QÜDSİ- TARİXƏ AÇILAN QAPILAR
Bir insanla tanış olarkən ilk növbədə onun geyim-kecimi, təmizlik və zahiri xüsusiyyətləri bəzən həlledici əhəmiyyət kəsb edə bilir.
Şəhərlər də belədir, xüsusilə qədim tarixə malik olan qocaman şəhərlər. Şəhərin girişi, ala qapısı, qala divarları onun haqqında ilkin fikri formalaşdırır. Elə qapılar var ki, kandarından içəri atılan ilk addımla zaman öz mahiyyətini itirərək sizi orta əsrlərə, qədim dünyaya aparar.
Qədim yaşayış məskənlərindən olan və eynilə doğma İçərişəhərimiz kimi qala divarları ilə əhatələnmiş qədim Qüds də əsrarəngiz qapıları ilə diqqət çəkir. Gəlin birlikdə xəyali Qüds səfərinə çıxaq, ənbiya və övliya nəfəsi ilə arınmış mübarək məkana baş çəkək, tarixə şahidlik edən möhtəşəm qapılarından ecazkar dünyasına boylanaq.
Qədim Qüdsün ümumilikdə 11 qapısı var. Bu gün həmin qapılardan yeddisi açıq olsa da, dördü bağlıdır. Həmin qapılar hansı dövrün yadigarıdır, üzümüzə bağlı olanları kim, nə üçün bağlayıb? Gəlin birlikdə oxuyaq:
Açıq qapılar:
Babul-Amud – Şam qapısı. Bu qapı Qüds surlarının şimal divarının mərkəzində yerləşir. Tarixi çox qədimlərə uzanan qapı daşdan yonulmuş iki sütuna söykənən tağ şəklindədir. İmperator Hadrian zamanında (117-138) içərisinə bir sütun əlavə edilmişdir. Ərəblər tərəfindən Babul-Amud – Dirək Qapısı adlandırılmışdır. Əvvəllər Şama gedən karvanlar buradan yola çıxdığı üçün Osmanlılar tərəfindən Şam qapısı adlanmışdır. Qüdsün ən gözəl qapısı sayılır.
Babus-Sahira. Avropalıların Herod Qapısı adlandırdığı bu qapı Qüds surlarının şimalında yerləşir. Həmçinin Çiçəkli Qapı mənasına gələn Babuz-Zəhra adı ilə də məşhurdur. Tarixi əsərin bugünkü halı Osmanlıların hakimiyyət illərindən qalmışdır. Qapı birbaşa müsəlman məhəlləsinə açılır.
Babul-Əsbat – Nəvələr və ya Qəbilələr Qapısı. Hz. Yaqubun 12 oğlu vardı. Qapıya adı verilən qəbilələr Hz. Yaqubun 12 oğlunun davamçılarıdır. Sonralar Fironun zülmünə məruz qalan bu qəbilələr Musa Peyğəmbərin rəhbərliyi ilə Misirdən çıxaraq vəd olunmuş torpaqlara yerləşmək üçün yollara düşürlər. Lakin Qurani-Kərimdə və Tövratda bildirildiyi kimi inadkarlıqları ucbatından Hz. Musa zamanında vəd olunan torpaqlara yerləşə bilmirlər, onun vəfatından sonra Yuşa Peyğəmbərin komandanlığı altında Fələstin ərazilərinə yerləşirlər. Qüds şəhərini isə e.ə. 1000-ci ildə Hz. Davud zamanında ələ keçirə bilirlər. Həmin 12 qəbilə şəhərə məhz buradan daxil olduqları üçün qapı belə adlanmışdır. Bu qapı Qüdsün şərq divarında yerləşir. Aslanlı Qapı adı ilə məşhurdur.
Babul-Məğaribə. Surların cənub divarında yerləşir. Şəhərin ən kiçik qapısı olan Məğriblilər Qapısı yəhudilər məhəlləsinə, Ağlama divarına açılır. Qapının çölə açılan hissəsində 1967-ci ilə qədər məğriblilərin yaşadığı Məğriblilər Məhəlləsi olduğu üçün belə adlanmışdır. Qapının digər adı Zibil Qapısıdır. Belə adlandırılmasının maraqlı tarixçəsi var. Xaçlıların Qüds hakimiyyəti dövründə xristianlar yəhudilərə bəslədikləri kin və nifrətləri səbəbi ilə (Hz. İsanı tutdurduqları üçün) zibillərini bu qapıdan çölə çıxarıb atmaq yerinə Ağlama divarının qarşısına tökürdülər. Əyyubilərin şəhəri fəth etməsindən sonra yəhudilərə ibadət azadlığı verilmiş, müsəlmanların hakimiyyət illərində həmin ərazi zibil və tullantılardan təmizlənmişdir. Osmanlılar zamanında Qanuni Sultan Süleymanın əmri ilə yəhudilərə Ağlama Divarının qarşısında ibadət etmə hüququ verilmişdir.
Babu Nəbi Davud. Əcnəbilərin Sion qapısı adlandırdığı bu qapı da şəhərin cənub-qərb divarında, Sion təpəsində yerləşir. Davud peyğəmbərin qəbrinə və məbədinə açıldığı üçün Davud Qapısı adlanır. Eyni zamanda ermənilər məhəlləsinə açılır. Hz. Süleyman tərəfindən Qüds surları təmir edilərkən bu qapı da restovrasiya edilmişdir. Sonuncu restovrasiya işləri isə 1540-cı ilə aiddir.
Babul-Xalil. Qərb divarında yerləşir. Avropalılar Yafa qapısı adlandırır. Hz. Davudun dua tapınağının qapısı sayılır və birbaşa xristian məhəlləsinə açılır. 1530-1540-cı illər arasında Qanuni Sultan Süleyman tərəfindən ümumi uzunluğu 4400 metr olan Qüds surları inşa edildiyi zaman bu qapı da məhz onun tərəfindən açılmışdır. Mühüm əhəmiyyətə malik Yafa Qapısının giriş kitabəsinə “Lə iləhə illəllah, İbrahim xəlilullah” yazdıran Qanuni bu torpaqlarda yaşayan bütün din mənsublarına sülh və əmin-amanlıq içində yaşayacaqları mesajını vermişdir.
Babul-Cədid – Yeni qapı. Qüds surlarında açılan sonuncu qapıdır. Alman imperatoru II Vilhelmin 1898-ci ildə Qüds səfəri zamanı şəhərə faytonla girərək fatehlik ədası sərgiləməsini önləmək üçün II Abdulhamid tərəfindən açılmışdır. Ona görə Hamidiyyə Qapısı kimi də adlandırılır. Bu qapının köməyi ilə şəhərin xristian məhəlləsinə giriş asanlaşmışdır.
Bağlı qapılar:
Babur-Rahmə (Rəhmət qapısı, digər adı ilə Altun qapı) Ərəblərin Rəhmət, yəhudilərin Şərq və ya Nikanor Qapısı adlandırdığı bu qapı xristianlar tərəfindən Altun qapı adlandırılmışdır. Qüdsün ən böyük qapısı olmaqla yanaşı, haqqında ən çox rəvayətlər olan qapı da məhz budur. Yəhudi, xristian və müsəlmanlar üçün bu qapı böyük əhəmiyyət kəsb edir. Yəhudi və xristian inancına görə Qiyamət günü yer üzünə göndərilən Məsih Müqəddəs Məbədə bu qapıdan girəcəkdir. Həmçinin Hz. Davudun (ə.s) bu qapının qarşısında tövbə etdiyinə və Allahın məğfirətinə nail olduğuna inanırlar. Müsəlmanlar iki tağ şəklində olan qapının bir tayına Rəhmət, digərinə Məğfirət adı vermişlər. Qədim Qüdsün şərq divarlarında yerləşən bu qapı birbaşa Məscidi-Əqsa ərazisinə açılır. Məscidi-Əqsanın mübarək kölgəsində və Zeytun dağının ətəklərində olduğu üçün müsəlmanlar qapının qarşısında məzarlıq salaraq vəfat edənləri buraya dəfn etmişlər. Təbii olaraq belə bir sual yaranır: Bu qədər fəzilətli sayılan qapını kim, nə üçün bağlamışdır?
Səlahəddin Əyyubi Qüdsü mühasirədə saxlayaraq çətinliklə fəth etdikdən sonra qala divarlarını möhkəmlətmiş və bir daha xaçlıların əlinə keçməməsi üçün mühüm tədbirlər görmüşdür. Bu tədbirlərdən biri də məhz Altun Qapının bağlanması idi. Çünki o günə qədər Zeytun dağından hücum edən düşmən ordusunun asanlıqla bu qapıdan girərək ilk ələ keçirdiyi yer şəhərin qəlbi sayılan Məscidi-Əqsa ərazisi idi. Müsəlmanların hərəm saydığı bu müqəddəs yer düşmən ayağının dəyməməsi üçün qapının bağlanması zərurət kəsb edirdi. Səlahəddin Əyyubidən sonra yerinə gələn Əmir Adilin xaçlıların Qüdsə rəğbətini önləmək üçün şəhər surlarını dağıtdığı məlumdur. Beləliklə, qorunmasız qalan şəhəri ələ keçirib burada məskunlaşmaq istəyinin qarşısı alınmış oldu. Surları dağıdarkən Altun qapıya toxunulmamış, sonradan Osmanlılar zamanında Qanuni Sultan Süleyman tərəfindən surların yenidən inşası məhz bu qapı əsas alınaraq həyata keçirilmişdir. Osmanlıların qala qapısını açmamasının səbəbi isə Hz. İsanın bu qapıdan dəfələrlə Beyti-Məqdisə girməsi olmuşdur. Osmanlılar Hz. İsanın girdiyi qapıdan hər kəsin girməsini xoş qarşılamamışdır.
Babul-Münfərid (Tək kəmərli Qapı). Surun cənub divarında, cənub-şərq hissəsində yerləşir. Herod zamanında inşa olunan bu qapı Məbəd təpəsinin “Süleymanın axırları” adlanan ərazisinə gedən yola açılır.
Babul-Müzdəvic. (İki kəmərli Qapı) Darvaza iki qapıdan ibarətdir. Qapıların üstündə sur yüksəlir. Cənub hissədə yerləşir. İki kəmərli və Üç kəmərli Qapı Roma İmperatorluğu tərəfindən Yəhudiyyə əyalətinə kral təyin edilmiş Herod zamanında (e.ə. 73 – e.ə. 4) salınmışdır.
Babul-Müsəlləs (Üç kəmərli Qapı). Məbədin və surların cənub divarında yerləşir. Hər birinin üstündə bir yay yerləşdirilmiş üç qapıdan ibarətdir. Babun-Nəbi – Hz. Muhamməd Peyğəmbər Qapısı da adlanır. Buradan girərək Məscidi-Əqsa hüdudları içərisindəki Mərvan Məscidinə gedib çıxmaq olur. Fatimi xəlifəsi Zahir tərəfindən 1034-cü ildə inşa edilmişdir. Səlahəddin Əyyubi Qüds fəthindən sonra düşmən hücumunun qarşısını almaq məqsədi ilə bu qapını da bağlatmışdır. Yəhudilər bu qapıların Süleyman Məbədinin (Herodun bərpa etdiyi İkinci Məbəd) qalıqları olduğunu iddia edərək “Xalidə Qapısı” adlandırırlar.
Burada Qədim Qüdsün qapıları haqda ümumi tanışlıq mahiyyətində qısa məlumat verdik. Daha ətraflı məlumat əldə etmək istəyənlər müvafiq kitabların kölgəsində tarix yolçuluğuna davam edə bilərlər.
ŞƏRHLƏR