Peyğəmbərimizlə Bir Gün

Peyğəmbərimizlə Bir Gün

   Rəsuli-Əkrəm (s.ə.s) gecənin son üçdə birinə doğru, səhər vaxtında, imsakdan əvvəl oyanardı. “Bizi öldükdən sonra dirildən Allaha həmd olsun. Yenidən dirildib hüzurunda toplayacaq da Odur” deyə dua edərdi. Bəzən Mədinənin aydın göy üzünə baxaraq “Göylərin və yerin yaradılışında, gecə ilə gündüzün bir-birinin ardınca gəlib-gedişində ağıllı kimsələr üçün ibrətlər olduğunundan” bəhs edən Ali-İmran surəsinin son on bir ayəsini oxuyardı. Sağ tərəfindən başlayaraq paltarını geyinər və ilk iş olaraq inci kimi dişlərini misvaklayardı.

 Dəstəmaz alıb təhəccüd namazına başlayardı. Axırıncı rukəti vitr olmaq üzrə bəzən doqquz, bəzən on bir, bəzən də on üç rukət namaz qılardı. Onun gecə namazı bizimkilərə heç bənzəməzdi. Qiyamda uzun surələr oxuyar, özünü Rəbbinə ən yaxın hiss etdiyi yer olan səcdədə dəqiqələrlə qalardı. Canlı və coşqulu bir ibadətdən sonra mübarək bədəni yorulduğu üçün yenidən istirahətə çəkilərdi. Bundan başqa, gecələr Baqi qəbiristanlığına gedər, vəfat edən əshabına dua edərdi. Çox əhəmiyyət verdiyi bu vəzifəni heç ehmal etməz, hətta bəzən Cəbrail əleyhissalam gəlib onu oyandırar, Baqiyə getməsini xatırladardı. Səhərə yaxın müəzzin Rəsulullahın evinə iki dəfə gələrdi. Birincisində namaz vaxtının girdiyini xəbər verər, o zaman Peyğəmbərimiz təkrar qalxıb sübh namazının iki rukət sünnəsini qılar və sağ böyrü üstə uzanıb istirahət edərdi. Müəzzinin ikinci gəlişində məscidə çıxıb onu gözləyən əshabına sübh namazını qıldırardı (Buxari, Müslim). Namaza başlamadan əvvəl səflərin ip kimi düzgün olmasını tövsiyə edər, bəzən səhabələrin sinəsinə toxunaraq hər kəsi eyni səviyyəyə gətirərdi (Müslim). Hava tam ağarmadan namaz qlınmış olur, qadınlar gəldikləri kimi səssiz şəkildə evlərinə qayıdar, işi tələsik olmayan kişilər Peyğəmbərlə bərabər olmaq, Onun gül üzünə doya-doya baxmaq üçün yerlərindən ayrılmazdılar. Mehrabda bardaş qurub oturan Peyğəmbərimiz günəş çıxana qədər əshabıyla söhbət edərdi (Müslim).

Gündüz Nələr Edərdi

Rəsuli-Əkrəm daha sonra evə qayıdar, bəsmələ çəkərək içəri girər, sol tərfədən başlayaraq aqyaqqabısını çıxarar, ev xalqına salam verərdi. Evə bəsmələ çəkərək girildiyində şeytanın üzüldüyünü, yoldaşlarına “artıq burada qala bilməzsiniz” deyə xəbərdarlıq etdiyini söyləyərdi (Müslim). Evə girərkən “Allahım! Səndən xeyirli giriş, xeyirli çıxışlar niyaz edirəm. Allahın adıyla girdik, Allahın adıyla çıxdıq və Rəbbimiz olan Allaha təvəkkül etdik” deyər, içəri girər-girməz yenə dişlərini misvakla təmizləyərdi (Müslim, Əbu Davud). Sonra xanımından evdə yeyəcək bir şey olub olmadığnı soruşar, yeməyə bir şey yoxdursa oruca niyyət edərdi (Müslim). Əlinə düşəni yoxsullara payladığı üçün yeyəcəkləri tez-tez tükənər, həftələrlə evində yemək bişmədiyi vaxtlar olurdu. Aişə anamızın dediyi kimi belə zamanlarda xurma və su ilə və ya qonşuların göndərdiyi yeyəcəklərlə yetinərdi. Bəzən evdə bir neçə arpa çörəyi ilə sirkədən başqa heç nə olmaz, Peyğəmbərlər sultanı “sirkə nə gözəl yavanlıqdır” deyərək çörəyini sirkə ilə yeyərdi. Bir şey yeyərkən bəsmələ çəkməyi, sonra da əlhəmdulilləh deməyi heç vaxt ehmal etməzdi. Evdə olduğu saatlarda xanımlarına hər mövzuda yardım edərdi. Lazım gələrsə evi süpürər, heyvanları sağar, paltarını yamayar, öz işini özü görərdi (Əhməd bin Hənbəl). Bir iş üçün evdən çıxarkən əvvəl sağ, sonra sol ayaqqabısını geyinər, “Allahın adıyla çıxıram, Allaha güvənirəm. Günahlardan qorunmağa güc yetirmək, ibadət və itaətə qüvvə tapmaq ancaq Allahın yardımıyladır” deyərdi. Belə deyərək evdən çıxan şəxsin ilahi himayə altında olacağını, şeytanın ondan uzaqlaşacağını söyləyərdi. Bəzən başqa dualar da oxuyardı. Yolda qarşılaşdığı adamlarla salam verib görüşər, müsəlmanların salamlaşmasının çox əhmiyyətli və savab olduğunu söyləyərdi. Quşluq namazını heç vaxt tərk etməzdi. Günortanın istisində qaylulə edər, yəni günorta istirahətinə çəkilərdi.

 

Məscidi-Nəbəvidə

Vaxtının önəmli bir hissəsi Məscidi-Nəbəvidə keçərdi. Müçsəlmanlarla orada qörüşüb söhbət edər, suallarını cavablandırar, nəsihət istəyənlərə nəsihət verərdi. Əhəmiyyətli bir xəbəri elan edəcəyi zaman hər kəsi orada toplayar, qənimət mallarını paylayar, göndərəcəyi heyətləri, əskəri birlikləri, təyin edəcəyi komandanları, valiləri, zəkat məmurlarını, dini öyrədəcək müəllimləri təyin edər, gələn heyətləri qəbul edər, onlara orada və ya məscidin yanında qurulan çadırlarda xidmət edərdi. Xəstə olanlarla maraqlanar, onları evlərində ziyarət edərdi. Küsülü olanları barışdırmağa çox əhəmiyyət verər, evləri uzaqda olsa belə yanına bir neçə nəfəri alaraq ora gedər, barışdırardı. Səhabələr evlərində Rəsulullahın namaz qılmasını, beləcə həyatlarının bərəkətlənməsini istəyər, yemək ikram etmək bəhanəsilə Onu dəvət edərdilər. O da heç kimi geri incitməmək üçün istədikləri yerdə namaz qılardı. Əgər ora Məscidi-Nəbəviyə uzaqdırsa, namaz vaxtı da giribsə, evdəkilərə imam olub namazı qıldırardı.

Axşam Vaxtı

Peyğəmbər-Zişan (s.ə.s) gecəni hansı xanımının yanında qalcaqsa axşam onun evinə gedərdi. Digər xanımları da orada toplaşardılar. Bəzən Əziz Peyğəmbərimiz onlara mühüm olan şeyləri öyrədər, keçmiş millətlərin ibrətli qissələrindən bəhs edər, varsa suallarına cavab verər, bəzən də onlarla günlük işlərdən danışıb üzlərini güldürərdi. Həm xanımı, həm də ümməti sifətilə onunla birlikdə olmaq analarımızı bəxtiyar edərdi. Yatsı namazı qılındıqdan sonra önəmli bir işi yoxdursa, qardan bəyaz dişlərini təmizləyib dəstəmaz alar, yatağına girər, İxlas, Fələq və Nəs surələrini oxuyub əllərinə üfləyər, sonra da əllərini üzünə və vücuduna sürtərdi. Yavaşca sağ böyrü üstə yatar, müşk qoxulu ovcuna gül yanağını qoyar və bəzi dualar oxuyardı. Bəzən qısa şəkildə “Allahım! Sənin adınla ölür, sənin adınla dirilirəm” duasını oxuyar (Buxari), bəzən daha uzun dualar oxuyar, sonra özünü bir növ ölüm qəbul etdiyi yuxunun qollarına buraxardı.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz