Hüseyn Cavid və Kazım Qarabəkir Paşanın dostluğu

Hüseyn Cavid və Kazım Qarabəkir Paşanın dostluğu

1918-ci ilin mart ayı. Ermənilər yenə öz vəhşiliklərini göstərir, günahsız insanlar qətlə yetirilir.

 Hüseyn Cavid Bakıda “Səfa” qızlar  məktəbində müəllim işləyir, Təbriz otelində qalırdı. Birdən ermənilər otelə hücum çəkdi. Həmin gün Sadiq Hüseyn[1] də Cavidin yanına gəlmişdi.  Ermənilər içində Sadiq Hüseyn və Hüseyn Cavid də olmaqla 60-a yaxın insanı əsir götürüb Mayılov[2] teatrına apardılar. Qarşılarına çıxanlara atəş açır, müqavimət göstərən hər kəsi öldürürdülər. Birdən şiddətli atəş səsi eşidildi. Əsgərlərin diqqətinin yayındığını görən Cavid birtəhər qaçıb Abdulla Şaiqin evinə gedir. İrana, oradan da  Naxçıvana keçir. Naxçıvanda alqışlarla, sevinclə qarşılanan Cavidin haqqında isə Bakıda  Bəsirət və Azərbaycan qəzetlərində “Böyük ziyan”, “Cavid öldürülmüşdür” xəbərləri dolaşırdı.

Hüseyn Cavid Naxçıvanda Rüşdiyyə məktəbində müəllim kimi işləməyə başladı. Aktyorları, rəssamları, şairləri bir araya topladı, ədəbi məclislər təşkil etdi. Məktəb ondan sonra “aydınlar, şairlər məclisi” adlandırılmağa başladı. Bu dövrdə Naxçıvan da Bakının taleyini bölüşürdü. Ermənilər günahsız, silahsız insanlara qarşı qətliam həyata keçirirdilər. Naxçıvan Milli Komitəsi Osmanlıdan kömək istəmişdi. Naxçıvana yardım üçün isə Kazım Qarabəkir Paşa göndərilir. Paşa avqust ayının əvvəlində şəhərə daxil olur və Gömrüdə olan ordusunu bura yerləşdirir. Demək olar ki, bütün şəhər Qarabəkir Paşanı qarşılamaq üçün meydana çıxmışdı. Artıq Naxçıvanın iki sevimlisi olmuşdu. Hüseyn Cavid və Kazım Qarabəkir. Bu iki dəyərli insan da bir-birinin sevimlisinə çevrilə bilir...

Paşanı qarşılamaq üçün böyük mərasim keçirilirdi. Mərasimdə Hüseyn Cavid Şərq Ordusunun və Paşanın şərəfinə şeirlərindən birini oxuyur və xalqı hürriyyət üçün mübarizəyə səsləyən bir çıxış edir. Cavidin şeiri və çıxışı Paşanın xoşuna gəlir və bundan sonra onların arasında dostluq bağı yaranır.

Bir gün Paşa başda Cavid olmaqla müəllim və şagirdlərlə görüşmək üçün Rüşdiyyə məktəbinə gedir. Məktəbin Rüşdiyyə adlandırıldığına çox sevindiyini deyib belə əlavə edir: “Mənim ilk təhsil aldığım məktəb də Sultan Mehmet Fateh adına hərbi Rüşdiyyə məktəbi adlanırdı. İndi mən burada uşaqlıq günlərimi xatırladım. Bizim də Rüşdiyyə eyni ilə belə idi”. Həmin anda müəllimlərdən biri deyir ki, “Paşam, icazə verin məktəbə sizin adınızı verək”.  Paşa razılıq verir, məktəbə paşanın adı verilir və fəxri müəllim seçilir.

1918-ci ilin sentyabr ayında Qarabəkir Paşa ingilislərin Güney Azərbaycana girdiyini öyrəndikdə Naxçıvanlı əsgərləri də Şərq ordusuna birləşdirərək Təbrizə köməyə gedir. Şiddətli döyüşlərdə 11-ci ordu qalib gəlir, asayiş bərqərar edilir və yenidən Naxçıvana qayıdır. Qayıdarkən yenə paşanın və şərq ordusunun şərəfinə şənlik keçirilir, bayram kimi qeyd edilir. Rza Təhmasib[3] çıxışında Hüseyn Cavid və Kazım Qarabəkir paşanın eyni yaşda olmalarını və dostluqlarını xüsusi olaraq vurğulayır, onlarla dost olduğu üçün xoşbəxt olduğunu deyir. Sonda Paşa: “Çox sevimli xocam, müəllimim, türk dünyasının ortaq şairi möhtərəm Hüseyn Cavid Rasizadə bəyəfəndiləri ilə yaşıd olmağımla da qürur duyuram. Bəli, bu bir xoşbəxtlik simvoludur..” deyib bədahətən bu şeiri dedi:

Nə qədər xoş təsadüf, necə mutluluq,
İkimiz də bir zamanda, bərabər doğduq.
Şeir, sənət dünyasında ikimiz də şair olduq.
Sən ustad bir müəllim, mən də qorxmaz bir əsgər,
Bu millətə, bu vətənə qılınc ilə qələm olduq.

 

Cavid də  Paşa üçün aşağıdakı şeiri yazır:

İkimiz də 1882-də doğulmuşuz,

İkimiz də şair olduq,

Qələm ilə qılınc, müəllim ilə əsgər,

Sən həm qələm, həm xəncər,

Vətən üçün qanlı bir əsgər!

 

Paşa Cavidin ədəbi məclislərində iştirak edir, birlikdə tamaşalar səhnəyə qoyur, tədbirlər, məclislər təşkil edirlər.

Lakin I Dünya müharibəsindən sonra bağlanan müqavilələrə əsasən Osmanlı Hərbiyyə Nazirliyi Paşanı geri çağırmalı olur. Qarabəkir Paşanın “əgər ordum buradan çıxarsa, burada bir türk, bir müsəlman qalmayacaq, hamısını qətlə yetirəcəklər” deməsinə baxmayaraq, geri çağırılır və Paşa dönmək məcburiyyətində qalır. Getmədən əvvəl isə dostu Hüseyn Cavidə “Öyüdlərim” adlı şeir kitabını verir və məktəblilərə son sözü belə olur: “Sevimli yavrularım, bu kitabı sizin için yazdım. Bu əl yazısı kitabımı sizə talim edəcək çox dəyərli xocam, xocanız, sevimli şairimiz, benim aziz dostum, kardeşim Hüseyn Cavid bəyəfəndilərinə ərməğan edirəm”.

Hüseyn Cavid Bakıya qayıtdıqdan sonra 1921-ci ildə üstündə  “Kazım Qarabəkir” yazılmış  “Öyüdlərim” kitabını nəşr etdirir. “Öyüdlərim” 1925-ci ildə Maarif Komissarlığı tərəfindən yenidən yayımlanır.

 

Mənbələr:

Azər Turan., “Cavidnamə”, Elm və Təhsil, Bakı 2010

İsgəndər Orucəliyev., “Cavidi Xatırlarkən: məqalələr və xatirələr”, Zərdabi LTD, Bakı 2012

Kazım Karabekir.,  “Günlükler-1906-1948”, Yapı Kredi Yayınları, İstanbul 2017

Latif Hüseyinzade., “Aras Şahittir”, Nurlan, Bakü 2001

Müşkinaz Cavid.,  “Cavidi xatırlarkən”, İşıq, Bakı 1976


[1] Şair Seyid Hüseyn Sadiq nəzərdə  tutulur.

[2] İndiki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.

[3] Aktyor. Folklorşünas Məhəmmədhüseyn Təhmasibin böyük qardaşı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz