HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

HAQQ DOSTLARINDAN HİKMƏTLƏR

Abdulqadir Gilani g - 11

Abdulqadir Gilani həzrətləri buyurur:

“Tövbə et, Allah yoluna yaraşmayan fel və hərəkətlərdən uzaqlaş.

 Tövbəndə də səbatlı ol. Məsələ təkcə tövbə etməkdən ibarət deyil. Sadəcə tövbə etmək kifayət deyil. Əsas məsələ tövbədə sabit olmaqdır. Necə ki, ağac əkməkdən də əsas məqsəd sadəcə ağacı əkmək deyil. Əsas məsələ əkilən ağacı böyütmək, meyvə verəcək səviyyəyə gətirmək və davamlı bar verməsini təmin etməkdir”.

İnsan oğlunun bəşər olması gərəyi günah və xətalardan tamamilə təmiz qalması mümkün deyil. Peyğəmbərlər xaricində heç kim mütləq surətdə məsum deyil, az-çox günah işləməklə qarşı-qarşıyadır. Hətta peyğəmbərlər də zəllə işləyərək bəşəri acizliyi dadmışlar. Bunun vicdani iztirabı ilə tövbə və istiğfar halında yaşamışlar. Beləliklə də, ümmətlərinə günaha düşəcəkləri vaxt nə etməli olduqları xüsusunda nümunə sərgiləmişlər.

Mütləq mənada üstünlük və xətadan uzaq olma yalnız Allah-Təalaya aiddir. Acizlik, nöqsanlıq və qüsurdan münəzzəh olan yalnız Allah-Təaladır.

Buna görə də bir hədisi-şərifdə belə buyurulur:

“Hər insan bir çox xətaya düşə bilər. Lakin xəta işləyənlərin ən xeyirlisi çox tövbə edəndir”. (İbn Macə, Zöhd, 30/4251)

Qulun günahından, hətta qəflətindən suçluluq hissi yaşaması irfan, Rəbbindən əfv diləməsi də bir vicdan borcudur.

Hər əməldə olduğu kimi tövbənin qəbulu üçün də ixlas, yəni səmimiyyət şərtdir. Bunun ən böyük əlaməti isə peşmanlıq və göz yaşıdır. Necə ki, Həzrət Mövlana:

“Peşmanlıq atəşi ilə dolu qəlblə və nəmli gözlərlə dua və tövbə et! Çünki çiçəklər günəşli və nəm yerdə açar”, - buyurmuşdur.

Allah-Təala da ayeyi-kərimədə:

“Ey iman gətirənlər, səmimi tövbə ilə Allaha dönün…” (ət-Təhrim, 8) buyurur.

Səmimi tövbəyə ilk nümunə Həzrət Adəm u olmuşdur. İşlədiyi bir zəlləyə görə zövcəsi Həvva anamızla birlikdə cənnətdən dünyaya göndərilmişdilər.

Həzrət Adəm u Seylon adasına, Həvva anamız da Ciddəyə göndərilmiş, qırx il böyük peşmançılıqla tövbə edərək bir-birindən uzaq və biçarə qalmışdılar. Onların bu tövbəsi “nəsuh tövbə”nin ilk nümunəsi sayılmışdır.

Tövbə edən kəs düşünməlidir ki, necə ki, Həzrət Adəmlə Həvva anamız dünyada özlərindən başqa heç kim olmadığı zaman yeganə sığınacaq və dayaq kimi Allahı tanıyıb Ondan məğfirət istəmişdilər, məhz bu haləti-ruhiyyə ilə ilahi rəhmət qapısına sığınmaq lazımdır. Ucu-bucağı görünməyən bir okeanda təkbaşına qalan və ya qaranlıq bir meşədə yolunu azan bir adamın bütün varlığı ilə “Aman, ya Rəbb, məni xilas et” dediyi kimi, nəsuh tövbə də məhz belə bir hisslə Allah-Təalaya sığınmağı vacib qılır.

Yəni Rəbbimiz sadəcə dillə məhdudlaşan tövbəni istəmir, peşmanlıq alovu ilə könül çırağını alışdıran, məqbul davranışlarla səmimiyyəti isbat edən bir tövbə istəyir. Belə ki, tövbə əsnasında ilıq göz yaşları ilə ilahi rəhmət qapısına sığınmalı, sonra isə bir daha işləməmək şərti ilə günah və qüsurlar tərk edilməlidir.

Həmçinin “…yaxşı əməllər pis işləri yuyub aparar…” (Hud, 114) ayeyi-kəriməsində buyurulduğu kimi, saleh əməlləri artıraraq mənən təmizlənməyə də çalışmaq lazımdır. Məhz bu əzmlə edilən tövbə həqiqi tövbədir.

Bu minvalla səmimiyyəti isbat edilməyən bir tövbə isə əslində başqa bir tövbəyə möhtacdır. Yəni dil “Ya Rəbb, tövbə edirəm, məni bağışla” deyərkən insanın hal və davranışları söylədikləri ilə ahəng təşkil etmirsə, eyni günahı işləməyə davam edirsə, bu hal Hz. Mövlananın ifadəsi ilə “sözün məsxərəsi” olmaqdan ibarətdir.

Haqq-Təala bizi bu hala düşməkdən çəkindirmək üçün belə buyurmuşdur:

 

“Ey insanlar! Rəbbinizdən qorxun. Atanın oğula, oğulun da ataya heç bir şeylə kara gələ bilməyəcəyi bir gündən həzər edin. Allahın vədi, şübhəsiz ki, haqdır. Ehtiyatlı olun ki, dünya həyatı sizi aldatmasın. Şeytan sizi Allaha arxayın edib (Allah Öz bəndələrinə mehribandır, onların hamısını bağışlayacaq, günahlarından keçəcək deyə) tovlamasın!”. (Loğman, 33)

Abdulqadir Gilani həzrətləri buyurur:

“Tövbə dinin əmr etdiyi əməlləri işləyərək üzvləri təmizlədikdən sonra qəlblə ediləcək bir əməldir. Tövbə qəlbin əməllərindəndir. Yəni əvvəlcə şəriətin əmr etdiyi əməllər işlənməli və bu əməllərə davam edilməlidir. Beləcə, insanın üzvləri bu əməllərlə təmizlənmiş olar. Bu zaman qəlb də günahlardan tövbə edər”.

İbadətlərdə qəlb və bədən ahəngi gərəkli olduğu kimi tövbə də daha çox qəlbi bir əməldir. Hədisi-şəriflərdə tövbənin tərifi verilərkən belə buyurulur:

“Tövbə günaha görə peşmanlıq çəkməkdir”. (İbn Hənbəl, I, 423)

“Tövbə bir daha dönməmək şərti ilə günahı tərk etməkdir”. (İbn Hənbəl, I, 446)

Tövbə qəlbən, daxilən və səmimiyyətlə olarsa, bədən də ona görə əməl edər. Qul tövbə edilən günahdan və xətadan əl çəkər. Fitrətində var olan fəzilət hissi baş qaldırar, işlədiyi günahın ağırlığını vicdanında hiss etməyə başlayar. Bu səbəblə də yenidən həmin günaha dönməyi öz əli ilə özünü oda atmaq qədər dəhşətli bir fəlakət kimi görər.

Yəni tövbə qəlbi qəflətdən ayıldaraq onu təqva ilə əhya etməkdir. Ömər bin Əbdüləziz g-in buyurduğu kimi:

“Haramlar atəşdir, ona yalnız qəlbi ölü olanlar uzanar. Əgər əl uzadanlar diri olsaydılar, o atəşin acısını mütləq hiss edərdilər”.

Xülasə, əsl tövbə iradəsiz dönüş olan ölüm gəlmədən əvvəl iradəli olaraq Allaha dönmək, Ona üz tutmaqdır. Onun əmr və qadağalarına tam bir təslimiyyətlə ram olmaqdır.

Abdulqadir Gilani həzrətləri buyurur:

“Dara düşdüyünüz zaman dərhal günahlarınıza tövbə edin. Özünüzü hesaba çəkin. Bu bir gerçəkdir ki, Əziz və Cəlil olan Allah əsla bəndələrinə haqsızlıq etməz”.

Bu fani dünya bir imtahan məktəbidir. Haqq-Təala biz qullarını daima xeyir və şərlə imtahan edir. Bununla yanaşı, başa gələn bəzi bəla və müsibətlərə insan oğlunun bir sıra zahiri və batini günahları da səbəb olur.   

Ayeyi-kərimədə buyurulduğu kimi:

“İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad əmələ gələr ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar”. (ər-Rum, 41)

“…Bir toplum özünə bəxş edilən neməti dəyişməyincə, Allah da ona əta etdiyi neməti dəyişən (pisliyə çevirən) deyildir…” (əl-Ənfal, 53)

Bu gün bəzi maddi ziyanlardan əlhəzər edirik. Bunların da başında iqtisadi böhran, yaşam şərtlərinin bahalanması və s. gəlir. Lakin bu çətinliklərin daha çox zahiri səbəbləri üzərində dururuq. Halbuki bunların batini səbəblərinə də baxmaq lazımdır.

Təəssüflər olsun ki, bu gün cəmiyyətimizin böyük əksəriyyəti eynilə tarixdə həlak olan qövmlər kimi axirəti unutdu. Halal-haram həssaslığı zəiflədi, iffət ölçüsü zədələndi. Hiylə, qumar, rüşvət, faiz və bu kimi qeyri-əxlaqi ünsürlər yayğın hal aldı.

Bu kimi günahlar Allahın yardımının kəsilməsi və bərəkətin qaldırılmasının əsas səbəblərindəndir. Şübhəsiz ki, bunlardan xilas yolu toplum olaraq bu xətalardan vaz keçmək, səhər vaxtları tövbə edib halımızı islah etməkdir.

Yəni ümumi və ya xüsusi bir çətinliklə qarşılaşdığımız zaman əvvəlcə bunun qulluq vəzifələrimizdəki qüsurlarımızdan qaynaqlana biləcəyini düşünüb dərhal tövbə və istiğfar etməliyik. Belə bir diqqət və həssaslıq Haqq dostlarının da mühüm qulluq ədəbidir. Necə ki, Fudayl bin İyaz g belə deyir:

“Allaha itaətdə qüsur işlədiyimi xidmətçimin və uzunqulağımın xasiyyətinin dəyişməsindən (mənə itaətsizlik etməsindən) anlayıram”.

Digər tərəfdən, tövbə acizlik və heçliyi etiraf edərək Allaha sığınma halıdır. Haqq-Təalanın rəhmətini cəlb etmək üçün də belə bir qəlbi səviyyəyə ehtiyac var. İmam Şarani həzrətlərinin buyurduğu kimi:

“…İlahi rəhmət daima acizliyinin fərqində olan mütəvazi kəslərin (qırıq) qəlblərinə nüzul edər. Yağış sularının daima (yüksək və sivri yerlərdə deyil) çuxur və ovalarda toplandığını, dərələrdə axdığını görmürsünüzmü?”.

Necə ki, yağmur duasına qəriblər, kimsəsizlər, məsum körpələr, hətta heyvanlar belə aparılır, nimdaş paltarlar geyilərək təvazö, acizlik və heçlik halında Allaha dua edilir.

Çünki təvazö və xüşu içərisində acizliyini dərk edərək Allahın rəhmət qapısında əfv istəmək Rəbbimizin məğfirəti ilə birlikdə ilahi lütf, ehsan, yardım və bərəkətin ən gözəl dəvətçisidir.

Yəni tövbə və istiğfar yalnız günahların əfvinə deyil, eynilə sədəqə kimi bəlaların dəfi, xeyirlərin fəthi, ilahi rəhmətin təcəllisi üçün də bir vəsilədir. Qeyd edəcəyimiz hadisə bu həqiqəti necə də gözəl ifadə edir:

Həzrət Ömər t dövründə quraqlıq baş vermiş, insanlar şiddətli qıtlığa məruz qalmışdılar. Xəlifəyə yağmur duasına çıxmağı təklif etdilər. Hər kəs yığışdıqdan sonra Həzrət Ömər t yağmur duası etmək üçün minbərə çıxdı. Lakin istiğfar etməyə başladı. Ancaq istiğfar edir, başqa heç nə diləmirdi. Bir müddət belə davam etdikdən sonra minbərdən aşağı endi. Orada olanlar çaşqın baxışlarla:

- Ey möminlərin əmiri, yağmur duası üçün çıxdınız, amma dua etdiyinizi heç eşitmədik. İstiğfardan başqa heç nə etmədiniz, - dedilər.

Həzrət Ömər t:

- İstədiyiniz rəhməti yağışın endirildiyi səma açarları ilə tələb etdim, - buyurdu və sözünün dəlili olaraq bu ayeyi-kərimələri oxudu:

“Rəbbinizdən bağışlanmağınızı diləyin. Çünki O, çox bağışlayandır! O sizə göydən bol yağış göndərər; O sizə mal-dövlət, oğul-uşaq əta edər. O sizin üçün bağlar-bağçalar yaradar və çaylar axıdar!”. (Nuh, 10-12)

“Ey qövmüm! Rəbbinizdən bağışlanmağınızı diləyin. Sonra Ona tövbə edin ki, göydən sizə bollu (peydərpey) yağış göndərsin, qüvvətinizin üstünə bir qüvvət də artırsın. (Mənim dəvətimdən və imandan) günahkar olaraq üz çevirməyin!”. (Hud, 52)

“Rəbbinizdən bağışlanmağınızı diləyin və Ona tövbə edin. Həqiqətən, Rəbbim (bəndələrinə) rəhm edəndir, (onları çox) sevəndir!”. (Hud, 90)

 Bu ayələri oxuduqdan sonra Həzrət Ömər sözünü belə tamamladı:

- Elə isə siz də Rəbbinizdən xəta və günahlarınızı əfv etməsini istəyin, səmimi qəlblə tövbə edin və Allaha üz tutun! (Beyhəqi, əs-Sünənul-Kübra, III, 351-351)

Haqq dostlarından Həsən Bəsri həzrətlərinin yanına dörd nəfər gələrək biri quraqlıqdan, biri yoxsulluqdan, biri tarlasının münbit olmamasından, biri də övladının olmamasından söz açaraq həzrətdən himmət istədi. O böyük vəli gələnlərin hər birinə “istiğfar” etmələrini tövsiyə etdi. Yanındakılar:

- Hər birinin ayrı dərdi vardı, lakin siz hamısına eyni tövsiyəni etdiniz, - dedilər.

Həsən Bəsri həzrətləri də onlara yuxarıdakı qissədə Həzrət Ömərin oxuduğu Nuh surəsinin 10-12-ci ayələrini dəlil göstərərək istiğfarı tövsiyə etdiyini söylədi.[1]

Tövbə və istiğfarla Allaha yalvarmağın bir çox xeyir qapısının açılmasına və şərlərin dəf edilməsinə vəsilə olduğunu Rəsulullah r də belə bəyan etmişdir:

“Hər kim istiğfarı dilindən düşürməzsə, Allah-Təala ona hər çətinlikdən bir çıxış, hər kədərdən bir qurtuluş yolu göstərər və ona ummadığı yerdən ruzi yetirər”. (Əbu Davud, Vitr, 26/1518; İbn Macə, Ədəb, 57)

Həmçinin Həzrət Peyğəmbər tövbə və istiğfarın dünya və axirətdə ilahi əzabdan qurtuluş vəsiləsi olduğunu da belə xəbər vermişdir:

“Allah-Təala (bu ayə ilə) ümmətim üçün mənə iki aman endirdi:

1. “Sən onların arasında ola-ola Allah (sənə hörmət əlaməti olaraq) onlara əzab verən deyildir”.

2. “(Tövbə edib) bağışlanmalarını diləyərkən də Allah onlara əzab verməz!”. (əl-Ənfal, 33)

Mən aralarından ayrıldığım zaman (Allahın əzabına mane olacaq ikinci aman olan) istiğfarı qiyamətə qədər ümmətimin yanında saxlayıram”. (Tirmizi, Təfsir, 8/3082)

Həzrət Əli t da:

“Yer üzündə iki aman vardı. Biri getdi, digəri qaldı. Gedən Rəsulullah r, qalansa istiğfardır”, - buyurmuşdur.

Həqiqətən, Rəsulullah r nə qədər ki Mədinəyə hicrət etməmişdi, məkkəli müşriklərin üzərinə Allahdan ümumi bir əzab enməmişdi. Məkkədən Mədinəyə hicrət etdikdən sonra isə məkkəli müşriklərin üzərinə müxtəlif bəla və müsibətlər yağmağa başladı.

Bu gün ilahi əzab və bəlaya düçar olmamaq üçün Rəsulullahla zahiri bərabərliyimiz qeyri-mümkündür. Lakin işari mənada deyə bilərik ki, Rəsulullah r ilə nə qədər qəlbi bərabərliyimiz olarsa, həyatımızda Onun sünnəsini nə qədər yaşayarıqsa, dilimizi salavati-şəriflərlə nə qədər çox məşğul edə bilsək, özümüzü Muhammədi əxlaqın təmsil və təbliğinə fəda edə bilsək, məhz bu nisbətdə Rəsulullahla bərabər olmuş sayılarıq. Çünki Allah Rəsulu r:

“İnsan sevdiyi ilə bərabərdir”. (Buxari, Ədəb, 96)

“İnsanlar içərisində mənə ən yaxın olanlar kimliyindən və harada olmasından asılı olmayaraq Allaha qarşı təqva sahibi olan müttəqilərdir”, - buyurmuşdur. (Əhməd, V, 235; Heysəmi, IX, 22)

Bir sözlə, hal, əxlaq və davranışımızda Peyğəmbərimizin izindən gedib Ona salavatlarla möhkəm qəlbi bağlarla bağlılığımızı qoruyub saxladığımız təqdirdə -inşallah- ilahi əzabdan əmin olacağıq.

Bu əmniyyətin ikinci vəsiləsi də “tövbə və istiğfar”dır. İlahi əzabdan qorunmaq və ya insan iradəsini gərən ağır imtahanlar qarşısında atılacaq ilk addım halımızı gözdən keçirib xəta və nöqsanlarımız üçün səmimi bir tövbə ilə Haqqa üz tutmaqdır.

Qulluq ədəbində tövbə və istiğfarın yeri vazkeçilməzdir. Çünki bildiyimiz qüsurlarımızla yanaşı, bilmədiyimiz və ya fərqində olmadığımız bir çox qüsurlarımız da var. Buna görə də daima Allaha tövbə və istiğfar etməliyik.

Həmçinin onu da bilməliyik ki, Allah-Təalanın bizə ehsan etdiyi saysız nemətin şükründən də acizik. Bunun özü belə ayrı bir istiğfar tələb edir.

Digər tərəfdən, saleh əməllərimiz üçün də onları əda edərkən göstərə biləcəyimiz qəflət və qüsurlarımız səbəbi ilə istiğfar etməliyik. Necə ki, Rəsulullah r salam verib fərz namazını bitirdiyi zaman üç dəfə istiğfar edər və ardınca belə deyərdi:

اَللّٰهُمَّ اَنْتَ السَّلَامُ وَ مِنْكَ السَّلَامُ تَبَارَكْتَ يَا ذَا الْجَلَالِ وَ الْاِكْرَامِ

“Ey Allahım, Sən Salamsan və salam Səndəndir. Sən ucasan, ey cəlal və ikram sahibi!”.

Bu hədisin ravilərindən biri olan Əvzaiyə:

- İstiğfar necə edilir? – deyə sual verildikdə belə cavab vermişdi:

أَسْتَغْفِرُ اللّٰهَأَسْتَغْفِرُ اللّٰهَ (Allahdan məni bağışlamasını istəyirəm) - deyərək”. (Bax. Müslim, Məsacid, 135)

İbadət həyatımızda bu gözəl sünnəni də əhya etməyə çalışmalıyıq. Çünki namazı qılan kimi dərhal ardından istiğfar edərək bir növ:

“Ey Rəbbim, Sənə ərz etməli olduğum qulluq vəzifəmi layiqincə əda etməkdən acizəm, qüsurlarımı bağışla!” – demiş oluruq.

Bu isə Haqq-Təalaya qarşı hər ibadət üçün daşımalı olduğumuz yüksək bir qulluq ədəbidir. Böyüklərimizin dediyi kimi: “İbadətlər insanı cənnətə aparar, ibadətdə ədəb isə Allaha aparar, Haqqa yaxın və dost edər”.

Xülasə, tövbə və istiğfar sadəcə günaha düşdüyümüz zaman işləyəcəyimiz bir əməl deyil. İsmət, yəni günahsızlıq sifətinə sahib olan Həzrət Peyğəmbər r belə:

“Ey insanlar!.. Rəbbinizə tövbə edin. Allaha and içirəm ki, mən hər gün Allaha yüz dəfə tövbə edirəm”, - buyurmuşdur. (Müslim, Zikr, 42)[2]

Ancaq Rəsulullahın bu tövbə və istiğfarı əksər vaxt bir xətası səbəbi ilə deyil, Allaha daha da yaxınlıq qazanmaq və Onun rizasına nail olmaq üçün idi. Həmçinin Peyğəmbərimiz r hər an mənəvi tərəqqi etdiyi üçün sonrakı halına nisbətlə aşağı səviyyədə olan əvvəlki hal və məqamına istiğfar etmişdir.

Deməli, əsli etibarilə tövbə və istiğfar dərin peşmanlıq, acizliyin etirafı və Haqqa sığınma olması səbəbi ilə Allaha yaxın qul ola bilməyin ən təsirli vasitəsidir. Qəlbin mənəvi kirlərdən təmizlənməsinə vəsilə olduğu kimi, qulun Rəbbi ilə arasındakı qəflət pərdələrinin qalxmasına, beləliklə də, Allah-Təalanın riza və məhəbbətinə də vəsilə olar. Necə ki, ayeyi-kərimədə belə buyurulur:

“…Şübhəsiz ki, Allah çox tövbə edən və çox təmizlənənləri sevər”. (əl-Bəqərə, 222)

Qullarının etdiyi tövbə səbəbi ilə Rəbbimizin nə qədər məmnun olduğunu Rəsulullah r bu misalla ifadə etmişdir:

“Sizdən birinin tövbə etməsi səbəbi ilə Allah-Təalanın duyduğu məmnunluq ucsuz-bucaqsız səhrada gedərkən üstündəki azuqəsi və suyu ilə birlikdə dəvəsini itirən, xeyli axtardıqdan sonra heç bir faydasının olmadığını görüb dəvəni tapma ümidini itirərək bir ağacın kölgəsi altında uzanıb yatan, elə bu zaman dəvəsinin yanına gəldiyini görərək ovsarından yapışaraq hədsiz sevinc hissi ilə nə dediyini bilməyərək:

“Allahım, Sən mənim qulumsan, mən də Sənin Rəbbinəm”, - deyən adamın sevincindən daha artıqdır”. (Müslim, Tövbə, 7; Tirmizi, Qiyamət 49, Dəavat 99)

Yeri gəlmişkən, tövbə və istiğfarın ən qiymətli və məqbul zamanı səhər vaxtlarıdır. Uca Rəbbimiz müstəsna nemətlərə məzhər olacaq bəxtiyar qullarının səhər vaxtlarını əhya edən təqva sahibləri olduğunu belə bəyan buyurur:

“Onlar gecələr (ibadətlə məşğul olub) az yatar, səhərlər isə (Allahdan) bağışlanmalarını diləyərlər”. (əz-Zariyat, 17-18)

Demək ki, Rəbbimiz bizi səhər vaxtları istiğfara dəvət edir. Səhərlər dan yerinin sökülməsi ilə qaranlıq dağıldığı kimi, səhər vaxtı edilən istiğfarlar da günah və qəflət qaranlıqlarından qurtulub ilahi əfv və məğfirət nuruna qovuşmamızı təmin edən müstəsna rəhmət və bərəkət vəsiləsidir.

Allah-Təala hər birimizi təqva zirehi geyinərək günahlardan əl çəkən, ixlas və məhəbbətlə saleh əməllərə can atan, xüsusilə də səhərlərin feyzli iqlimində tövbə və istiğfarla könüllərini təmizləyən arif bəndələrindən etsin.

Amin!..


[1] İbn Həcər, Fəthul-Bari, XI, 98; Ayni, Ümdətül-Qari, Beyrut ts. XXII, 277-278.

[2] Eyni hədisi-şərif, “yetmiş kərə” şəklində də rəvayət olunmuşdur. (Bax. Buxari, Dəavat, 3; Tirmizi, Təfsir, Muhamməd Surəsi)

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz