HƏYAT HƏR YERDƏ GÖZƏLDİR?
Bu sualın cavabı birmənalı deyil. Bir çox insanlara görə, həyat özü-özlüyündə gözəl olsa da, bəzi məkanlarda və bəzi zaman kəsiyində onu pis edən, ona mənfi çalarlar verən faktlar ilə üzləşə bilərik.
Belə faktlardan biri, bəlkə də ön sıralarda olanı zindan həyatıdır.
Şübhəsiz ki, məhbəs həyatı çox qayğılı, mənəvi baxımdan çətin bir həyatdır. Ən azından ona görə ki, insan əzizlərindən – doğmalarından təcrid olunmuş halda yaşamağa məhkum olur. Amma bununla belə, zənnimcə, həyatı gözəl edən məkan və zaman deyil, insanın özüdür!
Həyat bizim harada və necə olacağımıza baxmır. O hər gün bizə deyir ki, “mən səninəm, necə istəyirsən, elə də rəftar et”. Elə bu prizmadan da məsələyə yanaşıb, həyatın ağır dönəmi olan məhbus dövrünü gözəl etməyin, ona müsbət çalarlar verməyin də mümkün olduğu qənaətindəyəm.
Bu yazımı kənardan məhbuslara baxan və ya internet səhifələrindən onlar barəsində axtarış aparan şəxs kimi yox, məhz hazırda məhbəs həyatı yaşayan biri kimi yazıram.
Sizə zindanı anlatmaq, izah etmək üçün bunu deyim ki, bura sanki kiçik bir qəsəbədir. Burada da binalar, istehsal sahələri, cavanlar, qocalar, alimlər və nadanlar öz həyatlarını davam etdirirlər. Amma bəzi fərqli cəhətləri ilə.
Məsələn, mən azadlıqda olanda, adətim üzrə, harada yaşlı, saqqalına dən düşmüş insan görsəm, mümkün olan təqdirdə onlardan keçmiş xatirələrini danışmalarını, gözəl nəsihətlər vermələrini rica edərdim. İlahi təqdir elə gətirdi ki, mən də pianinonun qara notlarına toxunmalı oldum, yəni məhbəsə düşdüm. Buranın mühitini öyrəndikdən sonra istədim ki, yenə də ağsaqqallara yaxınlaşım, onlardan nəsihətlər eşidim. O ağsaqqallara ki, mənimlə birgə məhkum həyatı yaşayırlar. Bu minvalla bir, iki, üç və daha çox “ağsaqqal”a müraciət etdim. İbrət almaq niyyəti ilə müraciət etdiyim həmin şəxslərin “nəsihət”ləri isə, nəinki mənəvi tərəqqi yaradan, əksinə, mənəvi böhranı artıran nəsihətlər oldu. Biri keçmişdə etdiyi oğurluqlardan, biri etdiyi soyğunlardan, digəri isə qətl-cinayətdən dəm vururdu.
Aylar-illər sonra bu cəhdlərimin faydasız olduğunu anladım. Əlbəttə ki, bunun əksinin də şahidi oldum. Yəni, həqiqətən də, el ağsaqqalı kimi hörmət edilən, danışıqlarından müdriklik süzülən qocalar da var, amma bir-iki faiz, təəssüf...
Mənə həmişə bir şey maraqlı gəlib; nəyə görə buraya məhz “cəzaçəkmə müəssisəsi” deyilir? Bəlkə də, bu sözü “islaholma müəssisəsi” ilə əvəz etsəydilər, daha gözəl olardı. Çünki etdiyi cinayətə, yəni günaha görə cəza çəkmək insanı heç də həmişə islah etmir. O qədər məhkumlar olur ki, məhbəsdən çıxdıqdan cəmi bir-iki ay sonra yenidən cinayətə əl atır və təkrar buraya dönür. Ona görə də cinayət etmiş şəxs islah olunmalıdır. Bəs bu, necə olacaq?
İlk görüləcək iş, əlbəttə ki, səmimi qəlblə tövbə edib, Uca Allahdan bağışlanma diləmək olmalıdır.
Bəli, məhkum gərək öz daxilində, Allahın onda yaratdığı daxili məhkəməsində, yəni vicdanında öz günahını dərk etsin. Ona verilən cəzanı təmizlənmək üçün gözəl bir fürsət kimi dəyərləndirsin. Məhbəs heç də həyatın məhv olması deyildir. Buranın digər adı “Məktəbi Yusif”dir.
Zindan liftə bənzəyir, bəziləri həmin liftlə yuxarı, bəziləri isə aşağı düşə bilir. Bu, liftin içərisindəki insanın öz istəyindən asılıdır. İnsan var, zindan onun üçün hər şeyin sonu olur; insan da var, zindan onun üçün yenidən başlanğıcdır.
Həyatımıza həmişə hikmət pəncərəsindən baxmalıyıq. Allahın bizə lütf etdiyi bu imkanı dəyərləndirib, azadlığa yüksək nailiyyətlər və bol-bol saleh əməllərlə çıxmalıyıq. Bu yazıların müəllifi də, məhz Allahın lütfü ilə, gözəl nailiyyətləri elə məhbəsdəcə qazanıb. Onlardan biri Quranı anlamaqdır.
Həbsə düşdüyüm gündən vaxtımı ancaq kitab mütaliələrinə, ərəb dilinin qrammatikasına sərf etdim. Nəticədə, Allahın lütfü ilə, hazırda ilahi kitabımız olan Quranı ərəbcə oxuyur və mənasını anlayıram. Bu, Rəbbimin mənə olan ən böyük hədiyyələrindəndir. Çox sevinirəm ki, Allahın göndərdiyi kitabı orijinal variantında – ərəbcə oxuyub, qavrayıram.
Mən bu qədər məhdudiyyətlər, psixoloji və mənəvi sıxıntılar içərisində olmağıma baxmayaraq, zindanı özümə sanki bir universitet etmişəm. Məqsədim elm-təhsil sahibi olmaqdır. Altı ildir məhbəsdəyəm və bu müddət ərzində bir neçə ixtisas üzrə keçirilən vəsaitləri mütaliə etmiş, öyrənmişəm. Təəccüb edirəm ki, azadlıqda olan və hazırda qibtə ilə baxdığım ali məktəb tələbələrinin əksəriyyəti, nəyə görəsə, ancaq universitetə qəbul olanadək oxuyur.
Əziz gənclər! Allah hər bir insana yalnız bircə dəfə yaşama şansı verir. Gəlin xüsusilə gəncliyimizdəki vaxtımızın dəyərini bilək. Vaxtın dəyərini bilməyən insan dəyərsiz insandır, dəyərsiz insanlarla isə dəyərli cəmiyyət qurmaq mümkün deyildir.
ŞƏRHLƏR