Nə Qədər Şükür edirik?
Allahı, bizi verdiyin nemətləri
Sənə qarşı üsyanda istifadə etməyənlərdən et!
Şükür Qurani Kərimdə ən çox təmas edilən mövzulardan biridir. Yetmişə yaxın ayədə şükür etməyin əhəmiyyətindən bəhs edilir, möminlərə şükür etmələri xatırladılır, şükür edənlərin və şükür etməyənlərdən nümunələr verilərək onların dünyadakı və axirətdəki vəziyyətləri bildirilir. Şükür imanın və tövhid inancının ən böyük göstəricilərindən biridir. Bir ayədə şükür etmək "yalnız Allaha qulluq etməyin şərti olaraq ifadə olunur:
" Ey iman gətirənlər! Sizə verdiyimiz ruzilərin (təmiz və) halalından yeyin! Əgər Allaha ibadət edirsinizsə, (bu nemətlərə görə) Ona şükür edin!" (əl-Bəqərə, 172)
Şükür həm Rəbbimizin əmri olan böyük bir ibadətdir, həm də insanı "azğınlaşmaqdan" qoruyan bir qalxan kimidir. Çünki insanın nəfsində zənginlik və güc sahibi olduqda zalımlaşmağa, vicdansızlaşmağa qarşı bir meyil var. Bəzi insanlar zənginləşib gözəl imkanlara malik olduqda, acizliklərini unudaraq qürura qapılmağa başlayırlar. Şükür isə məhz bu azğınlaşmağa əngəl olur.
Şükür "qiymət" bildirir. Sahib olduğumuz saysız nemətlərin bir çoxu bizim üçün vazkeçilməzdir və bəzən tək bir nemətin əskikliyinin bütün həyatımıza təsir edəcəyini görərik. Görmə nemətinin qədrini ən yaxşı gözünü itirən bilər. Gəzmək nemətinin nə olduğunu gəzə bilməyən birinin nələr çəkdiyini düşündükdə daha yaxşı anlayarıq. Bununla birlikdə bu nemətlərə sahib olmayıb, üzərindəki başqa nemətləri görüb qiymətləndirə bilən kəslər də çoxdur. Görmə duyğusunu itirdiyi halda sahib olduğu digər nemətləri anlayıb qiymətləndirərək həyatını müvəffəqiyyətlə davam etdirənləri, həyatda dik duranları bunlara nümunə olaraq verə bilərik.
Bizə bir gün içərisində yaxşılıq edən hər kəsə dəfələrlə təşəkkür edirik. Yeri gəldiyində bu yaxşılıqlar, bu gözəl sözlər üzündən dəfələrlə bu davranışları sərgiləyən insanlar qarşısında əyilib təzim edirik. İş yerində müdirimizdən icazə aldıqda, bir yoldaşımız bizi yeməkxanaya aparıb ziyafət verdikdə, pula ehtiyacımız olduqda birindən borc aldığımız zaman və ən bəsiti – avtobusda bir tanışımızın bilet pulumuzu verdiyini gördüyümüz zaman dəfələrlə bu insanlara təşəkkür edərik. Düşünün, ən sadə şeyə görə dəfələrlə təşəkkür edirik. Daha böyük bir çətinliyimiz aradan qaldırıldıqda nələr edərik heç düşünürükmü? Məncə düşünürük və bu hərəkətləri şüurlu olaraq edirik. Bu bəsit hadisələr qarşısında belə sanki qarşımızdakı insan bizə dünyanı bağışlamış və ya digər tərəfdəki atəşimizi söndürmüş kimi hərəkət edirik, xoşbəxt oluruq, hətta sevinirik.
İnsan əslində həyatının hər anını Allaha möhtac olaraq yaşayır. Tənəffüs etdiyi havadan yediyi yeməyə, əl-ayağını hərəkət etdirə bilməsindən danışa bilməsinə, bir yerdə qərar tuta bilməsindən gülüb sevinməsinə qədər Allahın yaratdıqlarına və Onun ehsan etdiklərinə möhtacdır. Ancaq insanların böyük bir əksəriyyəti acizliklərini və Allaha möhtac olduqlarını anlamazlar. Onlar hər şeyin özbaşına inkişaf etdiyini və ya sahib olduqları şeylərə öz səy və çalışmaları nəticəsində çatdıqlarını zənn edərlər. Bu, həm böyük bir xəta, həm də Allaha qarşı böyük bir nankorluqdur.
Bizə bu dünyada yaşamaq haqqı verən bu haqla birlikdə hər cür neməti də önümüzə sərən, faydalanmamız üçün bizə təqdim edən Allahımıza nə üçün şükür etmirik? Özümüzə bu sualı heç veririkmi? Kiçik bir hərəkət qarşısında Allahın yaratdığı aciz qullara sözlərin ən gözəlini hazırlayıb dilə gətiririk, amma bunların hamısının əsl səbəbkarı olan, bu edilənlərin əsl sahibinin Uca Yaradan olduğunu bildiyimiz halda niyə insanlara təşəkkür etdiyimiz halda bunların əsl sahibi olan Allah-Təalaya şükür etmirik?
Təşəkkür - edilən yaxşılıqlara qarşı duyulan iftixar və borcunu izah etmək üçün insanların gündəlik həyatlarında tez-tez istifadə etdikləri mədəni bir davranış formasıdır. Lakin bizə qarşı edilən yaxşılıqlar bir qoz qabığını doldurmayacaq qədər cılız və sadə davranışlardır. Bu yaxşılıqlara həyatımızın yalnız o anında, ya da çox qısa bir hissəsində möhtac oluruq. Təşəkkür edək, hörmət göstərək, amma nəyə, nə üçün və nə qədər təşəkkür etdiyimizi və əsl şükür etməli olduğumuz Uca Rəbbimizi unutmayaq.
Özlərinə kiçik bir hədiyyə alan bir kimsəyə belə necə təşəkkür edəcəyini bilməyən bu insanlardan, həyatları boyunca Allahın bəxş etdiyi saysız-hesabsız nemətləri görməməzlikdən gələrək yaşayan insanlardan olmamaq ümidiylə…
ŞƏRHLƏR