BIR YETİM QƏDƏR YAXINDIR CƏNNƏT
Yetim…
Qiymətli daşlar arasında bənzəri, tayı-bərabəri olmayan incidən aldı adını, uşaqlar arasında tək-tənha qalana, öz adı unudulana ad oldu.
Atasız qalan bir uşağın adıdır,
Anasız qalan bir balanın adıdır, Yetim…
Kimi-kimsəsi olmayan – köməyə, şəfqətə, himayəyə möhtac bir candır, Yetim…
Hadisələr müxtəlif, səbəblər isə başqadır. Qəza, xəstəlik, zəlzələ, sel, köç, yanğın… müharibələr, döyüşlər və şəhadət ayırdı canı canından olanları.
Hər kəsi sevindirmək savab, amma yetimi sevindirmək daha çox savabdır. Hər kəsin qəlbini qırmaq günah, ancaq yetimin qəlbini qırmaq daha çox günahdır. Hər kəsin malını haqsız yerə yemək haram, lakin yetimin malını yemək daha böyük günahdır.
“Mən və yetimə sahib çıxan kimsə cənnətdə yan-yanayıq” (Əbu Davud, Ədəb 131)- deyə buyurdu. Yetimə dəstək olanların, ona mərhəmət və qayğı göstərənlərin özünə ən yaxın mövqedə, cənnətin ən layiq yerində olacağını xəbər verdi - “Əbdülmüttəlibin Yetimi”.
Bu adla anıldı son Nəbi (s.ə.s). “Səni yetim görüb himayə etmədimi? (sığınacaq vermədimi?)” (əd-Duha, 6) ayəsinin özü idi, O. İlahi himayənin bütün bəşəri himayələrin üzərində olduğuna şahid idi, O. Çünki Ona baxan, baxdıran və himayə edən Allah idi.
Ayələr nazil oldu yetimlər haqqında: maldan, mirasdan, qənimətdən, fəth edilən yerlərdən, nəfəqədən pay ayrıldı yetimlərə. Yetimin özünə məxsus mal-mülk də ilahi qorumanın altında idi.
Yetim malına qarşı olan münasibətlər isə onu “qoruma, artırma və zamanında təslim etmə” şərtlərinə bağlandı.
Kiməsə bənzədilməz, kimsə ilə müqayisə edilməz onlar.
Əhdə vəfa göstərmək möminə xas bir davranışdır. Allaha verilən sözdə sadiq olmanın isbatı da infaq əhli olmaq və yetimlərə əl tutmaqdır.
Qarnı doyan bir yetimin təbəssümü cənnətin qapılarını açan açar oldu.
“Birr”ə nail olmanın, ərdəmli, müttəqi və sadiq olmanın şərtlərindən biri oldu yetimlərə göstərilən yaxşılıq. Ən sevdiyindən vermək əsası…
Yetimin ahından da qorunmaq lazım bilindi. Yetimə kobud davranmaq, ona qarşı pis rəftar sərgiləmək isə dini yalanlamaqla bərabər tutuldu.
“Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onları islah etmək (tərbiyə edib yetişdirmək, mallarını qorumaq, güzaranlarını yaxşılaşdırmaq) daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır”.(əl-Bəqərə, 220)
Beləliklə, ailənin bir üzvü oldu yetimlər, bir övlad, ya da bir qardaş kimi dəyər gördü imanlı insanların dünyasında.
Evlərin ən gözəlini içərisində yetimi barındıran ev olaraq tərif etdi, Rəsulullah (s.ə.s): “Müsəlmanlar arasında ən xeyirli ev içərisində yetim olan və yetimə qarşı yaxşı rəftar edilən evdir. Ən pis ev də, içində yetim olub, ona qarşı pis rəftar göstərilən evdir”, – deyə buyurdu. (İbn Macə, Ədəb 6)
Süfrəsində yetimə yer ayırmanın, bir yetimlə çörəyini bölüşmənin günahlardan arınmaya və bərəkətə vəsilə olacağını bildirdi.
Xeyrin və bərəkətin qaynağıdır yetimlər.
Onlara açılan ələ atəş toxunmaz, onları barındıran ev bərəkətdən məhrum olmaz, onlar üçün çırpınan ürək Allahın rəhmətindən kənar qalmaz…
Hər yetim bir müjdənin xəbəri oldu bizim üçün. Bir yetimin başını oxşayan əllərin sahibi onun saç tellərinin sayı qədər savaba nail olacaqdır.
Yetimə uzanan mərhəmət əli Allahın mərhəməti ilə atəşdən qorunacaq, bir yetimin üzündəki təbəssüm isə bütün dünyanı güldürəcəkdir.
Yetimləri durmadan artan bir dünyada yetimə ürək verən, əl tutan, qol-qanad açan olmaq lazımdır ki, yetim Peyğəmbərimizin əlindən tuta biləsən.
Kimsənin kimsəyə fayda vermədiyi, təkbaşına qaldığı və köməyə möhtac olduğu o çətin gündə yetimin də bir hesabı vardır, üzərimizdə.
Cənnətə nail olmaq, təbii ki, böyük bir xoşbəxtlikdir, ancaq bundan daha üstünü cənnətdə Peyğəmbərimizə (s.ə.s) qonşu olmaqdır. Cənnəti yaradan və oradakı üstün mövqeləri bəzi yaxşılıqları ilə seçilən bəndələrinə ayıran Rəbbimiz sevimli Peyğəmbərinə qonşu olma bəxtiyarlığını yetimləri himayə edənlərə lütf etmişdir.
Yetimi sevmək, ona yaxın olmaq Rəbbinə, Peyğəmbərinə yaxınlıqdır...
Və bir yetim qədər yaxındır, cənnət!..
ŞƏRHLƏR