EY İMAN EDƏNLƏR!
Uca Allah Qurani-Kərimdə belə buyurur:
“Qəfil əzab özünüz də bilmədən başınızın üstünü almamışdan əvvəl Rəbbinizdən sizə nazil edilmiş ən gözəl sözə (Qurana) tabe olun! (Elə edin ki, sonradan) bir kəs: "Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay halıma! Həqiqətən, mən (Allahın hökmlərinə, Qurana, Peyğəmbərə və möminlərə) istehza edirdim!" - deməsin. Yaxud: "Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!" - söyləməsin. Və ya əzabı gördüyü zaman: "Kaş bir dəfə də (dünyaya) qayıda biləydim; yaxşı işlər görənlərdən olardım!" - deməsin!” (əz-Zumər, 55-58)
İlahi xəbərdarlığın olduqca açıq və aydın məna iqlimindən bəhrələnmək və onun əbədi bəxtəvərliyimizi təmin edəcək əmrlərinə dünyada olduğumuz müddətdə şiddətlə sarılmaq qəflət burulğanında çırpınan insan üçün həyati əhəmiyyət daşıyır. İzlədiyimiz ayələrinin həqiqi mənzərəsini açıqlayan aşağıdakı incilər İslamı yaşamış olan şərəfli insanların dillərindən onu qavramağa hazır olan könülləri oyandırmaq üçün ucalan bənzərsiz bir örnək nümunələridir:
İbn Cərir cümə xütbəsində Hz. Məhəmməd (s.ə.s)-in möminlərə belə səsləndiyinə şahid olmuşdu:
“Sizə Allaha qarşı duyduğunuz məsuliyyəti dolğun şəkildə dərk etmənizi nəsihət edirəm. Çünki müsəlmana veriləcək ən gözəl öyüd onu axirətə yönəldən və ona təqvanı əmr edən öyüddür. Kim özü ilə Allah arasındakı bağı həm açıqda, həm də gizlində qüvvətləndirir və bunu edərkən sadəcə Allahın rizasını gözləyərsə, bu dünyada ona bir dəyər, axirətdə isə onun üçün önəmli bir azuqə olur. Bunun xaricində dünyada etmiş olduğu şeylərin o gün (axirətdə) özündən heç bir zaman görmək istəmədiyi qədər uzaq qalmasını istər.”
Hz. Ömərin (r.a): “Həlaka getmiş heç bir kimsə dəlaləti hidayət sandığını üzr olaraq bəyan edə bilməz və haqqı tərk edən də onu batil sandığını səbəb olaraq göstərə bilməz.” -kimi sözləri əz-Zumər surəsinin “Əgər Allah məni doğru yola yönəltsəydi, mən mütləq müttəqilərdən olardım!” ayəsinin mahiyyəti ilə səsləşərək istisnasız olaraq hər bir insanın təfəkkür dairəsinə axirət istiqamətli həyata rəğbət düsturunu yerləşdirir.
Təbiidir ki, axirətə yönəlmə anlayışı dini tərbiyə görməmiş insan təbiəti üçün qaranlıq və əlçatmaz bir məfhumdur. Buna görə də insanın qaranlıq aləmdən xilası naminə göndərilən Peyğəmbərlərin misli görünməmiş irşad fəaliyyətlərində nəfsani və şeytani əsarət ünsürlərinə qarşı həqiqi bir mübarizə ruhunun əlamətlərini sezmək mümkündür. Xristianlığın ilk dövrlərində bu əsarət ünsürlərinin özündənrazılıq, xəsislik, həsəd, tamah, ehtiras və şəhvət, acgözlük kimi insanı axirət düşüncəsindən uzaqlaşdıran bəşəri bəlalar olaraq təqdim edilməsi də bunun ən bariz nümunəsidir. Təəssüflə qeyd etmək lazımdır ki, zaman keçdikcə bu bəlalara qarşı laqeyd münasibətin formalaşması axirət inancına sarsıdıcı zərbə vuraraq insanı istək və arzular sıralamasında axirət qrafasının axırıncı yerlərin birində qərarlaşmasına şərait yaratmışdır.
Bir ananın özü ac qaldığı halda belə son tikəsini inanılmaz bir könül xoşluğu ilə balasına yedirtməsi, övladını öz fiziki mahiyyətindən ayrı tutmadığına ən gözəl misaldır. Aləmlərə Rəhmət olaraq göndərilən son Peyğəmbərin ümmətinə duyduğu mərhəmət hissinin şiddət və cazibəsinin qəlblərdə əks-səda verməsi, axirət aləminə cığır açan, onu insanlara yaxınlaşdıran və sevdirən ən önəmli bir çalışmadır. Rəbbimizin Tövbə surəsindəbuyurduğu: “Sizə özünüzdən bir peyğəmbər gəldi ki, sizin əziyyətə (məşəqqətə) düşməyiniz ona ağır gəlir, o sizdən (sizin iman gətirməyinizdən) ötrü təşnədir, möminlərlə şəfqətli, mərhəmətlidir!” (Tövbə, 128) ayəsinin hökmü ilə ona əmanət edilən bütün varlıqlara, xüsusən də insanlara, ata və anaların dərinliyini anlamaqda aciz qaldıqları mənəvi, fiziki və ülvi bir yaxınlığını qiymətləndirməsək, mübarək qəbrində belə “ümmətim, ümmətim” deyərək nida edən Rəsulun həsrətlə yaşadığı ruhani çırpıntılarına qulaq verməsək halımız necə olacaqdır.
“Həyatım sizin üçün rəhmət və bərəkətdir. Yanımda danışırsınız sizə cavab verirəm. Öldükdən sonra da vəfatım sizin üçün rəhmət və bərəkətdir. Öldükdən sonra əməlləriniz mənə ərz ediləcək. Əgər yaxşılıq etmisinizsə, Allaha həmd edərəm. Əgər pislik etmisinizsə, Allahdan sizin üçün əfv diləyərəm.” – deyən Peyğəmbərin həyatı boyu dəvət etdiyi axirət aləminin qapılarını aralamaq, oraya can atmaq və oranın əbədi olaraq bəxtəvər sakini olmaq bu qədərmi çətindir?
Unutmayaq ki, Rəbbimiz iman edənlərə səslənərək bu bənzərsiz yaxınlığı, ülviliyi və həsrəti cavabsız qoymamağı bizə əmr edir:
“Ey iman eədnlər! Allaha itaət edin. Peyğəmbərə də itaət edin və əməllərinizi boşa çıxartmayın.”
ŞƏRHLƏR