MƏSCİDLƏRİMİZİN DÜNƏNİ VƏ BUGÜNÜ

MƏSCİDLƏRİMİZİN DÜNƏNİ VƏ BUGÜNÜ

Xalqımız tarixən dininə, milli-mənəvi dəyərlərinə bağlı olmuşdur. Azərbaycanı qarış-qarış gəzsək, hər daşında, hər torpağında tarixi abidələrinin, dinimizin simvolu olan məscidlərin mövcudluğu ilə rahatlıqla qarşılaşacağıq. Təkcə paytaxtımız Bakının İçərişəhərində gəzərkən addımbaşı rastımıza çıxan qədimi məscidlər bu xalqın öz dininə bağlılığından xəbər verir. O xalqın ki, milli bayrağının rəngləri arasında İslamın simvolu olan yaşıl rəng öz əksini tapır.

Qədim məscdilərimizdən Şah Abbas Məscidini, Təzəpir Məscidini, Bibiheybət Məscidini, Hacı Əjdərbəy Məscidini, Şamaxı Şəhər Cümə Məscidini, bu gün düşmən işğalında olan Şuşamızda Yuxarı Gövhər Ağa Məscidini misal vermək olar. Hər biri xüsusi ustalıqla Şərq üslubunda tikilən bu məscidlər bizim dini kimliyimizi ortaya qoyan ən önəmli əsərlərdir.

Bildiyimiz kimi Aəzrbaycan keçən əsrin əvvəllərindən sonlarına qədər Sovet İmperiyasının tərkibinə daxil edilərək, burada kütləvi surətdə kommunistləşdirmə siyasəti aparılmışdır. Bu siyasətin bir parçası da insanları dini fikirlərindən, milli-mənəvi dəyərlərindən qopararaq hər kəsi zorla ateistləşdirmək idi. Məhz bu baxımdan bütün ölkədəki məscidlər, dini ocaqlar dağıdılmış, kinoklublara, zavodlara, ən yaxşı halda isə məktəb və taxıl anbarlarına çevrilmişdir. O qorxunc illər ərzində Allahın adını çəkmək yasaqlanmış, dini ayinlərin icrası üçün bir yerə toplaşmaq ağır formada cəzalandırılmışdır. Lakin bütün bunlar xalqın qəlbindəki Allah sevgisini, millətimizin iliklərinə işləmiş mənəvi duyğuları, məscid mədəniyyətini silməyə yetməmişdir. Çünki zahiri mənada ibadətgahlarımızı dağıdan kommunist rejim qəlblərimizdəki məbədlərimizə zərər vur a bilməmişdi. Elə buna görə də müstəqillik əldə etmək üçün ayağa qalxan xalq öz mübarizəsiylə Sovetlər birliyinin buxovlarını qırdıqdan sonra tarixi ənənələrini yaşatmağa, dağıdılmış məscidlərini bərpa etməyə, yeni məscidlər, dini mərkəzlər tikməyə başladı. Bu nöqteyi-nəzərdən mərhum prezidentimiz, ümummilli lider Heydər Əliyevin də əvəzsiz rolunu qeyd etməmək böyük səhv olardı. Hakimiyyəti illərində məscidləri bir növ himayəsinə alan xeyirxah lider bir çox məscidin yenidən bərpasına, yeni məbədlərin tikintisinə vəsait ayırmış, özü şəxsən bu işlərlə yaxından maraqlanmışdır. Elə doğma Bakımızın girişində qonaqları salamlayan Bibiheybət Məscidi bunun ən bariz nümunəsidir. VII əsrin yadigarı, müqəddəs qəbirlərin sayına görə islam dünyasının üçüncü ziyarətgahı sayılan Bibiheybət ziyarətgahı Sovetlər dövründə repressiyaya məruz qalmış, 1934-cü ildə bolşeviklər bu müqəddəs ocağı darmadağın etməklə xalqımızın vicdan azadlığı hüququna ağır zərbə vurmuşlar. Ulu öndər Heydər Əliyevin prinsipial mövqeyi, iradəsi, milli mənəvi dəyərlərimizə dərindən bağlılığı sayəsində bu ziyarətgaha yeni həyat verildi. Ümummilli lider 1994-cü ilin martında Qurban bayramı günündə bu müqəddəs ocağı ziyarət etmiş, 1997-ci il iyulun 23-də, Peyğəmbərin mövludu günündə burada yeni məscid kompleksinin bünövrəsini qoymuşdur. Bir il sonra, yenə də Peyğəmbərin mövludu günündə məscidin əsas korpusunun açılış mərasimində iştirak etmişdir.

Həmçinin Heydər Əliyev ideyalarının davamçısı, onun gördüyü işləri uğurla davam etdirən Prezidentimiz İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar da ölkə başçısının bu sahədə nə qədər əhəmiyyətli işlər gördüyündən xəbər verir. Prezident İlham Əliyevin göstərişi əsasında 2005-ci ildə tarixi məscidlərimizdən olan Təzəpirin əsaslı bərpası və ətraf ərazilərin rekonstruksiyası layihəsi hazırlanmışdır. Layihədə Təzəpir məscidinin ilkin görkəminə qaytarılması məqsədilə yenidən bərpası və əzəli memarlığına xələl gətirməyən elementlərin əlavə edilməsi öz əksinin tapırdı. Məscidin bərpa işlərinin bütün xərclərini öz üzərinə götürən layiqli liderimiz bir daha sübuta yetirdi ki, Azərbaycan xalqı böyüyndən kiçiyinə qədər milli-mənəvi duyğulara, öz dini kimliyinə sadiqdir.

Son zamanlarda Şamaxı məscidində gedən fəaliyyətlər də birbaşa ölkə başçısının adı ilə bağlıdır. 2009-cu il, dekabrın 24-də Prezidenti İlham Əliyevin sərəncamına əsasən Şamaxı şəhərindəki Cümə məscidinin Heydər Əliyev Fondu tərəfindən yenidənqurulması işlərinə start verildi. Bu gün Cümə məscidini üç tərəfdən əhatə edən ikimərtəbəli qalereya da inşa olunur. Burada inzibati bina, konfrans zalı, kitabxana, dəstəmaz yerləri və digər yardımçı otaqlar yerləşəcək. Məscidin yan tərəfində hər biri 36 metr hündürlüyündə iki minarə ucaldılacaq. Layihəyə əsasən, qalereyanın başlanğıcı və sonunda, eləcə də məscidin üstündə qədim memarlıq üslubunda naxış və ornamentlərlə bəzədilən günbəzlər qurulacaq. Şamaxı seysmik zona olduğu üçün məscidin bünövrəsi bir metr dərinliyində dəmir-beton konstruksiyalarla möhkəmləndirilib. Minarələrin davamlılığını artırmaq məqsədi ilə 15 metr dərinliyində özül bərkitmə işləri aparılıb. Görülən bütün bu işlər prezidentimizin məscidlərimizə, milli-mədəni inkişafımıza nə qədər diqqət yetirdiyindən xəbər verir. Məhz buna görə də o hər zaman Azərbaycan xalqı tərəfindən hörmətlə alqışlanacaqdır. Biz ümid edirik ki, tezliklə işğal altında olan torpaqlarımız da geri qayıdacaq və yuxarıda sadaladığımız xeyirxah işlər oralarda da davam edəcəkdir. 

PAYLAŞ:                

Nurlan Məmmədzadə

Baş Redaktor

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz