SÜLHƏ MÖHTAC SALAM ŞƏHƏRİ
Qüds... İlahi bərəkətin üzərinə yağış kimi yağdığı müqəddəs məkan. Peyğəmbərlərin nəfəsi ilə təmizlənən, bərraqlaşan müstəsna məkan.
Hz. İbrahimin hicrət etdiyi, Hz. Musanın həsrətlə baxdığı, Hz. Davudla Süleymanın səltənətlərinə paytaxt etdiyi, Hz. İsanın boya-başa çatdığı o bərəkətli şəhər. Şəhərlərin göz bəbəyi, nadidə çiçəyi. İsra gecəsi Həzrət Muhammədin arxasındakı 124 min peyğəmbərlə Xatəmul-Ənbiya oluşuna şahidlik edən gözəl şəhər. Bir digər adı ilə Yerusəlim... Salam şəhəri, Sülh şəhəri, əmin-amanlığın beşiyi... Güllələrin dəlmə-deşik etdiyi qapıları ilə bu gün sülhə ən çox möhtac olan Salam diyarı... Hz. Ömər yadigarı...
Tarixin hər dövrünə şahid olan, zamanın dəyişməsi ilə dəyişməyən nadir məkanlardan biri... Qüds... Üzərində hökmranlıq sürən Assur, Babil, Fars, Yunan, Roma imperiyaları yer üzündən silinsə də, hələ tarixə şahidlik edən o müqəddəs şəhər...
Buranın sülh və əmin-amanlıq şəhəri olması isə sözün həqiqi mənasında muvahhid və müsəlmanların buranı fəthi ilə gerçəkləşmişdir. Hz. Süleymanın ehtişamlı hakimiyyətindən sonra yaşanan parçalanmalar, qarşıdurmalar və hərc-mərcliyi təqib edən istilalar nəticəsində bu qədim şəhər zaman-zaman talan edilmiş, viran qoyulmuşdur. Hətta Hz. Davudun təməllərini atdığı, oğlu Süleymanın (ə.s) tamamladığı o möhtəşəm məbəd də Babil və Roma istilasından qurtula bilməmişdir.
Ədalətin üz döndərdiyi şəhərin yenidən canlanması isə uzun illər sonra, adil xəlifə Hz. Ömərin fəthi ilə gerçəkləşmişdir. 636-cı ildə zəfərlə nəticələnən bu fəth xilafət sərhədləri içərisində yerini alan Qüds üçün yeni eranın başlanğıcı sayılır. Qüds yenidən Salam şəhərinə çevrilir. Əməvi, Abbasi, Fatimi və Səlcuqluların bir-birini əvəz edən hakimiyyət illərində bu şəhər gündən-günə çiçəklənməyə, abadlaşmağa başlayır. Hz. Ömərdən sonra 477 il müsəlmanların hakimiyyətində qalan bu mübarək yurd, təəssüf ki, 1099-cu ildə Səlib yürüşlərində xaçlıların əlinə keçir. Bu isə dəhşətli qırğınla nəticələnir. Səlibçilər tərəfindən talan olunan şəhər yerlə-yeksan edilir. Avropalı səyyahların etiraf etdiyi kimi “Qanla sulanan Qüds küçələri cəsəddən keçilməz hala gəlir”. Beləliklə, Qüdsün fətrət və durğunluq dövrü başlayır. Əslində bu dövrü fətrət dövrü adlandırsaq da, geriləmə dövrü kimi səciyyələndirmək daha doğru olar. Xaçlıların 88 illik hakimiyyət illərində müsəlmanların daha əvvəl qurduqları şəhər böyük dağıntıya məruz qalır. İslam məbədləri, mədrəsələr dağıdılaraq tanınmaz hala düşür. Ən yaxşı halda heyvan axırı və ordu qərargahı kimi fəaliyyət göstərir. Qübbətüs-Səxra kilsəyə çevrilir, Əqsa məscidi kral iqamətgahı kimi xidmət göstərir.
Mənəvi dəyərləri, dini etiqadları, ədalət və insan haqlarını heçə sayaraq Qüdsdə at oynadan xaçlı istilası Səlahəddin Əyyubiyə qədər qara bulud kimi şəhərin üstünə çökür. Lakin 1187-ci ildə o şanlı sərkərdənin Qüdsü düşmən işğalından azad etməsi ilə şəhər yenidən “Salam diyarı” olma statusunu qazanır. Şəhərin yenidən restovrasiyası 1250-ci ildə hakimiyyətə gələn Məmlüklülər tərəfindən davam etdirilir. Bu baxımdan Səlib Yürüşlərindən sonra Qüdsün yenidən İslam şəhərinə çevrilməsində Məmlüklülərin rolu həddən artıq böyükdür. Belə ki, bu gün Qüdsdə gördüyümüz 150-yə yaxın mühüm tarixi əsərdən səksəni məhz Məmlüklülər dövrünə aiddir. Bu gün Məscidi-Əqsa ərazisində gəzərkən Məmlüklülərə aid gözəl əsərlərin az qala iç-içə girdiyini görmək onların buraları abadlaşdırmaq üçün sanki bir-biri ilə yarışa girdiyindən xəbər verir. Təsadüfi deyil ki, Qüds minarələrinin incisi olan Qavanimə Minarəsi və ən gözəl səbil adını alan Qayıtbay Səbili də məhz Məmlüklülərə aiddir. Dini duyğuları və xalqın rəğbətini qazanma cəhdi ilə bu torpaqları abadlaşdıran Məmlük sultanlarının xüsusilə sonrakı illər üçün əhəmiyyət kəsb edən addımlarından biri isə bütün var-dövlətlərini Qüds üçün vəqf etmələri olmuşdur.
Nəhayət, 1516-cı ildə Yavuz Sultan Səlim tərəfindən fəth olunan Qüds 401 il davam edəcək Osmanlı hakimiyyətinə keçir. Şəhərdə asayişin qorunması və Qüdsün çiçəklənməsi Osmanlıların üzərinə düşür. Burada yaşayan xalqların və dinlərin rifahını namus borcu bilən Osmanlılar bu ülvi vəzifəni layiqincə yerinə yetirirlər. Dövləti-Ali-Osmaninin xüsusilə Qüds və Fələstin ərazisində dünya mirasına verdiyi töhfələrin izini təqib edərkən Qanuninin yenidən inşa etdirdiyi Qədim Qüds surlarına və tarixi qapılara, şəhərin su probleminin həlli üçün görülən əsaslı işlərə, hələ də Qübbətüs-Səxra Məscidini bəzəyən Osmanlı çinilərinə, Sultan II Mahmudun, Sultan Abdülməcidin, Sultan Abdüləzizin və II Abdülhəmidin bu şəhərə verdikləri ərməğanlara rast gəlmək mümkündür. Maraqlıdır ki, siyasi qovğalarla əldən-ələ keçən Qüds heç bir müsəlman xanədan tərəfindən dağıdılmamış, qarət edilməmiş, əksinə, göz bəbəyi kimi qorunub saxlanmışdır. Qüds şəhərinə və əhalisinə xidmət etmək burada söz sahibi olan hər bir sultan, əmir və ya valinin əsas qayələrindən birinə çevrilmişdir. Bu məqsədlə də sonrakı nəsillərə miras qalan bir-birindən gözəl əsərlər inşa etmiş, beləcə, İslam irsinin nadir nümunələrini ərsəyə gətirərək Qüdsü salam yurduna çevirmişlər. Hz. Ömərin buranı fəth edərkən imzaladığı “Qüds Əmannaməsi” ondan sonra gələn İslam hökmdarlarının da üsuli-idarəsinə nümunə təşkil etmişdir. Ta ki, Fələstin ərazilərinin İngiltərə mandatlığına verilməsi ilə Osmanlının bu torpaqlardan uzaqlaşdırıldığı günə qədər. Həmin gün sülh göyərçinlərinin Qüdsü tərk etdiyi gündür…
ŞƏRHLƏR