SUAL CAVAB
1. Kişilər üçün namazı başıaçıq qılmağın hökmü nədir
Hz. Məhəmməd Peyğəmbərin həyatına baxdıqda, onun namaz üçün xüsusi bir libas geymədiyi nəzərə çarpır. Başı digər ərəblər kimi daim örtülü olduğu üçün namazını da bu şəkildə qılmışdır. Onlar başlarını xüsusilə günəşin istisindən qorumaq üçün örtürdülər. Belə olan təqdirdə bir kişi gündəlik həyatında normal gəzib-dolaşdığı geyimi ilə - ayıb yerlərinin örtülü olması şərtilə (diz qapağı ilə göbək arası), namazlarını qıla bilər. Nəticə etibarilə kişilərin başıaçıq və ya corabsız namaz qılmaları məkruh deyil, mübahdır.
2. İslami nöqteyi-nəzərdən “süni mayalanma”ya müraciət etmək olarmı?
Ata-ananın övlad sahibi olmaq istəməsi təbii haqdır və bu arzu din tərəfindən də təşviq edilmişdir (Şura, 42/49, 50). Sonsuz olan ər-arvadın müalicə götürərək sonsuzluğu aradan qaldırma hüquqları vardır. Məhz bu mövzuda istifadə edilən üsullardan biri də “süni mayalanma”dır. Bu, bir növ süni dölləndirmə metodudur və kişinin sperması alınaraq kənarda qadının yumurtalıq hüceyrəsi ilə dölləndirilir, sonra da qadının rəhminə yerləşdirilərək hamiləliyinə zəmin hazırlanır. Süni mayalanma ər-arvad arasında olması və doğumu da yumurtalıq hüceyrəsindən istifadə edilən həmin qadının etməsi şərtilə caiz hesab edilmişdir. Belə ki, İslam Konfransı Təşkilatına bağlı İslam Fiqh Akademiyasının 1986-cı ildə Ammanda keçirdiyi iclasda qərara alınmışdır: “Ərin sperması ilə onun arvadının yumurtalıq hüceyrəsinin alınaraq, kənarda dölləndirilməsi və əmələ gələn rüşeymin həmin qadının rəhminə yerləşdirilməsi ilə və ya ərin spermasının alınıb onun arvadının rəhmində münasib bir yerə qoyularaq, mayalanmanın təmin edilməsi metodları ehtiyac halında müraciət olunan müalicə xarakterli və dini prinsiplərə zidd düşməyən bir yoldur. Qeyd olunan şərtlərə riayət oldunduqda dini günahı da yoxdur”. Lakin evli olmayan kişi ilə qadın arasında edilən süni dölləndirmənin evli cütlərin kənarda əmələ gətirilən rüşeymini, könüllü daşımaq istəyən yad bir qadına (surroqat ana / kirayə bətnli qadın) qoyulmasının və ya ər-arvadın kənarda döllənmiş rüşeymini ərin ikinci arvadına qoymağın qətiyyətlə caiz olmadığı qərarı alınmışdır. Xülasə, süni mayalanma prosesi tibbi müalicə metodudur və yalnız ər-arvad arasında olmaq şərtilə caizdir.
3. İnternet aləmində Messenger və ya Facebook kimi şəbəkələr vasitəsilə naməhrəmlərin bir-biriləri ilə yazışaraq əlaqə saxlamasının hökmü nədir?
Bir şəxsin iş, ticarət, şagirdlik, tələbəlik və digər bu kimi gündəlik ehtiyaclarından kənar əks cinslə yalnız evlənmək məqsədilə görüşə bilər, habelə bir-birlərini görmələri, baxmaları və ictimai yerlərdə görüşüb-danışmaları, telefon, internet və digər sosial şəbəkələr vasitəsilə görüşmələri caiz hesab edilmişdir. Qurani-Kərimdə (Nur, 24/30, 31) kişi və qadınların gözlərini haramdan qorumalarını bildirən ayələrin hökmü bir sıra hədislərlə və digər zərurətlərlə təxsis edilmişdir; 1. Tərəflərdə evlənmə məqsədi olduqda. Belə ki, Hz. Peyğəmbər bir hədisində belə buyurmuşdur: “Sizdən biriniz bir qadınla evlənmək istədikdə, onun evlənməsini təşviq edən xüsusiyyətlərinə baxa bilirsə baxsın!” (Əbu Davud, Nikah, 18; Tirmizi, Nikah, 5). 2. Səhabələrdən biri bir qadınla evlənmək istəyirdi. Rəsulullah (s.ə.s) ona belə tövsiyə etdi: “Get və onu gör! Çünki görmək bir-birinizə isinişməniz üçün daha yaxşıdır” (Müslim, Nikah, 74, 75; Tirmizi, Nikah, 5; İbn Macə, Nikah, 9). 3. Bir-birini heç tanımayan bir kişi ilə qadının hər hansı bir şey soruşmaq, məlumat əldə etmək, bilik müsabiqəsində iştirak etmək, fətva soruşmaq, alış-veriş və digər gündəlik tələbatlar üçün üzbəüz, telefon, ya da internet vasitəsilə əlaqə saxlamasında heç bir günah yoxdur. Lakin zəmanəmizdə çetləşmə deyilən yolla sırf əylənmək, xoş vaxt keçirmək, hətta özünə həyat yoldaşı tapmaq üçün təşkil olunan, ələlxüsus kameralı virtual görüşlər əksər hallarda tərəflərə zərər verir və qeyri-əxlaqi vəziyyətlərə gətirib çıxarır. Bundan əlavə evli olan bir kişi və ya qadının bu kimi əlaqələri qısa müddət ərzində ailədaxili münasibətlərə əks olunur və boşanmalarla nəticələnə bilər. Ona görə də virtual görüşlərin ailəni dağıdan bir fəsad olduğunda şübhə yoxdur. Evli olmayan oğlan və qızların virtual görüşləri isə xoş vaxt keçirmək üçün olarsa, qeyri-əxlaqi davranışlara, çirkin təkliflərin edilməsinə yol açdığı üçün ən azından məkruhdur. Bu kimi çetləşmələr yaxşı niyyətlə, həyat yoldaşı tapmaq üçün edilsə belə, bu da qeyri-dəqiq bir arayış olduğu üçün aldanmalara, hətta ailə faciələrinə səbəb ola bilər.
4. Büdcəsi ortaq olan bir evdə yaşayan hər kəs işləyir və bu büdcəyə qazanc gətirirsə, burada zəkat ortaq büdcə üzərindən hesablanaraq verilməlidir, yoxsa hər kəs öz qazancına görə verməlidir?
İslamda ümumiyyətlə ər-arvad arasında əmlakın ayrı olması prinsipi əsas götürülmüşdür. Ər gəlir gətirən bir işdə işləyərək özünün, arvadının və uşaqlarının dolanışığını təmin etməklə məsuldur. Qadın isə gəliri olsa da hər hansı zəruri hal olmadan bu xərcləri təmin etməyə məcbur deyildir. Ancaq öz istəyi ilə işləyərək və ya miras yolu ilə əldə etdiyi gəliri ilə ailə məsrəflərinə iştirak edərsə, bu onun əxlaqının ucalığıdır və sədəqə əcri alacağında şübhə yoxdur. Həmçinin ərin İslami çərçivədə ailə fərdləri üçün etdiyi bütün xərclər də ona sədəqə əcri qazandırdığı müxtəlif hədislərdə bildirilmişdir.
Odur ki, ailədə hər bir şəxsin özünəməxsus gəliri varsa, həmin gəlir qazanan şəxsin mülkiyyəti olduğu üçün zəkat şərtləri reallaşdıqda, hər bir şəxs zəkatını öz qazancından verməlidir. Yəni ailə üzvləri qazancı bir yerə qoysalar belə, ehtiyaclar üçün qoyulan məbləğ çıxıldıqdan sonra nisab miqdarında pul qalarsa və zəkatın digər şərtləri də meydana gəldikdən sonra məsul şəxslərin hər biri öz gəlirindən payına düşən miqdarda zəkatını hesablayaraq verməlidir. Bununla birlikdə qadın, özünə aid gəlirləri ailə xərclərinə qarışdırmayaraq xərcləyə də bilər. Bunları qərz (borc) olaraq ərinə verə bilər. Özünə aid pulla satın alınan, daşınan və ya daşınmaz əmlakların özünün mülkiyyətində qalmasını da tələb edə bilər.
ŞƏRHLƏR