MÜSAHİBƏ - NURİ PAKDİL

MÜSAHİBƏ - NURİ PAKDİL

“Qəlbimin yarısı Məkkədir, yarısı Mədinə. Üstündə bir tül kimi Qüds vardır!”

Bir neçə dostumla bərabər Nuri Pakdili ziyarət etməyə getmişdik. Məqsədim reportaj almaq idi. Qapıdan içəri girəndə bizi özü qarşıladı. Əlində kağız-qələm var idi. Adlarımızı və haradan gəldiyimizi soruşdu. Bizə də kağız-qələm verdi. Ad, soyad və nömrəmizi yazmağımızı istədi. Özü də əlindəki kağıza yazmağa başlamadan əvvəl saatına baxdı, “18:05” deyə qeyd düşdü. O, uşaqlığından bəri belə imiş, hər gününü qeyd edərmiş…

 

Kamal İlhamoğlu: Nuri Pakdil kimdir? Gənclər onu necə tanımalıdır?

Nuri Pakdil: Əslində bu suala mən yox, məni tanımaq istəyən, kitablarımı, düşüncələrimi, müdafiə etdiyim fikirləri bilən insanların cavab verməsi daha düzgün olar. Yenə də ümumi olaraq desəm, 1934-cü ildə Maraşda dünyaya gəldim. Gözəl İstanbulumuzun müsəlman olduğu, bizə qatıldığı günü (29 may) anadan olduğum gün sayıram. Hər şeydən əvvəl, mən bir yazıçıyam. Mənim yazıçılığım kimliyimi, şəxsiyyətimi müəyyən edir. Bu gün etibarı ilə nəşr olunmuş 47 kitabın müəllifiyəm.

- Sizi xülasə edən bir cümləniz varmı? Nuri Pakdil adı çəkiləndə ağla gələn ilk cümlə sizcə nə olmalıdır?

- İnqilabçı bir müsəlman. Mən inqilabçı bir yazaram. İnqilabçı ruhum var. Bununla da qürur hiss edirəm, şərəf duyuram.

- İstanbul Universitetinin Hüquq fakültəsindən məzun olmusunuz, amma sizi daha çox hüquqçu yox, ədəbiyyatçı, yazıçı olaraq tanıyırlar. Elə isə niyə ədəbiyyat fakültəsi yox, hüququ seçmisiniz?

- Bizim orta məktəbi bitirdiyimiz vaxtlar ölkəmizin çətin vaxtları idi. İnsanlar yazdıqları səbəbilə müxtəlif təzyiq və ittihamlara məruz qalırdılar. Biz də o dövrdə öz haqq və hüquqlarımızı bilmək məcburiyyətində idik. Daim fikirləşirdik ki, nə yazaq, fikrimizi necə ifadə edək ki, təqiblərlə, ittihamlarla qarşılaşmayaq. Ədəbiyyata ən yaxın fakültə hüquq olduğu üçün hüququ seçdim. Həm haqq və hüquqlarımızı biləcək, həm də ədəbiyyata yaxın bir bölüm oxumuş olacaqdım. İndi bu danışdıqlarımı nəzərə alsaq, hər halda gedib mühəndislik oxuyacaq deyildim. Bir söz də əlavə edim, ədəbiyyat fakültəsindən məzun olmuş, həqiqətən ciddi əsərlər ortaya qoyan bir yazıçı görmədim. Oradan daha çox ədəbiyyat müəllimi çıxır.

- Ədəbiyyata yaxınlığınız, ədəbiyyata marağınız necə başladı?

- İbtidai sinifdən etibarən öz-özümə qələmə aldığım qaralamalarım olardı. Rəhmətlik anamın və atamın təşviqləri ilə oxuma-yazma marafonuna başlamış oldum.

Orta məktəb illərində “Həmlə” adında bir jurnal nəşr etdik; bir neçə sayı çıxdı. Bu jurnal məktəb jurnalı olmaqdan savayı, xeyli əks-səda gətirdi. Anketlər tərtib edir, o dövrdə Türkiyədə məşhur olan yazıçılara məktublar yazaraq görüşə gedirdik. Yazmaq uzun yürüşə çıxmaqdır. Yazıçının öhdəliyi yazmaqdır. Bir yazıçı ancaq yazaraq insanlığa qarışa bilər. Bu mənada yazmaq mənim üçün həyat tərzinə çevrilmişdir.

Türkiyədə ilk illər yazılan ədəbiyyat nümunələrinin təsiri ilə başlayan yadlaşma bir müddət sonra şirk mərhələsinə çatdı. Xalqın inancları xaricində, xalqa zidd bir ədəbiyyat meydana gəldi. O dövrün ədəbiyyatı Asiyadan, Afrikadan, Orta Şərqdən qopmuş, uzaqlaşmışdı; Orta Şərqi inkar edirdi. Bu mərhələdə meydana gələn ədəbiyyat və sənət əsərlərində insanın metafizik hərəkətlərini görə bilməzdiniz.

Biz ölkəmizə ədəbiyyatla gələn bu yadlaşmanın elə ancaq ədəbiyyatla ölkəmizdən atıla biləcəyinə inanırdıq. Şüurlu bir oyanış üçün ən çox sənətə, ədəbiyyata ehtiyac olduğuna, insanın ruhuna gedən bütün yolların ədəbiyyatdan keçdiyinə, bir milləti müsbət və ya mənfi yöndə var edən gücün o millətin ədəbiyyatı olduğuna inanırdıq. Elə həmin illərdə Ədəbiyyat jurnalı adlı yeni bir jurnal çıxartmağa qərar verdik. Sənəti, ədəbiyyatı birinci dərəcəli hədəf olaraq görməyimizin səbəbi bu idi.

 

- Bir çox qrup sizin mühafizəkar yazıçı olduğunuzu deyir. Siz isə bir reportajınızda “mən mühafizəkar yazar deyiləm, inqilabçı yazaram” demisiniz. Bunu necə açıqlayardınız?

- Bəli, hər zaman demişəm. Nuri Pakdil “mühafizəkar” deyil, “inqilabçı” bir insandır. Həm mühafizəkar, həm də inqilabçı, ikisi eyni anda, ikisi bir yerdə olmaz. Əlbəttə, biz burada klassik mənada inqilabdan danışmırıq. Yer üzünün ən böyük inqilabçısı Hz. Muhamməddir (s.ə.s). Mən onun mesajını insanlara çatdıracaq bir inqilabdan bəhs edirəm. Dolayısı ilə bu, insanların daxilindəki bir inqilabdır. Əgər insanların daxilində o inqilab gerçəkləşməzsə, oranı fəth etməyin, onlara hakim olmağın heç bir mənası qalmaz. Bu gün siz “inqilab” deyərsiniz, sabah başqa biri “inqilab” deyər, hər kəs öz fikirlərini müdafiə edər. Mühüm olan insanların könlünü fəth etməkdir. Rəqəm olaraq üstünlüyü əldə edə bilərsiniz, amma mədəniyyət olaraq inqilabınızı reallaşdıra bilməsəniz, gələcək günlərdən bəhs etməniz mənasız olar. Sabah da söz sahibi ola bilməyiniz üçün, ən əsası da gələcək nəsillərə inkişaf etmiş bir ölkə buraxa bilmək üçün mədəni mənada inqilab etməlisiniz.

- Türkiyənin son dövrlərdəki politikalarını necə qiymətləndirirsiniz?

- Yurduma bu dövrdə duyulan ehtiyac məlumdur. “Ümid” kəlməsi yerinə “Türkiyə” adını işlətsək, yeridir. Çünki Türkiyə təkcə özü üçün deyil, bütün Türk dünyası və Orta Şərq ölkələri üçün var olmalıdır.

Mən Türkiyənin xüsusilə Orta Şərq üçün mübahisəsiz bir funksiyası olduğunu görürəm və yer üzünü xilas edəcək hərəkatın Türkiyədən başlayacağına inanıram. Bu mənada gənclərimizə hər zaman ümidlə baxıram və əhəmiyyət verirəm.

 

 

- Sizi Qüds şairi olaraq tanıyırıq. Son Qüds hadisələrini necə qiymətləndirirsiniz?

- Fələstin mübarizəsinə inanmış və bu davanın müvəffəqiyyətlə nəticələnməsi üçün əlimdən gəldiyi qədər səy göstərmiş bir yazıçıyam. Bu səylərimin ana tətikləyici ünsürü, əlbəttə, Fələstin torpaqlarının bir parçası olan Qüdsün əzəli, əbədi rəhbərimiz, sevgili peyğəmbərimiz Həzrət Muhammədin Meraca çıxarkən ayaq basdığı son yer olmasıdır. Digər tərəfdən, Qüds sevgim uşaqlığımda əziz anam Vəcihə xanımın mənə güclü bir şəkildə Qüds sevgisi aşılamasından qaynaqlanır. Atam Emin əfəndi də mənə daim Qüds sevgisindən danışardı.

Mənim dünyamda İstanbulun xüsusi yeri var, Qüdsün də özünəməxsus özəl yeri var. Qəlbimin yarısı Məkkə, qalan yarısı isə Mədinədir. Üstündə bir tül kimi Qüds vardır. Əsir qalan Qüdsə qarşı borcumuz onu müdafiə etmək, azadlığına qovuşdurmaqdır.

Məkkə, Mədinə, Qüds və İstanbulu sevmədən həyatın, yəni var oluşumuzun hikməti qavrana bilməz.

Əzəli və əbədi rəhbərimiz, uca peyğəmbərimiz Həzrət Muhammədin Meraca yüksələrkən ən son ayaq basdığı yerin Qüds olmasından başlamaqdadır, bizim sevdamızın, hərəkatımızın qloballığı. Qüds sevilmədən insanlıq tamam olmaz. Qüdsü buna görə çox sevirik.

Qüdsü müdafiə etmək həqiqi azadlığı müdafiə etməkdir. Çünki həqiqi azadlıq yüz illər boyunca damla-damla əldə edilən təcrübə toplusudur; insanın şərəf və ləyaqətinin əsas qaynaqlarından biridir; bütpərəstliyin ləğvidir.

Qüds və İstanbul şüuru, iradəni, vicdanı, məsuliyyət duyğusunu şəkilləndirən, bunları bir-biri ilə əlaqələndirən, bir-birinə bağlayan və mövqemizi rəmzləndirən, simvollaşdıran, həqiqətlə pərçimləyən, örtüşdürən iki əsas bağış, iki əsas lütfdür. Qüds bizim ideoloji təməlimizdir; İstanbulun ürəyidir.

- Ustad, bizə vaxt ayırdığınız üçün çox təşəkkür edirik. Kollektivimizə və oxuculara son olaraq demək istədikləriniz varmı?

- Sizə və kollektivinizə, oxucularınıza müvəffəqiyyətlər arzulayıram. Çalışmalarınız, fəaliyyətiniz daim olsun. Son olaraq bütün oxucularınızı inqilabçı salamımla salamlamaq istəyirəm:

“Sizi antiimperialist, antikapitalist, antinasionalist, antisiyonist, ən əsası da antifironist bir şüurla salamlayıram!”

PAYLAŞ:                

İRFANDAN

irfandergisi.com

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz