HƏR ŞEY ƏSLİNƏ QAYIDAR

HƏR ŞEY ƏSLİNƏ QAYIDAR

Diş həkimləri kanal müalicəsi edərkən sinirləri öldürərlər. Sinirlər öldüyü zaman diş ilə beyin arasındakı əlaqə qopar.

 Türk-İslam dünyasının sinirləri öldürüldüyü üçün beyin bir tərəfdə, diş digər tərəfdə, hər üzv bir-birindən xəbərsiz yaşamağa davam edir. Üstümüzdə gizlin-gizlin kanal müalicəsi aparılıb, xəbərimiz olmayıb. Narkoz sinirləri müvəqqəti olaraq fəaliyyətdən kənarlaşdırmaqdır. Modadan təhsil sisteminə, texnologiyadan medyaya, reklamdan internetə qədər hər şey sanki narkoz altındadır…

Qazaxıstanın ən böyük müdrik ulularından Abay haqqında, Çimkəndə gələnə qədər, heç eşitməmişdim. Bu ölkənin ən böyük ədəbiyyatçılarından Muxtar Əvəzovu da buraya gəldikdən sonra tanıdım. Təkcə Qazaxıstan deyil, dünyanın dörd yanında eyni kitab, eyni peyğəmbər, eyni qiblə ətrafına yığışmış milyonlar bir-birindən xəbərsiz hala gəlib; narkozun təsirində sərsəmləyib. Bəxtiyar Vahabzadəni, Füzulini, Nizamini, Şəhriyarı, Nəsimini Azərbaycana addım atmasaq da eşitmiş, tanımış olmalıyıq. Bunları eşidib-tanımadan Qərbin sənətdə, musiqidə, rəsmdə məşhur şəxsiyyətlərini tanımağı necə izah edə bilərik? Mehmet Akif Ersoy, Yunus Əmrə, Mövlana və Molla Nəsrəddin təkcə Anadolunun dəyərləri deyil ki!

Türkiyəmizdə son zamanlarda yaşanan hadisələri eşidəndə ağlıma Muxtar Əvəzovun Köksərək adlı hekayəsi gəldi. “Kök” sözü “mavi” mənasına gəlir, “sərək” isə “dəcəl, yaramaz” deməkdir. İtaət etməyən, üsyankar atlara Qazaxıstan türkcəsində “sərək” deyirlər. Bəhs etdiyim hekayədə qurd yuvasını basan ovçular içəridəki bütün qurdları öldürürlər. Yalnız bala qurdlardan birini uşaqların tanıması və oynaması üçün kəndə aparırlar. Kurmaş adlı uşaq atasının gətirdiyi mavi rəngə çalan bala canavara sahib çıxır və ona “Köksərək” adını verir. Köksərəklə it kimi rəftar edir və onu it kimi böyüdür.

Bir gün kəndə gələn canavarları qovmaq üçün arxalarınca düşən Köksərək qovduğu canavarlara qarışaraq çıxıb gedir. Canavarların içində özünə gəlir, əslinə qayıdır. Bundan sonra o, atlara, qoyun sürülərinə, dəvələrə zərər verən əfsanəvi bir canavar lideri olur. Hekayənin axırında balaca ikən oynadığı Köksərəyi tapmaq üçün dağlara, meşələrə çıxan dostu Kurmaşı unudur. Çobanlıq edən Kurmaşı bilərək, ya da bilməyərək, parçalayıb öldürür. Bu hekayə orqanikdir, təbiidir.

Bir də buna bənzər şəkildə toyuq yumurtalarının içinə qarışmış qartal yumurtasından bəhs edən hekayə var. Qartal balası yumurtadan çıxır, ətrafına baxır ki, hər tərəfi toyuqdur. Uçmaq istəyir, ona: “sən toyuqsan, uça bilməzsən” deyirlər. Uçan quşlara baxaraq hər dəfə uçmaq həvəsinə düşəndə eyni sözləri deyib əngəl olurlar. Nəhayət, qartal kimi dünyaya gələr, amma toyuq kimi yaşayaraq, heç uçmadan ölüb gedər. Bu hekayə isə hormonludur. Təbiətdəki qanunlara uyğun gəlmir. “Hər şey əslinə dönər” qaydasına görə bu qartalın Köksərək kimi əslinə dönməsi, özünə zorla biçilən roldan imtina etməsi, toyuq fermasından uçaraq uzaqlaşması lazım idi. Rəsulullah (s.ə.s): “Şübhəsiz ki, mən də zarafat edərəm, amma yalnız həqiqəti deyərəm”, - buyurur. Biz də hekayə yazarkən və danışarkən yalnız gerçəkləri söyləməliyik. Hekayə və ya nağıl danışmaq yalan danışmağa və həqiqəti təhrif etməyə bəhanə olmamalıdır.

Biz müəllimlər - xocalar bəzən cəmiyyətin pozulduğundan, degenerasiyadan şikayət edirik. Muxtar Əvəzovun Köksərəyi itlərlə gəzsə də, onlarla yatıb-qalxsa, onlarla yeyib-içsə də, içindəki qurd kimliyi hər daim canlı qalmışdı. Vaxtı-vədəsi gələndə qurd sürüsünün arxasınca düşərək əsl həyatına geri döndü. “Zeytun budağı” hərəkatına başlayan Mehmetcik də içindəki vətən-millət-Quran eşqinin ölmədiyini bütün dünyaya göstərdi. Terroristlərlə çıxan atışmalarda “təyyarə gəlib hamımızı bombalasın, təki zalımlar ölsün” sözünü dünyada neçə əsgər deyə bilər? Döyüşə gedərkən “bizi gözləməyin, toya gedirik” demək üçün qəhrəman atalara sahib olmaq lazımdır. Döyüşə toya gedirmiş kimi gedə bilmək axirətə imanın, Rəsulullaha məhəbbətin nəticəsidir.

Qurdun nəsli qurd, ilanın nəsli ilan olaraq davam edər. Qəhrəmanların nəsli də bəzən dəyişmiş, pozulmuş kimi görünsə də “hər şey əslinə qayıdar” qaydasının qarşısında heç kim dayana bilməz.

“Sarımsağı gəlin etmişlər, qırx gün qoxusu çıxmayıb” sözü zalımlar, əxlaqsızlar üçün keçərlidir. Gəlin olmaq bəzənmək, daranmaq, təmizlənmək deməkdir. Genlər məhkəmədəki hakimlərdən daha təsirli, daha buyurucudur. “Otu çək, kökünə bax” sözü də bu mənaya gəlir. Otu və insanı tanımaq üçün görülən və eşidilənə deyil, tarixə və köklərə baxmaq lazımdır.

Müəllimlik-xocalıq həyatımda insanı dəyişdirə bilmədiyimi öyrəndim. Bəlkə, bir-iki söz öyrətmiş ola bilərəm, amma dəqiq olaraq bilirəm ki, dəyişdirə bilmədim. Hər kəs içindəki parametrlərə görə yaşadı və öz parametrlərinə görə həyatını qurdu. Necə ki, kompyuterdə proqramların olduğu “C” diskinə müdaxilə etmək olmaz, insanların da kökləri, genetik xüsusiyyətləri və fitrətləri xarici müdaxilələri qəbul etməz.

Müəllim–xoca olaraq nə iş gördüm? Yeriyənlə yeridim, dayananla dayandım… Axsayanla axsadım, qaçanla qaçdım… Onlarmı məni şəkləndirdi, yoxsa mənmi onları başa düşmədim?! Qoyunlar çobana görə yeriyər, yoxsa çoban qoyunlara görə? Öz-özümə: “hər şey əslinə qayıtmaqda ikən seyr edib baxmaqdan başqa əldən nə gələr ki?!” – deyirəm. Siz seyr etməkdən başqa nəsə edə bilirsiniz?

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz