Buranı oxusan “Yaxşı İş” tapacaqsan

Buranı oxusan “Yaxşı İş” tapacaqsan

Əvvəlki yazılarda uğur qazanmaq üçün özünə inamın önəmi və özünə inamı zəiflədən amillərdən söz açılmışdı. İnsan potensialı haqqında hər gün saysız-hesabsız məqalələr yazılır, araşdırmalar  aparılır, konfranslar, seminarlar verilir. Bu kimi proqramlar gün keçdikcə daha da artmaqda və populyarlıq qazanmaqdadır. Bunun fərqli səbəbləri var. Bügünün iqtisadiyyatı rəqabət üzərinə qurulduğundan hər keçən gün tələb olunan daha sürətli və effektli nəticə əldə etmək, qarşılaşılan problemləri daha tez bir zamanda həll etmək bunlardan bir neçəsidir. Bütün bunları sadəcə kompyuter və texnoloji vasitələrin köməyilə  həll etmək və arzuolunan nəticəni əldə etmək imkansızdır. Nə qədər texniki sahədə inkişafa nail olunsa da insan faktoru daim ən ümdə ehtiyac olaraq qalır. Buna görə də kadr ehtiyacı hər zaman tam qarşılana bilməyən ehtiyac olaraq qalmaqdadı.

 Bu gün işsizlikdən şikayət edən bizlər heç oturub öz-özümüzü hesaba çəkirikmi ki, bugünün “yaxşı iş” tələblərinə cavab veririkmi?! Bir kadr olaraq əgər tələblərə tam cavab verir yenə də iş tapa bilmirsənsə müəyyən qədər haqqın var şikayət etməyə. Yox əgər tələblərə cavab vermir və lazım olan istedadlara yiyələnmək üçün də  heç nə etmirsənsə, əziyyət çəkmədən “yaxşı iş” istəyirsənsə sənin ən yaxşı işin həyatın boyu şikayət etmək  olacaq, rütbən də “cənab şikayət”. 

 

Ola bilər ki, kimsə lazım olan istedadlara yiyələnməyin çətin və ya qeyri-mümkün olduğunu iddia etsin, bu da mənasız və əsassız bir fikirdi. Çünki lazım olanlar bir sıra istedadlardı ki, bu da bir az dissiplin, çalışma, məqsədli olma və arzuladığı nəticəni əldə edəcəyinə  inanmaqla həll oluna bilər.

 

Universitetə daxil olan və bakalavr təhsilini başa vurana qədər hansısa bir xarici dil kursuna, kompyuter kursuna, treyninq və seminarlara, kariyera kurslarına vaxt ayırmayıb ona bəxş edilən  günlərini sadəcə əyləncə arxasınca getməklə xərcləyib (əyləncə demək olarsa) məzuniyyətdən sora da müflis bir halda şikayət edənlərin özlərinə necə zülm etdikləri hər gün dəflərlə müşahidə olunan haldır. Bunlar sadəcə özlərinə ziyanları olmaqla qalmayıb, ətrafdakılara da o öz mənfi hallarını bulaşdırıb həvəs öldürən, pessimizm yayan viruslar kimi ortada gəzir, öz sözləri, fikirləri, halları ilə yaxındakı hər kəsə geydikləri təqdirdə həyatı boz-bulannıq rəngdə görəcəkləri eynəklər təklif edirlər.

İnsan da təbiəti etibarı ilə ətrafındakı insanlara oxşamağa meyilli yaradıldığından istər-istəməz onlardan təsirlənir və onların həyat haqqındakı fikir və münasibətlərini qeyri-ixtiyari mənimsəyir. Kiminlə nəyi müzakirə etdiyimiz çox önəmlidir. İnsan potensialının nəyə qadir olduğundan xəbəri olmayan, insan psixologiyası haqqinda nə isə oxumamış, dinləməmiş, həyatında ən böyük uğuru hansısa universitetdən  tanışlıq, rüşvət və başqa yollarla məzun olmuş birindən bü cür mövzularda fikir almaq 95 yaşındakı bir  qocadan “nootebook almaq istəyirəm, hansı markanı məsləhət görürsən?” deyə fikir almaqla eyni şeydir. Ömrü boyu dağda yaşamış,  gördüyü və istifadə etdiyi elektrik cihazı sadəcə televizor və radio olan birinin nootebook hakkında sənə verəcəyi məsləhət nə dərəcədə tutarlı olacaqsa, o dostunun verəcəyi məsləhət də o dərəcəd tutarlı  olacaq. Bu səbəbdən əgər böyük uğurlara imza atmaq istəyirsənsə bu məsələyə ciddi yanaşmalısan. Hədəfini təyin etdikdən sonra etməli olduğun ən önəmli iş  bu məsələ haqqında kimlərin fikirlərini almalı olduğundur. Müraciət edəcəyin insanlar nə səni boş sözlərlə yalandan həvəsləndirməli, nə də olmaz deyə etiraz edib, həvəsini öldürən, daha başlamadan səni ruhdan salacaq insanlar olmalıdır.  Lazım olan yerdə səhvlərinə görə səmimi tənqid edəcək, sənə işin mümkünlüyü ilə yanaşı, çətinliklərinin də olduğunu mütləq göstərəcək, xatırladacaq və bu çətinliklərin öhdəsinnən necə gələcəyin haqqında da fikirlərini və tövsiyələrini əsirgəməyəcək kəslər olmalıdır. Yalnız bu halda edə biləcəklərin, potensialının limiti ilə eyni səviyyədə olacaq.  Hər insan möhtəşəm bir potensialla gəlir dünyaya, hər birimizdə xəyallarımızdakı həyatı yaşaya bilməmiz üçün lazım olan potensial var. Amma bizim o həyatı yaşayıb-yaşamayacağımız potensialımızdan çox performansımızdan asılıdır. Böyük hədəfin ola bilər,  bu hədəfinə çatmaq üçün bütün detalları ilə mükəmməl bir halda hazırlanmış planın da, hətta ətrafında sənə dəstək olacaq, irəli getmənə yardım edəcək insanlar da, amma sən heç bir şey etmədikdən sonra həyatında heç nə dəyişməyəcək. Çox oxuyub,  araşdırıb  faydalı məlumatlar öyrənə bilərsən, amma bildiklərini həyatına tədbiq etmədikdən sonra nə mənası var?!  Bildiklərini tədbiq etmirsənsə, bilirəm deməyə haqqın yoxdur. Əsl bilmək bildiyini yaşamaqdır. Nəzərə alınmalı olan bir reallıq da var ki, öyrəndiyimiz hansısa faydalı bir elmi elə o an  tətbiq edərkən uğursuzluqla qarşılaşa bilərik, amma ilk cəhddəki uğursuzluqda “bilirəm amma tətbiq etmirəm” deyib öz-özümüzü də günahlandırmamalıyıq, əngəlləməməliyik. İlk cəhd uğursuz ola bilər, ikinci və daha sonrakı cəhdlərdə isə daha yaxşı nəticə üçün iləri addım atmalı və davamlı bir inkişaf üçün çalışmalıyıq.

Bəzən də gözləmək, səbirli olmaq lazım olur. Tələsmə nəticə üçün, tələs etməli, öyrənməli olduqların üçün.

 Allah-Təala bizi “kitab yüklü  ulaqlar” deyil, bildiyi ilə əməl edən gerçək qullarından ola  bilməyi nəsib etsin.

* Burada o insanları  küçümsəmək kimi bir yanaşma yoxdur sadəcə olaraq fərqli sahələrdəki məlumat əksikliyinin səbəb olacağı nəticələrin müqayisəsinin daha aydın anlaşılması üçün belə bir misala mürciət edilib. Bir insanın insanlığı onun hansısa texnoloji bir vasitədən məlumatının olub-olmaması ilə ölçülə bilməz.

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz