SƏLİB YÜRÜŞLƏRİNİN HƏDƏFİ
Tarixi mənbələr təsdiqləyir ki, Qüds şəhəri eramızdan əvvəl II min illikdə yevus (və ya yebus) xalqı tərəfindən salınıb.
O vaxtdan günümüzə qədər keçmiş müddət ərzində şəhər 2 dəfə tam məhv olaraq yenidən qurulmuş, 23 işğala, 52 dəfə hücumlara məruz qalmışdır. Şəhərin bu ömrünün yarısı eyni anda 3 səmavi dinə ruhani mərkəz olmaqla keçib. Qüds müsəlmanların olduğu qədər xristianların da, yəhudilərin də dini mərkəzidir. Belə ki, Həzrət Peyğəmbərin bu şəhərdən Meraca yüksəldiyi və müsəlmanlar üçün önəmli bir məbəd olan Məscidi-Əqsanın burada inşa edildiyi məlumdur. Bununla yanaşı, Yəhudi və Xristian dinləri üçün önəmli sayılan məbədlər də var bu şəhərdə. Həzrət İsanın guya burada çarmıxa çəkilməsi rəvayəti səbəbilə buranın həcc məntəqəsi olaraq qəbul edilməsi xristianlar üçün, miladdan əvvəl X əsrdə Davud peyğəmbərin komandanlığı altında Yəhudilər tərəfindən ələ keçirilməsi Qüdsü yəhudilər üçün önəmli etmişdir.
Qüds şəhər-dövlət kimi möhtəşəm dövrünü Süleyman peyğəmbərin vaxtında yaşasa da, onun vəfatından sonra ədalətsizliklərin və saraydaxili müharibələrin nəticəsində getdikcə zəifləyir. Xəlifə Həzrət Ömər tərəfindən 638-ci ildə fəth olunaraq 3 səmavi dinin mərkəzi halına gələnə qədər şəhər Babillər, Perslər, Makedoniyalı İsgəndər, Misir hökmdarı I Ptolomey və romalılar tərəfindən xronoloji ardıcıllıqla əl dəyişdirmişdir. Müsəlmanların Qüdsü fəth etməsi burada əmin-amanlığı və sabitliyi təmin etməklə yanaşı, şəhərin xristian və yəhudilər üçün də dini mərkəz kimi istifadəsinə imkan yaratmışdır. Məhz bu imkanın olması, eləcə də xilafətin zəifləməsi, ən əsası isə “xristian təəssübkeşliyi”, sırf Qüdsün müsəlmanlardan geri alınması məqsədilə tərtib edilən səlib yürüşlərinin “impulsvericisi” olmuşdur. Ümumiyyətlə, bütün səlib yürüşləri Qüds uğrunda olmuşdur.
Klermon şəhəri yaxınlığındakı düzdə 1095-ci ildə keçirilən geniş yığıncaqda nitq söyləyən Roma papası II Urban xalqı qılınca sığınmağa və müsəlmanları "kafir" adlandırmaqla "dünyanı onlardan təmizləməyə" çağırdı. Bu çağırış səlib yürüşlərini başlatdı və bu yürüşlərə qoşulanların hər birinin öz maraqları var idi: feodalların varlanmaq, cəngavərlərin nüfuzlarını bərpa etmək, xristian ruhanilərinin yeni torpaqlar tutmaq, yoxsulların isə azad olmaq cəhdi. Bu çağırışdan bir il sonra yoxsul kəndlilərin iştirakı ilə başlayan I Xaçlı müharibəsində Səlcuqlular, mərkəzi hakimiyyətlərinin zəif olmasına baxmayaraq səlibçiləri məğlub etdilər. Bu məğlubiyyətdən sonra Fransa, Almaniya və İngiltərənin feodallarının başçılığı altında cəngavərlər şərqə doğru hərəkət etdilər. Bu zaman müsəlmanlar aralarında müxtəlif anlaşılmazlıqlar və çəkişmələr yaşanırdı və güclü bir dövlət yox idi. Xırda əmirliklərə bölündükləri üçün Avropadan gələn işğalçılara qarşı müqavimət göstərə bilmədilər. Xaçlılar Kiçik Asiyada səlcuqları məğlub etdilər. 3 ildən sonra 1099-cu iIdə Qüdsə çatıb oranı tutdular. Dəhşətli qırğın törətdilər, şəhəri yağmalayıb, viranəyə çevirdilər. Peyğəmbərlər şəhəri, müsəlmanların ilk qibləsi Qüds müsəlmanların hakimiyyətində olmadığı hər dövr kimi bu dövrdə də qan ağlayırdı. Bu vəziyyət 1187-ci ilə kimi davam edəcəkdir.
Böyük İslam sərkərdəsi, Misirdəki Əyyubi dövlətinin başçısı Səlahəddin Əyyubi, müsəlman əmirlikləri öz hakimiyyəti altına alıb birləşdirməsi ilə müsəlmanlar xaçlı işğalçılara qarşı mübarizə aparmaq gücünə sahib oldular. 1187-ci ilin 20 sentyabrında Qüdsü mühasirə edən Əyyubi, şəhərə ərzaq daxil olmasına imkan vermir, suyu kəsir və şəhər ətrafında tonqallar qalatdıraraq xaçlıları tüstüyə verir. Xaçlı cəngavərləri mühasirəni yarmağa təşəbbüs etsə də, Əyyubi “yalançı hilal” texnikası ilə mühasirəyə alıb onları məhv edir. Tarixdə Hittin müharibəsi adlanan bu döyüşdə səlib orusunun komandanı Kral Lüzinyanlı Guy və tərəfdaşı Raynald of Chatillon əsir götürülürlər.
On iki günlük mühasirədən sonra təslim olmaq məcburiyyətində qalan xaçlılara: “Mənim Qüdsə hörmətim sonsuzdur, mallarınızın, torpaqlarınızın təzminatının veriləcəyinə dair Sizə söz verirəm” deyən müzəffər komandana şəhəri təslim edirlər. Qadınları və hətta uşaqları qətlə yetirərək şəhərə girən xaçlılara toxunan olmadı. Heç kimin malı, canı və namusu zərər görmədi. İstəyənlərin rahatlıqla şəhəri tərk etməsi üçün bütün şərait yaradıldı.
Səlahəddin Əyyubi ordusu ilə Qüdsə girdiyi gün möcüzəvi bir şəkildə Merac hadisəsinin baş verdiyi günə təsadüf etmişdi. Şəhəri təslim alan Səlahəddin Əyyubi Məscidi-Əqsaya gəlib, buranı öz əlləri ilə süpürmüş, gül yağı ilə silərək burada cümə namazı qılmışdır. Artıq Qübbətüs-Səxradakı xaç endirilmiş, 88 ildir duyulmayan azan səsi təkrar şəhəri nurlandırmışdı. Lakin xaçlılar Qüdsün müsəlmanlara təslim edilməsini uzun müddət həzm edə bilmədilər və vaxtaşırı Qüdsü geri almaq niyyətlərini büruzə verdilər. Bunlardan biri kimi 1229-cu ildə II Fridrix şəhəri xristianlara qaytarır, ancaq bu vəziyyət uzun sürmür. Şəhər 1244-cü ildə Xarəzmilər tərəfindən yenidən fəth olunur və 1517-ci ildə Osmanlı ərazisinə daxil olur. Tam dörd əsrlik Osmanlı himayəsində Qüds 3 dinin həqiqi mərkəzi kimi özünün çiçəklənmə dövrünü yaşayır.
Hazırda Qüdsdə problemlərin davam etməsi səlib yürüşünün sona çatmadığını göstərir. Tarixdəkindən fərqli olaraq, bugünkü yürüyüşlərə katolik və ortodoks xristianları deyil, bir sıra dövlətlərin timsalında, yəhudiliyə yaxın bir məzhəb olan protestantlar başçılıq edir. “Xristian sionistlər” adlandırılan Evangelistlər isə İsa peyğəmbərin Diriliş məbədində yenidən diriləcəyinə və dünya hegemoniyasının yəhudilərin əlinə keçəcəyinə inanırlar. Əhdi-ətiqdəki ehkama görə, İsa peyğəmbər Diriliş məbədində zühur edəcəkdir. Bu inanışa görə yəhudilər Qüdsə toplanmalıdır.
ŞƏRHLƏR