SƏNƏ ƏMANƏT
İnsanlıq macərası əmanətlə başladı. Yer üzünə xəlifə olaraq göndərilən insan hər şeyi Allahdan əmanət aldı. Yaradan dağların, yerin və göylərin daşıya bilməyəcəyi əmanəti insan oğluna verərək onu ən ali vəzifəyə təyin etdi.
Bununla ona güvəndiyini bildirdi. “Əmrimi tut, ayələrimi yaşat, yer üzündəki canişinim ol!” buyurdu. Ona verdiyi əmanətin dəyərini dərk etməsi üçün mələkləri Adəmə səcdə ilə məmur qıldı. Ən lətif varlıq olan mələklərinə bildirmədiyi “əsma”nı Hz. Adəmə öyrətdi. Elə isə insan övladının yer üzünə xəlifəsi olması birbaşa Allahın əmanətinə sahib çıxmasına bağlıdır.
Adəm oğlunun xəlifəlik şərəfi Rəbbinin əmanəti qarşısındakı məsuliyyət şüuru ilə yaxından əlaqəlidir. Allahın ayələrinə qulaq verən, Rəbbin buyruqlarını yer üzündə bərqərar etməyə çalışan bəxtiyar qullar Onun xəlifəsi olma statusuna haqq qazandıqları halda, ilahi ayələrin xilafına yaşayanlar əmanətə xəyanət edənlərlə həşr olunmaq kimi acı sonluqla qarşılaşacaqlar.
Gözümüzün gördüyü, ağlımızın canlandırdığı hər şey insan oğluna əmanətdir. Hər şeydən əvvəl ruh və cəsəddən ibarət olan varlığımız bizə əmanətdir. Allah-Təala əhsəni-təqvim üzrə yaratdığı bədəni bizə əmanət edərək Onun yolunda fəda etməmizi murad etdi. Haramlarla bəsləməmək, zərərli qidalardan uzaq durmaq xüsusunda əmanətə sahib çıxmağı əmr etdi. Əl, ayaq, göz, dil, qulaq kimi üzvlərimizi Onun rizasını qazanacaq əməllərə alət etməmizi, günah işləyərək əmanətə xəyanət etməməyi istədi. Zahiri varlığımızla yanaşı ruhumuzu, həmçinin mənəvi qəlbimizi bizə əmanət verdi. Qəlbi əsl sahibi olan Allahdan qeyri varlıqların meydan suladığı saraya çevirdiyimiz zaman ilahi nəzərlərdən məhrum qaldığımızı, ruhumuzun qeybət, nifrət və kin kimi çirkablar içində boğularaq məhv olduğunu dəfələrlə dilə gətirdi. Halbuki Rəbbimiz bu qəlbi bizə ilahi təcəllilərə güzgü olması üçün bəxş etmişdi. Mələklərə öyrətmədiyi “əsma”nı genlərimizə qoyaraq qəlbimizi Rəbbani təcəllilərə məzhər qılmışdı. Bu əsma təcəllilərindən bixəbər keçən ömürlərimiz əmanətə xəyanətimizin acı meyvələri oldu.
Ailəmizi bizə əmanət etdi. Böyüklərə hörməti, kiçiklərə mərhəməti əmr etdi. Ömrünün xəzan çağını yaşayan ata-analarımıza şəfqət qanadları gərməyi təlim etdi. İlahi rəhmətə güzgü olaraq onlara Allahın şəfqət və mərhəmətini əks etdirməmizi istədi. Övladlarımızı sevməyi, həyata atdıqları ilk addımlarında arxalarında durmağı, gələcək adına göz nuru olacaq nəsillər yetişdirməyi əmr etdi bizə. Ər-arvadı bir-birinə əmanət etdi. “Bir-birinizin ayıbını örtən, soyuqdan qoruyan libas kimi olun!” – buyurdu. Sevdiyi Peyğəmbərinin dili ilə “Kişi evin çobanıdır, ailəsindən məsuldur. Qadın evinin çobanıdır, evindən məsuldur”, - buyuraraq ailədə əmanətin hüdudlarını təyin etdi.
Qonşunu qonşuya, qohumları bir-birinə əmanət etdi. İnsanlığı düşdüyü bataqlıqdan çıxarmaq üçün göndərdiyi Şanlı Nəbisi sileyi-rəhmi (qohumlarla əlaqəni) kəsənlə Allahın da əlaqəsini kəsəcəyini bildirdi. “Allaha və axirət gününə inanan qonşusuna ikram etsin”, - buyurdu. Qonşusu ac ikən tox yatmağın əmanətə xəyanət olacağını söylədi. Hətta Allahın göndərdiyi mələk (Hz. Cəbrayıl) qonşu haqlarından o qədər bəhs etdi ki, qonşuya yaxşılıq etməklə bağlı o qədər nəsihət etdi ki, bir peyğəmbər belə qonşunun qonşuya az qala varis olacağını düşündü.
Rəbbimiz ətraf mühiti bizə əmanət etdi. Tanımadığımız insanlardan tutmuş ən kiçik qarışqaya qədər, nəhəng dağlardan, gözlə görülməyən mikro varlıqlara qədər hər şeyi bizə əmanət etdi. Soyuq qış günündə üşüyən evsiz qəriblər, atasız-anasız yetimlər, evinə bir tikə quru çörək apara bilməyən biçarə zavallılar bizə əmanət edildi. Şəmsin dili ilə: “yer üzündə üşüyən biri varsa, isinməyə haqqın yoxdur”, - dedi. Adəmin övladlarına bir-birini sevməyi öyrətdi. Ağın qaraya, ərəbin əcəmə, zənginin kasıba, kişinin qadına heç bir üstünlüyünün olmadığını bildirdi. Milli və irqi ayrı-seçkiliyi insanlıq əmanətinə xəyanət saydı. Təqvadan və xeyir işlərdə yarışmaqdan başqa bütün hallarda rəqabət etməyi, bir-birini yeməyi yasaqladı bəşər övladına. Bir-birimizə var-dövlətə, zahiri gözəlliyə deyil, daşıdığımız insani keyfiyyətlərə, mayamızdakı cövhərə görə dəyər verməyi əmr etdi.
Əlvan çiçəkləri, növbənöv heyvanları və gözəl mənzərəsi ilə təbiəti insan oğluna əmanət etdi. “Diqqət edin, Allahın qoyduğu nizamı pozmayın!” - deyərək ciddi xəbərdarlıq etdi. Toxumların geni ilə oynayaraq yediyimiz qidanı zəhərə çevirməməmizi istədi. Su hövzələrini kirlədərək ondan faydalanan canlıların, həşəratın haqqına girməməyi əmr etdi. Xəz paltolarla lovğalanmaq naminə heyvanları diri-diri soyaraq dərisindən istifadə etməmizə riza göstərmədi. Əyləncə xətrinə heyvanları və quşları öldürməyi yasaqladı. Kiçiciq bir qarışqanın belə haqqını qiyamət günü tələb edəcəyini bildirdi. Həzrət Peyğəmbərin dili ilə: minik heyvanlarına əziyyət etməyi, dilsiz-ağızsız məxluqları ac saxlamağı əmanətə xəyanət saydı.
Kitabını və Peyğəmbərini bizə əmanət etdi. “Ən gözəl örnək” şəxsiyyəti ilə önümüzə nümunəvi insan modeli qoydu. Kitab və Sünnəyə bağlı qalmağı, həyatı bu istiqamətdə yaşamağı əmr etdi. Bizi əmanət etdiyi Kitabını sonrakı nəsillərə layiqincə miras qoymaqla vəzifələndirdi. Oxumağı, oxutmağı və yaşamağı əmr etdi. Əks təqdirdə qiyamət günü Quranın bizdən şikayətçi olacağını bildirdi. Hz. Peyğəmbər onun yolundan ayrılaraq miras qoyduğu əmanətə xəyanət edənlər üçün Kövsər hovuzunun başında: “Məndən uzaq olsunlar, uzaq olsunlar” deyəcəyini söylədi...
Əmanət insanın əmin olmasıdır. Bir-birini tamamlayan əmniyyət və əmin-amanlıq da əmanətlə eyni kökdən gələn iki məfhum olaraq diqqət çəkir. Kəlmələr üzərində düşündüyümüz zaman incə məna çalarını yaxalayaraq deyə bilərik ki, insanlığın əmniyyəti əmanətə sahib çıxdığımız nisbətdə mümkündür. İnsan oğlu əmanəti layiqincə sahibləndiyi zaman fərd, cəmiyyət və bütün kainat əmin-amanlıq içərisində varlığını sürdürəcəkdir. Bu gün ailədə, sosial cəmiyyətdə, dünya adlandırdığımız bu qocaman yer kürəsində yaşadığımız bütün problemlərin, hətta daxilən keçirdiyimiz bütün narahatlıqların təməlində əmanət şüurunu itirməyimiz yatır.
“Ey iman gətirənlər! Bilə-bilə Allaha, Peyğəmbərə və əmanətlərə xəyanət etməyin!”. (əl-Ənfal, 27)
ŞƏRHLƏR