BİR HƏDİS
عَنْ سَهْلِ بْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: إِيَّاكُمْ وَمُحَقَّرَاتِ الذُّنُوبِ ... وَإِنَّ مُحَقَّرَاتِ الذُّنُوبِ مَتَى يُؤْخَذْ بِهَا صَاحِبُهَا تُهْلِكْهُ
Səhl ibn Səddən rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Kiçik günahlardan ehtiyatlı olun!..
Çünki insan nə zaman kiçik günahları işləyərsə, o günahlar (toplanaraq) onu məhv edər". (Əhməd ibn Hənbəl, Müsnəd, XXXVII, 467)
Günahlar mahiyyəti etibarilə böyük və kiçik olmaqla iki qismə ayrılır. Quranda günahların böyük və kiçik olduğuna işarə olunsa da, (ən-Nisa, 4/31; Kəhf, 18/49) bu günahların hansı günahlar olduğu haqqında çox az məlumat verilmişdir. Lakin Rəsulullahdan nəql edilən bəzi hədislərdə şirk, cadu, adam öldürmək, faiz, yetim haqqı yemək, savaşdan qaçmaq və namuslu qadına iftira atmaq kimi yeddi böyük günaha diqqət çəkilmişdir. (Buxari, Hüdud, 44; Müslim, İman, 144)
Yuxarıda qeyd olunan hədisdə Rəsulullah kiçik günahların toplanaraq insanı məhv etmə gücünə sahib olduğunu buyurur. Hədisdə kiçik günahlarla qəsd olunan nəfsin kiçik görüb çəkinmədiyi günahlardır. Çünki nəfsin günahları kiçik görməsi belə özü günahdır. Bu barədə İmam Qəzzali (505/1111) belə deyir: "Qul bir günahı gözündə nə qədər böyüdərək o günahdan uzaq durarsa, o günah Allah dərgahında kiçik günah kimi olar. Lakin qul bir günahı gözündə nə qədər kiçildərək o günahı işləyərsə, o günah Allah dərgahında böyük günah kimi olar". (Sənani, ət-Tənvir, IV, 404) Çünki insanın günahı gözündə böyütməsi daxilən o günaha nifrət etdiyinə görədir. Buna görə də o günahdan heç bir şəkildə təsirlənməz. Lakin günahı kiçik görməsi daxilən o günahı arzuladığına görədir. Bu isə onun qəlbinin günahın təsiri altında qalmasına yol açar. Rəsulullahın (s.ə.s) ətrafında yetişib onun bu tövsiyələrini diqqətə alan səhabə nəslinin nümayəndələri günahın ən xırdasından belə ehtiyat edərdilər. Ənəs ibn Malik bu haqda belə deyir: "Siz elə əməllər işləyirsiniz ki, onlar sizin gözünüzdə tükdən daha incədir. Lakin biz Rəsulullahın vaxtında o günahları insanı məhv edən günahlardan sayardıq". (Buxari, Riqaq, 32)
Günahlara qarşı həssasiyyət göstərmək insanın imanı ilə birbaşa əlaqəlidir. İnsan böyük və kiçik günahlardan imanı nisbətində uzaqlaşa bilər. Çünki qəlb iman ilə aydınlandıqca ora günahın, günah ilə qaraldıqca da ora imanın girməsi çətinləşir. Bu barədə Abdullah ibn Məsuddan belə bir söz nəql edilir: "Mömin günahlarını gözündə böyüdüb az qala üzərinə yıxılacaq bir dağ kimi görər, facir (günahkar) isə günahlarını burnunun ucuna qonub əlini tərpətməklə uçub gedən milçək kimi görər". (Buxari, Dəavat, 3)
ŞƏRHLƏR