BİR AYƏ
بسم الله الرحمن الرحيم
قَدْ اَفْلَحَ مَنْ تَزَكّٰى وَذَكَرَ اسْمَ رَبِّهِ فَصَلّٰى
“Təmizlənən və Rəbbinin adını zikr edib namaz qılan kimsə nicat tapmışdır!” (əl-Əla, 87/14-15)
Uca Allah bu ayələrdə pis əməllərdən uzaqlaşıb təmizlənənlərin, zülmətdən uzaqlaşıb Allahı zikr edənlərin və Onun rizası üçün namaz qılıb səcdəyə qapananların axirət günü hər cür fəlakətdən xilas olub nicat tapacaqlarını xəbər verir. Ayədə keçən تَزَكَّى (təmizlənmək) kəlməsi maddi və mənəvi hər cür kirdən təmizlənmək mənasına gəlir. Bəzi təfsirçilər bu ifadə ilə “təqvasını artıranlar”ın nəzərdə tutulduğunu qeyd etmişlər. Təqvasını artırmaq və nəfsini təzkiyə etmək üçün bir möminin hər daim Allahı zikr edib tövbə etməsi gərəkdir. Çünki Peyğəmbərimiz (s.ə.s) də insanları tövbə edib günahlardan təmizlənməyə sövq edərək belə buyurmuşdur: “Bütün insanlar günahkardır. Günahkar insanların Allah nəzdində ən məqbul olanları isə tövbə edənlərdir”. (Tirmizi, Sifatül-qiyamə, 15) Mənəvi təmizlənmənin ən mükəmməli isə qəlbi küfr zülmətindən təmizləyib Allahın zikri ilə doldurmaqdır. Rəbbimiz bizim Onu xatırlamağımızı, Ona olan inancımızı daim canlı tutmağımızı istəyir. Bunu təmin etmək üçün də Onu daim zikr etməli, bunu davranışlarımızda və dilimizdə də nümayiş etdirməliyik. Eyni zamanda bizi yaradan Rəbbimizə inandığımıza və Onun bir qulu olduğumuza görə namaz qılmalı, onun üçün səcdəyə qapanaraq təkəbbürlüyümüzü qırmalı, səmimi bir qəlb ilə Onun hüzuruna çıxa bilməliyik. Qıldığımız hər namazı sanki son namazımız imiş kimi qıla bilsək, bu bizə mənəvi olaraq daha çox təsir edəcək və bu əhvali-ruhiyyə davranışlarımızda da özünü büruzə verəcəkdir. Çünki layiqincə qılınan bir namaz ən mühüm təmizlənmə vasitələrindən biridir. Belə ki, Uca Allah buyurur: “Namaz qıl! Şübhəsiz ki, namaz həyasızlıqdan və pisliklərdən uzaqlaşdırır”. (əl-Ənkəbut, 29/45)
Ayənin əvvəlində qeyd olunan قَدْ اَفْلَحَ (xilas olmuşdur) sözü, Allah-Təalanın bir müjdəsidir. Bu felin hərfi mənası keçmiş zamanı ifadə etsə də, gələcəkdən xəbər verir. Qurani-Kərimin bir çox ayəsində gələcəkdən xəbər verilərkən keçmiş zaman formasındakı fellərdən istifadə olunmuşdur. Bu, sözügedən işin mütləq gerçəkləşəcəyini bildirən və qətilik ifadə edən bir Quran üslubudur.
Bəzi təfsirçilər isə bu iki ayədə Ramazan ayının sonunda fitrə sədəqəsini verib bayram namazına gedənlərin qəsd olunduğunu bildirmişlər. Yəni həqiqi mömin sədəqə verməklə malını təmizləyər və bayram namazını əda edər.
Nəticə etibarilə bir kimsə nicat tapıb cənnətə nail olmuş bəndələrdən olmaq üçün ilk növbədə qəlbini batil inanc və düşüncələrdən təmizləməli, Allahı layiqincə dərk etməli və Ona qarşı qulluq vəzifələrini yerinə yetirməlidir. Məhz bütün bu gözəllikləri yerinə yetirən, yaşayan insan nicat tapar, rahatlığa qovuşar və Allahın rizasına nail olar. Uca Allah hamımızı bu nemətlərə sahib olmağa müvəffəq etsin.
ŞƏRHLƏR