Hz. Peyğəmbərin nəzərində Qüds

Hz. Peyğəmbərin nəzərində Qüds

Yer üzündə bəzi məkanlar vardır ki, onlar əhatə etdiyi dini dəyərlər baxımından müqəddəs və fəzilətli sayılmışdır.

 Oralarda edilən ibadətlər, verilən sədəqələr digər yerlərə nisbətlə daha çox savablı qəbul edilmişdir. Məhz bu cür məkanlardan biri də dünyanın ən qədim şəhərlərindən biri olan müqəddəs Qüdsdür.

Üç ilahi dində də müqəddəs qəbul edilən Qüds bir çox peyğəmbərin baş çəkdiyi və məbəd olaraq istifadə etdiyi məkanların yerləşdiyi şəhərdir. Haqqında çoxlu əsərlər qələmə alınan Qüds şəhərinə müsəlmanlar müxtəlif adlar vermişdir. Mədinətüs-Səlam, Yəbus, Beyti-Məqdis, Qüdsü-Şərif bu adlardan bəziləridir. Bunlardan ən məşhur olanı: “Bərəkət, mübarək olmaq” mənasına gələn “Qüds”dür.

Yəhudi və xristianların kitablarında bu məkanla əlaqəli tərifləyici məlumatlar yer aldığı kimi, son ilahi kitab olan Qurani-Kərimdə də sözügedən yerlə əlaqəli məlumat “Bəzi ayələrimizi  göstərmək üçün bəndəsini bir gecə Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya aparan Allah pak və müqəddəsdir...”(əl-İsra, 1) şəklində qeyd edilmişdir. Təfsir alimləri “ətrafını mübarək etdiyimiz Məscidül-Əqsa” ifadəsində qeyd olunan yerin Qüds şəhəri olduğunu söyləmişlər. Odur ki, Qüds şəhərinin müqəddəsliyi Quran ayəsi ilə təsdiq edilmişdir.

Hz. Peyğəmbərdən (s.ə.s) rəvayət edilən hədislər də Qüdsün müqəddəsliyini təsdiq etməkdədir. Rəvayətlərə keçmədən əvvəl onu da ifadə edək ki, Hz. Peyğəmbər (s.ə.s) Mədinəyə hicrət etmədən əvvəl iki il, hicrətdən sonra da on altı ay Qüds tərəfə yönələrək ibadət etmişdir. Daha sonra Allahın əmr etməsi ilə Kəbəyə tərəf yönələrək namazlarını əda etmişdir. Həmçinin Allahla görüşməsinin baş tutduğu “Merac möcüzəsi”, yəni göyə yüksəlmə hadisəsi də məhz Məscidi-Əqsadan baş tutmuşdur.

Müsəlmanların ilk qibləsi qəbul edilən Qüdsə dəyər qatan ən önəmli xüsus, heç şübhəsiz ki, Məscidi-Əqsanın orada olmasıdır. Məscidi-Əqsanın fəziləti ilə əlaqəli bir çox hədis rəvayət edilmişdir. Nəyə görə müqəddəs sayıldığını maddələr şəklində belə xülasə etmək mümkündür:

  1. Məscidi-Əqsaya dəyər qazandıran və onu müqəddəs qılan ən böyük fəzilətlərdən biri oranın ibadət məqsədi ilə ziyarət edilməsidir. Hz. Peyğəmbər (s.ə.s) bir hədisində belə buyurmuşdur: “İbadət üçün bu üç məsciddən başqasına səfər edilməz: Məscidül-Həram (Kəbə), Hz. Peyğəmbərin (s.ə.s) məscidi və Əqsa məscidi”. (Buxari, Məscidü-Məkkə 1, 6). Bu üç məscidin hər üçü də peyğəmbərlər tərəfindən tikilmişdir. İkisi İslam dininin qibləsi, digəri də İslam mədəniyyətinin ilk qurulduğu məkandır.
  2. Peyğəmbərlərin bəzi məkanlara rəğbəti və xüsusi duaları da oraları müqəddəs qılan amillərdəndir. Abdullah ibn Ömərin rəvayət etdiyinə görə, Süleyman peyğəmbər Məscidi-Əqsanın inşasını bitirib Allahdan üç arzu istəmişdir: 1. Özündən sonra heç kimə nəsib olmayacaq qədər çoxlu var-dövlət. 2. Allahın hökmünə müvafiq hökm vermə gücü və qabiliyyəti. 3. Təkcə namaz qılma niyyəti ilə Məscidi-Əqsaya gələnlərin bağışlanması. Hədisin davamında Hz. Peyğəmbərin (s.ə.s) bu izahı yer alır: “Uca Allah Süleyman peyğəmbərə bunlardan ilk ikisini vermişdir. Üçüncüsünün də qəbul edildiyini ümid edirəm”. (Nəsai)
  3. Məscidi-Əqsanın Məscidi-Haramdan sonra yer üzündə inşa edilən ikinci məscid olması da onu müqəddəs qılır. Hz. Əbu Zərdən rəvayət edildiyinə görə, o, Rəsulullahdan (s.ə.s) belə soruşmuşdur: Yer üzündə ilk inşa edilən məscid haradır? O da, “Məscidi-Həramdır”, - deyərək cavab vermişdir. - Sonra hansıdır, - deyə soruşmuş, Hz. Peyğəmbər (s.ə.s) də: “Məscidi-Əqsa”, - deyərək cavab vermişdir. (Buxari, Ənbiya 10).  Bu ikisinin arasındakı müddətin də qırx il olduğu bəyan edilmişdir.
  4. Məscidi-Əqsa Merac gecəsində Hz. Peyğəmbərin aparıldığı məscid olması baxımından müqəddəs qəbul edilmişdir. 
  5. Məscidi-Əqsa Hz. Adəmdən son peyğəmbərə qədər bütün peyğəmbərlərin eyni anda toplandığı yer olduğu üçün fəzilətlidir. Meraca çıxmadan əvvəl Hz. Peyğəmbər (s.ə.s)  bütün peyğəmbərlərə məhz orada namaz qıldırmışdır. (Müslim, İman 75)
  6. Məscidi-Əqsaya müqəddəslik qatan bir digər məsələ də Dəccalın oraya girə bilməməsidir. Rəvayətlərdən birində belə buyurulmuşdur: “Dəccalın hökmranlığı yer üzündə qırx gün davam edəcəkdir. Ancaq Dəccal bu dörd məscidə girə bilməyəcəkdir: Kəbə, Məscidi-Rəsul, Məscidi-Əqsa və Məscidi-Tur (Allahın Hz. Musa ilə danışdığı dağ)”. (Əhməd ibn Hənbəl, Müsnəd).
  7. Fəzilətinə görə Məscidi-Əqsada qılınan namaz evdə qılınan namazlardan minlərlə qat daha savablı qəbul edilmişdir. (İbn Macə).

Xülasə, Quran ayələri və Hz. Peyğəmbərin (s.ə.s)  hədislərində qeyd olunan məkanlar islami dəyərləri ehtiva etməsi və bu dəyərlərə xidmət göstərməsi baxımından müsəlmanlar üçün müqəddəs və fəzilətli sayılır. Oralar ibadət məqsədi ilə ziyarət edilməlidir. Müqəddəs məkanlara sahib çıxmaq dini vəzifə qəbul edilməlidir.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz