PEYĞƏMBƏRİMİZİN ÖYRƏTDİYİ DAVRANIŞ ƏDƏBLƏRİ
Peyğəmbərimiz (s.ə.s) bizə “müsəlman” kimi yaşamağı öyrətdi. Oturarkən, qalxarkən, yeyərkən, içərkən, danışarkən, gülərkən bizi başqalarından fərqləndirən bir həyat tərzindən danışdı.
Bizi görənlərin “bu adam müsəlmandır” deyəcəyi bir həyat/yaşayış tərzinə sahib olmağımızı tövsiyə etdi.
İnsanlarla olan münasibətlərimizdə qarşımıza çıxan ədəb qaydalarının başlıcalarını belə xülasə edə bilərik:
Ziyarət edərkən
Deyək ki, birini ziyarətə getdik, qapısını döydük və bizə: “Kimdir?” - deyə soruşuldu. “Mənəm!” -deyə cavab verməməliyik. Adımızı deməliyik. Qapı açılarkən evin içini görməmək üçün sağ və ya sol tərəfə çəkilməliyik. Qapını üç dəfə döydük və ya zəngə basdıq; cavab gəlmədi. Orada daha çox dayanmayacağıq, çıxıb gedəcəyik. (Buxari, İstizan 13, 17; Müslim, Ədəb 39; Əbu Davud, Ədəb 127, 128)
Deyək ki, içəri dəvət edildik (və ya öz evimizə girmək üzrəyik); əvvəlcə “bismillah” deməliyik. Bu, şeytanın bizimlə birlikdə içəri girməməsi üçün bir tədbirdir. Sonra qarşımızdakına və ya ev xalqına salam verməliyik. Sırasıyla əvvəl sağ, sonra sol ayaqqabımızı çıxarmalıyıq. (Müslim, Əşribə 103)
Süfrədə
Daha sonra süfrəyə oturduq; yeməyimizi sağ əllə yeməli, su içərkən stəkanı sağ əlimizlə tutub içməliyik. Şeytanın sol əl ilə yeyib-içdiyini unutmamalıyıq. Məcbur qalmadıqca suyu oturaraq, iki və ya üç nəfəsdə içməliyik. (Buxari, Ət`imə 2, 3; Libas 39; Müslim, Əşribə 105-108, 116; Libas 67; Əbu Davud, Ət`imə 19; Təharət 18; Tirmizi, Əşribə 13)
Danışarkən
Danışmaq üzrə ağzımızı açdığımızda ya faydalı şeylər danışmalı və ya susmalıyıq. Əsla heç kəsə təhqir və lənət etməməliyik; heç kəsi incitməməliyik, arxasından çəkişdirməməliyik; heç kəsə lağ etməməliyik; heç kəsin təqlidini etməməliyik. (Buxari, Ədəb 31, 57; Müslim, İman 74, Rada 60; Əbu Davud, Ədəb 35; Tirmizi, Birr 48)
Deyək ki, bir yerdə üç adam otururuq. Üçüncü yoldaşı kənarlaşdırıb öz aramızda (pıçıltıyla) danışmamalıyıq. (Buxari, İstizan 79; Müslim, Salam 36-38).
Alış-veriş edərkən
Bir şey alarkən, satarkən, borcumuzu ödəyərkən anlayışlı və asanlıq tərəfdarı olmalıyıq. Özünə borclu olduğumuz kəs alacağını uyğun olmayan bir tərzdə istəsə belə, ona anlayış göstərməliyik. (Buxari, Büyu 16, Vəkalət 6)
Peyğəmbərimizin (s.ə.s) bəhs etdiyi bu hekayəni ibrətlə xatırlayaq: “Vaxtilə bir nəfər öləndə mələklər ona: “Heç yaxşılıq etdinmi?”- deyə soruşdular. “Xeyr, etmədim”,- dedi. “Yaxşı fikirləş”,- dedilər. Adam fikirləşdi, “Bəli, istəyənə borc verərdim. Adamlarıma da çətin vəziyyətdə olanlara asanlıq göstərmələrini, anlayışlı davranmalarını tapşırardım”,- dedi. Bunun üzərinə Allah-Təala mələklərə onu bağışlamalarını əmr etdi”. (Buxari, Büyu 17; Müslim, Müsakat 26).
Salam və nəzakət
Yolda bir müsəlman qardaşımızla rastlaşdığımızda salam verməliyik. Salam verməkdən bezməmək lazımdır. Kiçiyin böyüyə, az olanın çox olana, minikli olanın yeriyənə, yeriyənin oturana salam verməli olduğunu bilməliyik. (Buxari, İstizan 4-7)
İnsanlarla olan münasibətlərimizdə onları incitməməyə diqqət yetirməliyik. Sözgəlişi; biri qulağımıza əyilib bir şey söyləmək istəsə, o, başını uzaqlaşdırmadan başımızı çəkməməliyik. Əlimizi tutdu, qucaqlaşmaq istədi; əlimizi əlindən dərhal çəkməməliyik. Ondan qaçdığımızı sanmaması üçün üzümüzü tez başqa tərəfə çevirməməliyik. (Əbu Davud, Ədəb 5; Tirmizi, Qiyamət 46)
Bir qardaşımız bizi yeməyə dəvət etsə, qəbul etməliyik. Bizə ehtiyacı olsa, köməyinə tələsməliyik. Müsəlman qardaşımıza haqsızlıq edildiyini görsək, müdafiə etməliyik. Xəstələnsə, ziyarətinə getməliyik. Ölsə, cənazə namazını qılıb dəfn etməliyik. (Buxari, Cənaiz 2, ; Müslim, Salam 4, 5)
Bizə yaxşılıq edənə biz də yaxşılıq etməliyik. Ona yaxşılıq etməyə gücümüz çatmırsa, dua və təşəkkür etməliyik. İnsanlara təşəkkür etməsini bilməyənin Allaha da şükür etməmiş sayılacağını ağlımızdan çıxarmamalıyıq. (Əbu Davud, Zəkat 38; Tirmizi, Birr 35)
Düşməncə duyğular
Bir qardaşımızdan incisək belə, üç gündən çox küsülü qalmamalıyıq. Yolda rastlaşanda hərəmiz bir tərəfə başımızı çevirməməliyik. Əvvəlcə salam verənin “ən xeyirlimiz” olduğunu bilməliyik. (Buxari, Ədəb 62; Müslim, Birr 25)
İncikliklər əsla düşməncə duyğulara çevrilməməlidir. Bazar ertəsi və cümə axşamı günləri etdiyimiz işlərin Allah-Təalaya ərz olunduğunu, Allahdan başqasını ilah qəbul etməyən hər kəsin o gün bağışlandığını, yalnız din qardaşıyla aralarında düşmənlik olanların, bir-biri ilə barışana qədər: “onları bir tərəfə buraxın!” deyərək bağışlanmayacağını əsla unutmamalıyıq. (Müslim, Birr 35, 36)
İslam ədəbini yaşayaraq öyrətmək
Biz bu hərəkətləri “Mənim Peyğəmbərim belə edərdi. Mənim də belə etməyimi istəyərdi. Mən onun izindən getmək və Onun kimi olmaq istəyirəm” deyə etməliyik. Övladlarımızı da eyni düşüncə ilə yetişdirməyə çalışmalıyıq. Onlar dünyanı tanımağa başladıqları gündən etibarən yaxın ətraflarında bu gözəllikləri görərək böyüsələr, İslam ədəbini asanlıqla mənimsəyər və ruhlarına həkk edərlər.
ŞƏRHLƏR