SOSİAL MEDİA ELMİHALI

SOSIAL MEDİA ELMİHALI

Sosial şəbəkələrin intensiv istifadəsi bu sahənin dini dəyərlər baxımından qiymətləndirilməsini təbii olaraq gündəmə gətirir. 

Çünki istifadəçiyə məhrəmiyyət hissini yox etmək, müsəlman şəxsiyyətində böhran yaratmaq, haram və halal həssaslığını zəiflətmək, saxta hesablar vasitəsi ilə insanlara böhtan atmaq və təhqir etmək kimi iman nöqteyi-nəzərindən təhlükəli sayılan halları asanlıqla ərz edir. Vəziyyətin bu həddə çatması, bilavasitə internet və sosial şəbəkələrdəki bu cür problemlərlə bağlı fiqh əsərlərinin mövcud və yetərli sayda olmaması bir çatışmazlıq olaraq görülməkdədir. Bu çatışmazlığın səbəblərindən biri də real və virtual həyat arasında hökm baxımından heç bir fərqin olmadığı prinsipi əsasında, virtual həyatla əlaqəli yeni bir çalışmanın lüzumlu görülməməsidir. Digər tərəfdən, bəzi kitablarda internet və sosial media istifadəsi barədə müəyyən qısa məlumatlara rast gəlinməkdədir. Ancaq sadəcə mediadan, internet və sosial şəbəkələrdən bilavasitə bəhs edən, bu vasitələri dini prinsiplər müstəvisində  qiymətləndirən əsərlərin yazılması və nəşri əhəmiyyətli və vacibdir.  Çünki bir çox insan, bilərək və ya bilməyərək, istifadə etdiyi əşyalarla formalaşdırdığı virtual dünyasının fərqində deyildir.  Sosial şəbəkələrin daha çox gənclər tərəfindən istifadə edilməsi isə mövzunun əhəmiyyətini daha da artırmaqdadır.[1]

Bu gün internetlə birlikdə hər cür günahın və azğınlığın evlərimizin içinə qədər daxil olduğu bir dövrdə gənclərin yeni şəraitə qarşı göstərəcəkləri islami davranışın əhəmiyyəti çox böyükdür.

Son bir neçə əsrdən bəri böyük işğallar, zülmlər və soyqırımlarla qarşı-qarşıya qalan İslam ümməti bu gün internet və sosial şəbəkələr ilə birlikdə ələlxüsus gənclərə yönələn əxlaqi tənəzzül ilə də imtahan olunur.[2]

Sosial medianın üç xüsusiyyəti vardır ki, istifadəçilərin, xüsusilə də gənclərin bu xüsusiyyətlər üzərində dərin-dərin düşünmələri və gözdən qaçırmamaları lazımdır:

Birincisi: sosial şəbəkələr böyük bir şəhər kimidir. Yəni orada hər cür insan vardır. İmanlı, imansız,  yaxşı, pis, doğru, oğru və s. İnsanlıq aləmində nə varsa, orada o vardır.

İkincisi: sosial şəbəkələr bir növ ümumi zibilliyə bənzəyir. Əli klaviatura tutan hər kəs hiss və düşüncələrində nə varsa, hamısını olduğu kimi oraya yazır. Bu şəkildə özünü bəlkə rahatlatsa da, nələri kirlətdiyini unudur və ya bilməməzlikdən gəlir.

Üçüncüsü: sosial mediada nəzarət və senzura mexanizmi yoxdur, yaxud çox məhdud imkanlarla işləyir. Bu da ən yıxıcı, ən məhrəm paylaşımları gerçəkləşdirməyə və o məlumatları əldə etməyə imkan verir.

Bunu da qeyd edək ki, bu gün tərifi mümkün olmayan məlumat kirliliyi ilə üz-üzəyik. İnsanlar arasında bəzən “qida zəhərlənməsi” halları baş verdiyi kimi, qarşı-qarşıya qaldığımız bu təhlükəni də “informasiya zəhərlənməsi” kimi adlandıra bilərik.

Ona görə də istər ailədə, istərsə də təhsil ocaqlarında uşaqlara və gənclərə öyrədiləcək ədəb və nəzakət qaydaları arasında  sosial media əxlaqı, sosial media elmihalı kimi biliklər də öyrədilməli və aşılanmalıdır.


[1] http://www.qebelemescidi.com/2018/08/sosial-media-elmihali.html

[2] Gənclər Üçün Sosial Media Elmihalı, səh, 14

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz