BİR QÜDS XATİRƏSİ

BİR QÜDS XATİRƏSİ

Türkiyəli jurnalist mərhum İlhan Bardakçının (1925-2004) başına gələn tükürpərdici və ibrətli bir hadisə var.

 Əminəm ki, müsəlmanların Qüds sevdasını anlatmaq üçün  bu hadisədə kifayət qədər maraqlı faktlar yer alır. Belə ki, İlhan Bardakçı 1972-ci ildə İsrailə rəsmi səfər çərçivəsində gedən bir qrupda jurnalist olaraq yer alır. Səfər çərçivəsində bir gün onları İsrailin tarixi və turistik yerlərində gəzdirirlər. Bu zaman onlara Məscidi-Əqsanı görmək də nəsib olur. Orada baş verənləri öz dilindən dinləyək:

“Qrupumuz Məscidi-Əqsaya çatanda xeyli həyəcanlanmışdıq. Tarixi pilləkənləri bir-bir qalxarkən yuxarıdakı geniş həyətin hələ də “on iki min şamdanlı həyət” adlandığını öyrəndik. Belə ki, Yavuz Sultan Səlim 1517-ci ildə Qüdsü aldığı zaman axşamüstü gəlib məscidə çatır. Gecə namazını həmin həyətdə ordusu ilə bərabər qılmaq üçün on iki min ədəd şamdanda şam yandırtdırır. O gündən buranın adı “on iki min şamdanlı həyət” olaraq qalır. Bələdçimiz öndə, biz isə arxada, getməyə davam edirik. Bu zaman pilləkənlərin başında, mübarək məscidin yerləşdiyi həyətin girişində dayanan, iki metrə yaxın boyu, doxsana yaxın yaşı olan bir adam diqqətimi çəkir. Heykəl kimi dayanmışdı. Başında çoxdan rəngini itirmiş köhnə bir fəs, əynində özündən də yaşlı görsənən əsgər forması var; hər tərəfi yamaqlı, nimdaş, köhnə bir forma. Bu görkəmi əslində onu əsrlik qoca çinarlara bənzədirdi. Onu görəndə içimdən, “görəsən, bu adam bu istidə niyə burada gözləyir?” deyə keçirdim.

Bələdçidən onun kim olduğunu soruşdum. “Mən buralara gələndən bəri onu belə görmüşəm. Heç kimlə danışmaz, heç kimi də dinləməz. Eləcə axşama kimi hər gün burada dayanar”, - dedi. Yaxınlaşıb salam verdim. Salamımı alanda ləhcəsində Anadoluya məxsus doğmalıq hiss etdim, başladım türkcə danışmağa. Kim olduğunu, burada niyə dayandığını soruşdum. Titrək  səsi ilə cavab verdi:

- Mən, Osmanlı ordusu, iyirminci kolordu, otuz altıncı tabor, səkkizinci bölük, on birinci ağır makinalı tüfəng tağımı komutanı onbaşı Həsənəm.

Səsində cavanlığın gümrahlığı qalmasa da, onun vaxtilə əsgər olduğunu başa düşdüm. Buraya necə gəldiyini soruşdum.

- Mən İğdirli onbaşı Həsənəm. Bizim bölük Dünya Müharibəsində Kanal cəbhəsində ingilislərə hücum etdi. Döyüşdə məğlub olduq. Geri çəkilmək məcburiyyətində qaldıq. İngilislər Qüds qapılarına gəlib çatdılar. Ordumuz bizi – əlliyə yaxın əsgəri asayiş nəzarət dəstəsi kimi burada qoyub şəhəri ingilislərə təslim etdi.

Yağmalama və qətliam kimi faciələrin yaşanmaması üçün Osmanlı ordusu nəzarət dəstəsi saxlamaq şərti ilə geri çəkilmişdi. Xalqın ingilislər qarşısında qorxu içində təşvişə düşməməsi üçün ingilis tərəfi də bunu razılıqla qarşılamışdı.

Mudros sülh müqaviləsindən sonra ordu tamamilə çəkilməli olmuşdu. Bu zaman komandir əsgərlərinə deyir ki, mən burada qala bilmərəm. Amma istəyənlər ordudan istefa verərək burada qala, keşik çəkməyə davam edə bilərlər. Onbaşı Həsən də İslamın ilk qibləsini, əcdadın şərəfli mirasını qorumaq üçün könüllü qalan əsgərlərdən biri idi. İllər keçdikcə bölüyün digər fərdləri tək-tək vəfat etmiş, təkcə onbaşı Həsən qalmışdı.

Onbaşı Həsən dedi:

- Oğul, bir əmanətim var, sənə versəm, onu çatdırarsan?

- Əlbəttə, - dedim.

Sanki illərdir Türkiyəyə göndərmək istədiyi xəbəri belə dilə gətirdi:

- Anadoluya çatanda yolun Tokat bölgəsinə düşərsə, məni Məscidi-Əqsada keşikçi olaraq təlimatlandıran komandirim Mustafanı tap. Mənim yerimə də əllərindən öp və ona de ki, “Qüdsü qorumaq üçün vəzifələndirdiyiniz onbaşı Həsən o gündən bu yana təlimat verdiyin yerdə keşik çəkməkdədir. Vəzifəsini heç axsatmadı, öhdəliyini tamamladı...”

Yaşlı əsgərin dediklərini qeyd edib ona öz ünvanımı verdim. “Türkiyəyə gəlsən, xəbərim olsun”, - dedim, sonra sağollaşıb qrupun arasına qatıldım. Eşitdiklərimi rəhbərə danışanda o da heyrətlər içində qaldı.

Türkiyəyə qayıdanda Tokat şəhərinə gedib hərbi arxivdən həmin zabiti axtardım. Çoxdan vəfat etmişdi.

Aradan on il keçdi. Bir gün iş yerimə bizi İsraildə gəzdirən rəhbərdən teleqram gəldi. Teleqramda bircə cümlə yazılmışdı: “Məscidi-Əqsanın keşiyini çəkən son Osmanlı əsgəri bu gün vəfat etdi”.

 Bəli dostlar, əcdad belə bir eşq, belə bir sədaqətlə bağlı idi o əziz və müqəddəs məkana. “Qüdsdəki son Osmanlı” deyəndə yadıma “Bakıdakı son Osmanlı – Novruz baba” düşdü. Balaca Əhməd 1918-ci ildə Qafqaz İslam ordusunun İstanbul əsilli zabiti olan atası ilə gəlmişdi Azərbaycana. Ordu dönsə də, onun atası dönməmiş, buradakı xidmətinə davam etmişdi. Adlarını dəyişmiş, balaca Əhməd Novruz olmuşdu. Amma nə əqidəsindən, nə də əzmindən bir şey itirmişdi. Qoca bir çinar ağacı kimi Bakını tərk etmədi, müstəqilliyin yenidən geri gəlməsini gözlədi. 2006-cı ildə Sovet dövründə çəkdiyi bütün işgəncələrə baxmayaraq tərk etmədiyi doğma Bakıda vəfat etdi. Məkanı cənnət olsun.

Bir gün Qüdsə də yenidən sevinc dolu, sülh və əmin-amanlıq dolu günlərin geri gəlməsi təmənnası ilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz