ADIMIZIN SON ADRESİ

ADIMIZIN SON ADRESİ

İlk dəfə adımız doğum şəhadətnaməsinə yazılmışdı uşaq ikən. Həyatdakı ad olaraq ilk elanımız ordan başlamışdı bir zamanlar. Sonralar bu elanların sayı çoxalacaq və çox yerləri tutaraq, çox qəlblərə iz salacaqdı. Ailə fərdlərimizin biz hələ dünyaya gəlməmişdən böyük bir həyacanla bizim üçün seçib-sonaladıqları adlar, bəlkə də gələcəkdəki şəxsiyyətimizdən xəbər verirdi. Dünyada kimə qibtə etmişlərsə, o kimsənin adını qoymaq istəmişlər ən sevdikləri övladlarına. Gələcəkdə böyüyüb onların ümidlərini doğruldaq deyə.

Bəzən adımızla fəxr etdik, bəzən də başqa adların arxasından düşməyi rəva gördük. Müxtəlif adları qazanmaq üçün dondan-dona girdik və həyatın adlardan ibarət olduğunu düşündük. Ən yaxşı və ən yüksək yerlərdə görmək istədik adlarımızı. Valideynlərimizin dilindən öyrəndiyimiz də ilk dəfə məhz adımız oldu. Başqa sözlərin deyil, adımızın səsləndiyi tərəfə çevirdik üzümüzü. Sanki adımız varlığımızın tam özüymüş kimi zehnimizə həkk oldu. Onsuz özümüzü təsəvvür etmək heç bir zaman ağlımıza gəlməz, hətta onunla tanıdardıq insanlara özümüzü. Orta məktəbdə şagirdlərin adları yazılmış jurnalda adımızı gördükdə varlığımızın fərqinə vardıq elə bil. Ancaq adlarımızın qarşısında aşağı qiymət yazıldıqda xəcalətimizdən başımızı soxmağa yer axtardıq. Şərəf lövhəsində hər zaman adımızı qabaqcıllar siyahısında deyil, əlaçılar siyahısında görmək istədik. Adımızı çox yerlərə yazdırdıq. Hara getdiksə, kiminlə tanış olduqsa öz adımızla çıxış etdik onların qarşısında. Adımızla tanındıq, adımızla yaşadıq öz ömrümüzü. Simamızı görməyənlər belə ilk  dəfə adımızı öyrəndilər bizi tanıyanlardan. Sevgi məktublarında adımızın baş hərifləri, xatirə dəftərlərində isə adlarımızın rəngarəng yazı nümunələri yer aldı. Bununla bərabər bitirdiyimiz universitetin diplomuna, oxuduğumuz kursların sertifikatlarına sevə-sevə həkk etdirdik böyük hərflərlə yazılan adlarımızı. Bir ömrü bir adın uğruna fəda etmək heç də çətin olmadı bizim üçün. Nəticəsini düşünmədən bir adı qazanmaq və ya adımızı bir yerə yazdırmaq üçün etdiyimiz canfəşanlıq görəsən bizə nə qazandırdı?

Məhz sizlərə çatdırmaq istədiyim fikir  bu sualdan sonra başlayır. Bu sualı mən özümə bu günlərdə telefonumdan rəhmətə gedən bir tanışımın adını sildiyim zaman verdim. Belə ki, telefonumdakı tanışların adlarına nəzər yetirdiyim zaman bir il bundan qabaq rəhmətə getmiş bir tanışımın adı ilə qarşılaşdım. O tanışım ki, rəhmətə getməmişdən əvvəl onunla hər gün görüşür, görmədiyim zaman da telefonla əlaqə saxlayıb hal-əhval tuturdum. Amma bu gün telefonumda onun adı və telefon nömrəsi olsa da özü yox idi. Onun adının telefonumda olması onun varlığını geri qaytarmırdı. Mənə onun adı deyil, özü və şəxsiyyəti lazım idi. Son dəfə zəng edib nömrəni kim işlətdiyini öyrənmək istədim ancaq qulağıma gələn səs “Bu nömrəyə zəng çatmır. Telefon ya söndürülüb, ya da əhatə dairəsi xaricindədir” oldu. Qarşımda başqa yol yox idi. Telefonumda adlar siyahısında yer olmadığı üçün onun nömrəsini silməli və onun yerinə yenicə tanış olduğum bir iş adamının nömrəsini yazmaq məcburiyyətində idim. Qeyd etdiklərimi necə var, elə də etdim. Ancaq etdiyim və qarşı-qarşıya qaldığım məsələnin bir gün mənim də başıma gələcəyini düşünməyə bilməzdim. Axı bir gün mən də bu dünyadan vidalaşıb əbədiyyət dünyasına yolçuluq edəcəyəm. Axı mənim də adım dost və tanışlarımın telefonundan bir gün silinəcək. Nəinki telefonların adlar siyahısından, hətta sağlığımda yazdırdığım çox yerlərdən silinəcək mənim üçün əziz olan adım. Adıma qeyd olunan bütün sənədlər yoxluğumla öz keyfiyyətini itirəcək və bu dünyada quru bir adımın qiyməti qalmayacaqdır.

Bəli, ətrafımızda adını bildiyimiz yüzlərlə insan vardır bəlkə də. Kimini yaxşı, kimini pis insan olaraq qiymətləndiririk öz-özlüyümüzdə. O insanların adını bilsək də onun adına deyil, hər zaman onun şəxsiyyətinə qiymət verdik. Bu gün hərəkətli bir bədəni tərənnüm edən və yüzlərlə insanın hafizəsində,  o cümlədən böyük kainatda geniş məkanları əhatə edən müftəlif adlar, sabah bir daş üzərində yazılaraq ətrafı sərhədlənəcəkdir. Adlarımız silinmədən insanların qəlbində elə bir sevgi toxumu əkək ki, adımız silinsə də  əkilən toxumun bəhrəsi əbədi qalsın. Uzun sözün qısası adımız, son adresi olan məzarların soyuq baş daşlarına sarılıb sükuta bürünmədən adımıza layiq işlər görək. Yoxsa adların məzarlığında nümayiş olunan adımızın da bir dəyəri qalmayacaqdır.  

Hörmətli oxucu! Oxuduğun məqalənin üzərindəki də mənim adımdır. O ad ki, indi bir məqalənin üzərində yazılmasına baxmayaraq, bir vaxt sonra bir məzar daşının üzərində döyülərək yazılacaqdır. O zaman adım və varlığım təriflərə deyil, sadəcə məzarımı ziyarət edənlərin dualarına ehtiyac duyacaq. Dualarınıza nail olmaq ümidilə...

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz