şey o gündən sonra başlamışdı...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz