Ruhu Daşlara Həkk Olan Şəhər

Ruhu Daşlara Həkk Olan Şəhər

Daşlar… Min illiklərə şahidlik etmiş daşlar. Səssiz və hərəkətsiz. Dili olsa, kim bilir, nə danışar!..

 Kim bilir, hansı çaylar axır bu şəhərin qəlbindən… Əşyanın qədim surəti olan bu daşlar Qüdsə həyat verən üzləri ilə şəhərin hər bir küncündə dayanıb sanki bu müqəddəs məkanın keşiyini çəkir. İnsanlar gəlir, gedir, ayaqları ilə aşındırır, əlləri ilə toxunur, gözləri ilə salamlayır. Bu yüksək qala bürcləri, bu yüksələn məbədlər daşın hal dili ilə nə danışdığına şahidlik edir.

Qüds insanlıq tarixi ilə birgə var olmağa davam edir. Zeytun dağının qarşısında dayanıb dünya tarixinin keçmişə uzanan ən qədim mirası sizi ağuşuna alır. Tarixin fərqli mədəniyyətlərini, fərqli dinlərini qovuşduran bu dar küçələr sonu Həzrət İsaya, Həzrət Süleymana, Həzrət Davuda və Peyğəmbərimizə gedib çıxan bir səyahətə çıxarır gələnləri.

Qüds bir şəhərdən daha çox dünyanın qəlbi kimi bütün damarların özünə bağlandığı həyat mənbəyidir. Daha çox müsəlmanlar olmaqla bütün səmavi din vəsfini daşıyan hər din mənsubuna aid nələrisə içində ehtiva edən mübarək bir şəhərdir. Tarixin seyri içərisində hökm sürən müxtəlif millətlər, dinlər, hakimiyyətlər Qüdsün dini və mənəvi şəxsiyyətinin çətiri altında şərəf tapmış və bəlkə də, bu şəhəri müqəddəsləşdirən xüsusiyyətləri mühafizə etdikləri ölçüdə də qaim olmuşlar.

Qüdsün, yəni insanlıq tarixinin ən mühüm nöqtəsinin küçələrində addımlayarkən zehninizdə yer alan bura ilə əlaqəli Quran ayələri sanki ətə-sümüyə bürünərək qarşınıza çıxır. Həzrət İsanın ayaq basdığı yolları, göz yaşı tökdüyü otağı, son axşam yeməyini yediyi yeri, Yəhudanın ona xəyanətini, İmran ailəsini, Həzrət Məryəmin inzivaya  çəkildiyi məbədi, ilahi ikramların verilməyini, Zəkəriyyə əleyhissalamın onu himayə etməsini, Süleyman əleyhissalamın hökmranlığını, tikdirdiyi məbədi və buralarda gerçəkləşən, Qurani-Kərimdə yer alan bütün hadisələri daha yaxından hiss edib şahid olursunuz. Bundan başqa, Davud əleyhissalamın səsinin əks-sədasını, bir az uzaqda Həzrət Musanı, bir az aşağı tərəflərində Lut qövmünün həlak edildiyi yeri və əlbəttə ki, Həzrət Muhammədin meracının gerçəkləşdiyi məkanları görəndə üç müqəddəs məsciddən biri olan Məscidi-Əqsanın mənəviyyatını ürəyinizdə hiss edirsiniz.

Gözləriniz şəhərlə bütünləşərkən ruhunuzun buraya aid olduğunu hiss edir, sanki həmişə bu şəhərdə yaşamış kimi bir duyğuya qapılırsınız. Daşlar demişdik… Danışan daşlar sizə bunu pıçıldayır. Qüdsün küçələri qala divarlarının arxa tərəfində, alatoranlıqla irəliləyən məchul, amma sizdən birinin ayaq səsləri ilə Qübbətüs-Səxraya doğru irəliləyir. Dünyanın fərqli bölgələrindən gələn müsəlmanlarla ilk qibləmizdə, eyni qəlb atışları ilə və eyni duyğularla qucaqlayırsınız fəcr vaxtını. Hər addımda “nə yaxşı ki, gəlmişik”, yaxud “niyə bu qədər gecikmişik gəlməyə” deməyin sevinc və peşmanlığını yaşayırsınız. Sahiblənmə duyğusu ilə Qübbətüs-Səxranın gözlərinizi qamaşdıran gözəlliyi və yaxınlığındakı Məscidi-Qiblə, yəni Məscidi-Əqsanın məhzun, məzlum heybəti sizi qarşılayır.  Bura gələn hər insan buralara sahib olma duyğusuna malik olur. Sahib olmaqdan daha çox buranın özünə, özünün də buraya aid olduğu hissini yaşayır.

Bəli, Qüds müsəlmanların ürəyidir. Hər nə qədər cəhd göstərilsə də, silinməyən bir gerçək var. Məbədlərin və daş divarların hər kəsə hayqırdığı bir gerçək: Qüds Həzrət Ömərin ümmətə yadigarı, Səlahəddin Əyyubinin röyası, Qanuni Sultan Süleymanın mirası və Abdülhəmid Xanın ən böyük davasıdır. Bu insanların qoyub getdiyi müqəddəs mirasa sahib çıxmaq bütün müsəlmanların borcudur. Bu nöqteyi-nəzərdən baxdıqda belə deyə bilərik: Qüds şərəfimizdir. Qüds müsəlmanların qalalarından, Peyğəmbərimizin mübarək dili ilə ifadə edilən üç müqəddəs məkanından biridir.

Doqquz yüz min əhalisi olan bu şəhərdə üç yüz min müsəlman yaşayır. Bu insanların babaları, onların da babaları bu torpağın məskunları olublar. Osmanlının süqutuna qədər Qüdsün idarəsi müsəlmanların əlində olduğu halda bu gün bu üç yüz min müsəlmanın heç şəxsiyyət vəsiqəsi belə yoxdur. Yalnız müvəqqəti İordaniya pasportundan istifadə edirlər. O da hər on ildən bir İsrail hökumətinə müraciət edərək müvəqqəti qeydiyyatlarını uzatmağa məhkum halda…

Hər il dünyanın müxtəlif ölkələrində yaşayan yəhudilər Fələstin torpaqlarına gətirilərək ev və iş imkanları ilə təmin edilir, buraya yerləşdirilirlər. Anadan olan hər uşaq üçün 380 dollar aylıq müavinət ödənir və əhalinin artımı üçün İsrail vətəndaşları hər vasitə ilə təşviq edilirlər. Bir tərəfdə iqtisadi olaraq çox yaxşı imkanlara sahib yəhudilər, digər tərəfdə isə siyasi, iqtisadi və sosial olaraq ağır böhran şəraitində yaşayan fələstinlilər. Təəssüf ki, bura sanki müsəlmanların qaçqın vəziyyətində yaşadığı bir şəhərə çevrilib.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz