BAKI

Respublikamızın paytaxtı, doğma Bakımız elm, mədəniyyət və sənaye mərkəzlərindən biridir. Bakı qədimliyinə, ərazisinin böyüklüyünə və əhalisinin sayına görə Şərqin ən qədim və ən böyük şəhərlərindən biridir.

Bakı şəhəri Abşeron yarımadasının cənubunda, Xəzər dənizinin sahilində yerləşir. Ərazisi 2200 kv.km, əhalisinin sayı 2 milyona yaxındır. Bakı özündə 11 inzibati rayonu, 5 şəhər tipli qəsəbəni birləşdirir.

Bakı haqqında ilk dəfə eramızdan 3500 il əvvəl birinci Misir Faraonu Menesanın dövründə "Ölülər Kitabında" qeyd edilmişdir. Eləcə də Bakının qədim şəhər olmasını Abşeronda və Qobustanda 12 min il tarixi olan daş üzərində yazmalar, arxeoloji tapıntılar, eyni zamanda eramızdan əvvəl I əsrdə Roma imperatoru Pompeyin və Lukullun Zaqafqaziyanın işğalı məqsədilə Bakının ətrafında (40 km cənub istiqamətində) saldıqları hərbi düşərgələr barəsində Avqust Qay Oktavi tərəfindən yazılmış daş yazısı sübutdur. Bu tarixləri nəzərə alsaq, bu gün Bakının 5,5 mindən çox yaşının olduğunu desək səhv etmərik.

Bakı XII-ci əsrdə Şirvanşahlar dövlətinin, XVI əsrdə Səfəvilər dövlətinin, XVII əsrdə Osmanlı imperiyasının, XVIII əsrdə isə Bakı xanlığının əsas şəhərlərindən biri olmuşdur.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri salmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi ("İpəkyolu"), iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan “nafta” adlanan yanacaq və enerji sərvəti olmuşdur. Müstəqillikdən sonra Azərbaycan dövlətinin yeni layihələrə imza atması, dünyanın bu ölkəyə olan marağını artırmışdır.

Bakı şəhərinin 2009-cu il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması onu göstərir ki, qədim olmaqla yanaşı dini abidələri ilə də tanınmaqdadır. Bakı mədəni və mənəvi şəhərdir. Hər gün yüzlərlə turist şəhərimizin gözbəbəyi olan, açıq muzey deyə biləcəyimiz İçərişəhəri gəzir və buranın gözəlliyinə, tarixi memarlıq incilərinə heyran olur. Tarixi qala divarları və Şirvanşahlar saray kompleksi, XII əsrdən günümüzə yadigar qalan Qız qalası Bakının göz bəbəyi sayılır.   

Bakı şəhəri strateji baxımdan əhəmiyyətli olduğuna görə daim müxtəlif xalqların bu torpaqlara axın etməsinə səbəb olmuşdur. Başqa-başqa dinlərə mənsub insanların bura gəlməsi mənəvi irsi abidələrin yaranmasına səbəb olmuşdur. Bakıda atəşpərəstliyə, xristianlığa, yəhudiliyə və İslam dininə aid abidələrə rast gəlmək olur. Bakı şəhərində tarixi abidə kimi qorunan məscidlər və ibadət evləri də daxil olmaqla 140-a yaxın məscid var. Həzrət Məhəmməd, Aşur, Cümə, Gileyli, Bibiheybət, Təzəpir, Əjdərbəy, Qala kənd məscidi (XVII-XVIII əsrlərə aid olan), müstəqillikdən sonra tikilən İlahiyyat məscidi və qəsəbələrdə salınan digər xırda məscidlər var.

Azərbaycanda tolerant mühitin təsiri səbəbindən dinlər və mənsəblərarası hər hansı fikir ayrılığı, toqquşmalar yoxdur. Bu da onu göstərir ki, Azərbaycan dövlətinin müəyyənləşdirdiyi din siyasəti doğrudur.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz