Dünəndən bu günə Qüds

Dünəndən bu günə Qüds

Tarixdəki ən maraqlı torpaq satılması hadisələrindən biri 1867-ci ildə Çar Rusiyasının ərazisinin 13.8%-ni (Alyaskanı) cəmi 7.2 milyon dollara ABŞ-a satmasıdır.

 Deməli, ölkələr çox çətin zamanlarda böyük ərazilərini belə sata bilirlər. Əslində bu baxımdan 1901-ci ildə Siyonist təşkilatın liderlərindən Teodor Hertslın Osmanlı sultanı II Abdülhəmidə etdiyi təklif çox da qəribə sayılmaya bilərdi(!). Çünki Osmanlı tarixinin ən çətin dövrlərindən birini yaşayırdı, dövlət borcları hədsiz dərəcədə çox, imperiya isə böhran içində idi. Hertsl da Osmanlının borclarının ödənilməsi əvəzində Fələstində onlara torpaq satılmasını istəyirdi. Amma Sultan II Abdülhəmid bütün çətinliklərə və böhrana baxmayaraq bu təklifi qətiyyətlə rədd etdi. II Abdülhəmid bilirdi ki, bu, sadəcə bir torpaq, bir sığınma məsələsi deyil. Onun düşüncəsinə görə yəhudilərin oraya köçməsi oradakı fələstinlilərin qanının sonsuza qədər axmağına səbəb olacaqdı. Tarix sultanı haqlı çıxartdı. Bunun qarşısını almaq üçün bir çox qanunlar çıxaran sultan yəhudilərin turist statusunda belə Fələstin torpaqlarına getməsini qadağan etdi. Məhz bu cür addımları və yəhudilərə İsrail dövlətini qurmağa mane olması səbəbi ilə Sultan II Abdülhəmid “Qızıl sultan” adlandırılaraq ləkələnməyə çalışıldı. Tarix şəxsiyyətlərin qiymətini tez, ya da gec verdi, verəcək.

Bəs İsrail dövlətinin qurulması ideyası haradan gəlir? Bəzi mənbələrə görə, Fələstinin də yerləşdiyi və Yaxın Şərq adlandırılan əraziyə hökm edənlər tarixən bütün dünyaya hökm etdiyi (Roma imperiyası, Osmanlı, ABŞ) üçün bu torpaqlar böyük güclər tərəfindən ələ keçirilməyə çalışıldı. Amma daha çox yayılan yanaşma isə bunu dini ədəbiyyat vasitəsiylə və “vəd olunmuş torpaqlar” anlayışı ilə izah etməyə çalışır. Bu yanaşmaya görə Fələstin ərazisi yəhudilərin tarixi yurdları olub və əvvəl-axır onların olmalıdır.

Yəhudilər arasında daha iki fərqli yerdə İsrail dövlətinin qurulması ilə bağlı müzakirələr olduğu iddiası da var. Bunlarda biri Argentina, ikincisi isə Rusiyanın uzaq şərqində yerləşən Yəhudi Muxtar Vilayətidir. Amma bir çox yəhudi lider bunu siyonist-yəhudi mübarizəsinə xəyanət sayaraq Fələstin variantını qətiyyətlə müdafiə edib. Nəticə olaraq İsrail dövlətinin Fələstin ərazisində qurulmasına qərar verilib.

Bəs Qüds mərkəzli Fələstin torpaqlarının əsl sahibləri kimlərdir? Bu torpaqlar e.ə. 2000-ci illərdə ərəblər, e.ə. 1800-cü illərdə xetlər, e.ə. 1286-ci ildən etibarən Misir, daha sonra Hz. Musa (ə.s.) liderliyində İsrail oğulları, daha sonra Hz. Davud (ə.s.) və Hz.Süleyman (ə.s.), e.ə. 64-cü ildən Roma, eramızın 395-ci ilində Bizans, 637-ci ildən İslam xilafətinin, 1516-ci ildən Osmanlının tabeliyində olub.

1916-cı ildə eyni zamanda Osmanlı imperiyasının torpaqlarını bölmək məqsədi ilə hazırlanan və Yaxın Şərqi müasir dövrə qədər qan gölünə çevirən məşhur Sayks-Piko müqaviləsi imzalandı. Müqaviləyə görə Fələstin torpaqlarına beynəlxalq status verildi, yəni bu ərazi hər hansı bir ölkəyə verilmədi. Bu, daha ortada olmasa da, bir İsrail dövləti planının işin içində olduğuna işarə edən faktlardan biri kimi qiymətləndirilə bilər. 1917-ci ildə isə o zamankı İngiltərə Xarici İşlər naziri Balfor siyonist liderlərdən Rotşildə yazdığı məktublarda Fələstin torpaqlarında bir yəhudi dövlətinin qurulması vədini verirdi. Təbii ki, bu, qarşılıqsız deyildi (İsrail dövlətinin qurulmasına gedən uzun yol, İngilis-Yəhudi əlaqələri ilə bağlı baxın: Prof. Dr. Şaban Teoman Duralı, “Çağdaş Küresel Medeniyet”, 2006). Daha sonra Balfor Deklarasiyası olaraq tarixə keçən bu prinsiplər İsrail dövlətinin qurulmasına gedən yolu açdı.

Balfor Deklarasiyası sonrakı mərhələlərdə dünya ölkələri arasında imzalanan sülh müqavilələrində də öz əksini tapdı və Fələstinə böyük yəhudi köçü başladı. II Dünya Müharibəsi illərində isə bu köç ayrı bir mərhələyə keçərək sürətləndi. Bu dövr içində Fələstin torpaqlarında söz sahibi güc İngiltərə idi.

1947-ci ildə BMT Fələstin torpaqlarının ərəb və yəhudilər arasında ikiyə bölünməsi, Qüdsə isə beynəlxalq şəhər statusu verilməsi qərarını aldı. Bir il sonra isə İsrail dövləti rəsmi olaraq elan edildi. 1948-ci ildə silahlı siyonistlər 1 milyon civarında fələstinlini tarixi yurd-yuvalarından qovdu. Bu proseslərin nəticəsində də günümüzə qədər gələn müharibələr davam edir və fasiləsiz olaraq fələstinlilərin qanı axır.

Bu yaxınlarda ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və Təl-Əvivdə yerləşən ABŞ Səfirliyini Qüdsə köçürtmə qərarı alması bütün dünyada şiddətli etirazlara səbəb oldu (Tramp və yəhudilər arasındakı münasibətlər üçün baxın: Maykl Vulf “Atəş və qəzəb”, 2018).

Türkiyənin də liderliyini etdiyi “Qüds üçün ədalət” kampaniyası öz nəticəsini verdi. BMT-də Trampın bu qərarı rədd edildi. Səs verən ölkələrdən 128-i (Azərbaycan da daxil) Qüds məsələsində Fələstini, 9 ölkə isə ABŞ və İsrailin mövqeyini dəstəklədi (ABŞ, İsrail və bir neçə kiçik ölkə). Eyni zamanda İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Türkiyənin dəvəti ilə İstanbulda toplandı və “Şərqi Qüds Fələstin dövlətinin paytaxtıdır” qərarını aldı. Təbii ki, sahədə və siyasət meydanlarında bu proseslərin nəticələrini birlikdə görəcəyik.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz