MERAC MÖCÜZƏSİ
Hicri Qəməri aylardan biri olan Rəcəb ayının 26-dan 27-ə keçən gecə Hz. Peyğəmbərin (s.ə.s) səmavat və mələkut aləmini seyr etdiyi müqəddəs Merac hadisəsinin yaşandığı gecədir.
Meracın lüğət mənası: “yüksəlmək, yuxarı qalxmaq, yüksəlmək üçün vasitə” deməkdir. Bunun üçün də Meraca “mənəvi nərdivan” da deyilməkdədir. Meracla bağlı ifadələrdən biri də İsradır. Qurani-Kərimin on yeddinci surəsinin adını daşıyan İsra isə: “gecə gəzintisi, gecə yola çıxmaq” mənasına gəlməkdədir. Elə həmin surənin ilk ayəsində bu haqda belə buyurulmaqdadır: “Bəzi ayələrimizi göstərmək üçün bəndəsini (Peyğəmbərini) bir gecə (Məkkədəki) Məscidül-Həramdan ətrafını mübarək etdiyimiz Məscidül-Əqsaya (Beytül-Müqəddəsə) aparan Allah pak və müqəddəsdir". (əl-İsra, 1).
Bu hadisənin birinci mərhələsi, yəni bir gecə yarısı Məkkədən Qüdsdəki Məscidi-Əqsaya aparılması İsra hadisəsi adlanır. Bunun dərhal arxasınca davam edən sonrakı mərhələ isə Meracdır. Bu yazımızda Merac hadisəsini ələ alacağıq.
Merac Peyğəmbərimizin (s.ə.s) Məscidi-Əqsadan 7-ci qat göyə qədərki səyahətini təşkil etməkdədir.
Bu hadisənin neçənci ildə baş verdiyi ixtilaflı olmaqla yanaşı, daha etibarlı mənbələrə görə bisətdən, yəni Hz. Peyğəmbərə peyğəmbərlik verilməsindən 10 il sonra cərəyan etmişdir. Etiraf edək ki, o dövrdə yazı, elm, texnika o qədər də inkişaf etməmişdi. Bu səbəbdən də tarixi hadisələr və təfərrüatları insanların yaddaşında şifahi olaraq qalırdı. Zamanla ilində və ya ayında hər hansı fərqlilik daşıyan rəvayətlər meydana gələ bilirdi.
Əsas xətləri ilə bu hadisə belə baş vermişdir: Müsəlmanlara edilən baykot və təzyiqlər səngimiş, bununla yanaşı, Allah Rəsulunun (s.ə.s) möhtərəm xanımı Xədicə anamız (r.anha) və əmisi Əbu Talib dünyalarını dəyişmişdi. Allah Rəsuluna (s.ə.s) bu ayrılıqların səbəb olduğu bir üzüntü və sıxıntı üz vermişdi. Çünki bu şəxslərin hər ikisinin də İslamın yayılmasında və Peyğəmbərimizin (s.ə.s) himayə olunmasında müstəsna rolları vardı. Təsadüfi deyil ki, elə buna görə də bu ayrılıq illərinə Peyğəmbərimizin həyatını ələ alan Siyər elmində “Sinətül-Hüzn”, yəni “Hüzn ili” adı verilmişdir.
Bu hüznü və kədəri yox etmək, həmçinin Allah Rəsulunun (s.ə.s) Allah qatında yüksək və fəzilətli bir dəyəri olduğunu göstərmək üçün Uca Allah Peyğəmbərimizi (s.ə.s) öz dərgahına çağırmış və neçə-neçə qəribəlikləri və möcüzəvi aləmi ona göstərmişdi. Bundan əlavə, hələ heç bir peyğəmbərə sağ ikən nəsib olmayan bir məqamı – Uca Allahla görüşmək şərəfini, elə məhz bu gecədə Hz. Muhammədə (s.ə.s) bəxş etmişdi.
Merac hadisəsi bəşər idrakının fövqündə olan bir hadisədir. Orada zaman və məkan yox olur, maddi qanunlar işləmir. Kainata hakim olan Uca Allah bu gecədə Hz. Peyğəmbərə (s.ə.s) cənnətləri, cəhənnəmləri göstərmiş və onu Uca Zatına yaxınlaşdırmışdı. Başqa sözlə desək, Hz. Muhammədin (s.ə.s) Meracı onun bu dünyadan zaman və məkanın yox olduğu əbədi bir sahəyə keçməsi, oradan da yenidən dünyaya qayıtmasıdır. Uca Allahın Peyğəmbərimizə (s.ə.s) məxsusi lütf etdiyi bu hadisəni bəzi İslam alimləri belə izah etmişdir: “Merac Peyğəmbərimizin (s.ə.s) peyğəmbərliyinin ən böyük möcüzəsi və ən uca mərtəbəsidir. Merac və oradakı qəribəliklər həm də Muhamməd Mustafanın (s.ə.s) bütün peyğəmbərlərin məqamlarının fövqündə duran məqamının təntənəsidir. Meracdan qayıdışı isə onun Uca Allahdan bilavasitə aldığı əmrlər məcmuəsi olan risalətidir”.
Bir gün müşriklərdən ibarət bir heyət Kəbənin ətrafına toplaşıb Peyğəmbərimizə (s.ə.s) deyirlər: “Yerdən bizə (möcüzəvi olaraq) bir çeşmə çıxarmadıqca, yaxud sənin xurmalardan, üzümlərdən ibarət bir bağın-bağçan olub, ortasından şırıl-şırıl çaylar axıtmadıqca, iddia etdiyin kimi göyü üstümüzə parça-parça edib yağdırmadıqca, yaxud Allahı və mələkləri qarşımıza çıxarmadıqca, qızıldan bir evin olmadıqca, ya da göyə çıxmadıqca sənə əsla inanmayacağıq. Bizə göydən oxuyacağımız bir kitab endirmədikcə göyə çıxdığına da inanacaq deyilik…” (əl-İsra, 90-93).
Halbuki Merac hadisəsi ilə Peyğəmbərimizə (s.ə.s) həm səmadan ilahi müjdələr verilmiş, həm də o, göylərə qalxmışdı. Lakin o dövrün əksər insanları, xüsusən də bədəvi ərəblər Merac hadisəsinə inanmadılar. Uca Allahın qüdrəti və möcüzəvi hadisələri qarşısında aciz qalaraq bu hadisəni inkar etmək yolunu tutdular. Yalnız Həzrət Əbu Bəkr kimi imanına bağlı, əhdinə sadiq bəxtəvərlər bunu tərəddüdsüz bir əminliklə qəbul etdilər.
Yuxarıda qeyd etdik ki, Peyğəmbərimiz (s.ə.s) Meracdan bəzi müjdələr və hədiyyələrlə geri gəlmişdi. Bu hədiyyələr və müjdələr bunlar idi:
- Beş vaxt qılacağımız namaz.
- Ümmətindən Allaha ortaq qoşmayanların mütləq cənnətə girəcəkləri.
- Bəqərə surəsinin sonundakı iki ayə olan 285-286-cı ayələr.
Qibləyə yönəlmələrimizin İsra, namazlarımızın Merac olması diləyi ilə…
ŞƏRHLƏR