SUAL? - CAVAB!
İslam dinində ən böyük günahlar hansılardır, sırf bunların adı çəkilərək bir-bir sadalayan hədislər varmı?
Cavab: Dini terminologiyada böyük günahlara “kəbair” deyilir. Böyük günahlar, ayə və ya səhih hədislərdə bildirildiyinə görə, işləyənin axirətdə şiddətli cəzaya düçar olmasına səbəb olan günahlardır.
Bir hədisi-şərifdə böyük günahların üç olduğu qeyd edilmişdir: “Sizə böyük günahların ən böyüklərindən xəbər verimmi? Onlar: Allaha şərik qoşmaq, ana-ataya üsyan etmək və yalandan şahidlikdir”. (Buxari, Ədəb, 6; Müslim, İman, 38) Başqa bir hədisdə bu say yeddi olaraq qeyd edilir; Hz. Peyğəmbər (s.ə.s) belə buyurmuşdur: “Həlak edən yeddi günahdan çəkinin. Onlar: Allaha şərik qoşmaq, cadugərliklə məşğul olmaq, haqsız yerə adam öldürmək, yetim malı yemək, sələm (faiz) yemək, müharibədən qaçmaq, namuslu bir qadına zina böhtanı atmaqdır”. (Buxari, Vəsaya, 23; Müslim, İman, 38) Başqa hədislərdə bu yeddi günaha bunların da əlavə edildiyi nəzərə çarpır: zina etmək, yalan yerə şahidlik etmək, Məscidi-haramda günah işləmək və yalan yerə and içmək (Bax. Buxari, Ədəb, 6, Eyman, 16; Müslim, İman, 38). Bundan əlavə, qul haqqının da böyük günahlardan olduğu müxtəlif hədislərdə vurğulanmışdır.
Küfr və şirk istisna olmaqla böyük günah işləyən bir müsəlman bunu halal saymayınca, günahlarından ötrü küfrə düşməz, amma fasiq və asi bir müsəlman sayılar. Həmin şəxs üçün ölənə qədər tövbə qapısı açıqdır. Uca Allah onu axirətdə istəyərsə bağışlayar, şəfaət olunmasına icazə verər. Qurani-Kərimdə belə buyurulur: “Şübhə yoxdur ki, Allah Özünə şərik qoşanları əvf etməz, amma istədiyi şəxsin bundan başqa olan günahlarını bağışlayar. Allaha şərik qoşan şəxs, əlbəttə, böyük günah etmiş olar”; (ən-Nisa, 4/48, 116) “Əgər sizə qadağan olunmuş böyük günahlardan çəkinərsinizsə, Biz də sizin qəbahətlərinizin (kiçik günahlarınızın) üstünü örtər və sizi (şərəfli bir mənzilə) çatdırarıq” (ən-Nisa, 4/31).
Allahın bağışlaması mövzusunda insana ən çox ümid verən ayənin aşağıdakı ayə olduğu nəql edilmişdir: “(Ya Peyğəmbər! Mənim adımdan qullarıma) de: “Ey Mənim (günah törətməklə) özlərinə zülm etməkdə həddi aşmış bəndələrim! Allahın rəhmindən ümidsiz olmayın. Allah (tövbə etdikdə) bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhm edəndir!” (əz-Zümər, 39/53). Məhz bu ayə şirk istisna olmaqla böyük günahların da tövbənin əhatə dairəsinə daxil olduğunu ifadə edir. Lakin bu günaha təşviq və ya günahda israr kimi qəbul edilməməlidir. Allahın rəhməti genişdir, insanın günahı nə olursa olsun, Ondan ümid kəsilməməlidir.
Əbu Zərr əl-Qifaridən (r.ə) nəql olunan rəvayətə görə, onunla Rəsulullah (s.ə.s) arasında belə bir dialoq keçmişdir. Hz. Peyğəmbər belə buyurmuşdur: “Allahdan başqa heç bir ilah yoxdur, - deyib bu etiqad üzrə ölən kəs cənnətə girər”. Əbu Zərr: “O şəxs zina və oğurluq etsə də?” -deyə soruşmuş, Peyğəmbərimiz də: “Bəli, zina etsə də, oğurluq etsə də, cənnətə girər”, – cavabını vermişdir. Əbu Zərr sualı üç dəfə təkrar edib eyni cavabı aldıqda, dördüncü sualında Allahın Elçisi: “Əbu Zərr bundan xoşlanmasa da, həmin şəxs cənnətə girəcəkdir”, - buyurmuşdur (Buxari, Tövhid, 33, Riqaq, 16; Müslim, İman, 40; Tirmizi, İman, 18). Başqa bir çox hədislərdə də, bir insan son nəfəsini müsəlman olaraq verə bilərsə, onun işlədiyi günahlarının cəzasını cəhənnəmdə çəkdikdən sonra, əvvəl-axır cənnətə girəcəyi bildirilmişdir.
Üç gün səhur-iftar etmədən arxa-arxaya oruc tuturlar. Bunun dindəki yeri nədir?
Cavab: Səhur və iftar etmədən tutulan oruca “səvmi-visal” adı verilir və bu oruc yalnız peyğəmbərimiz Hz. Muhammədə (s.ə.s) aid olan bir orucdur. Hz. Peyğəmbərimiz (s.ə.s) özü bu orucu tutmuş, amma tutmaq istəyən səhabələrinə icazə verməyərək: “Rəbbim məni yedirib-içirir”, – deyə buyurmuşdur. Yəni, Hz. Peyğəmbər (s.ə.s) ümmətinə səvmi-visal orucunu tutmağı qadağan etmişdir.
Xanımlar dəstəmaz alarkən baş örtüklərinin üzərindən islaq əl çəkərək başa məsh edə bilərlərmi?
Cavab: Qurani-Kərimdə “Maidə” surəsinin 6-cı ayəsinə (Ey iman gətirənlər! Namaza durarkən üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun, başınıza məsh çəkin və topuqlarla birlikdə ayaqlarınızı yuyun) görə başa məsh çəkmək dəstəmazın dörd fərzindən biridir. Başın da məsh edilməsi üçün islaq əl başa təmas etməlidir. Bu səbəbdən sözü gedən təmasa baş örtüyü, parik və digər örtüklər mane olduğu üçün onun üstündən məsh edilməsi dəstəmazın “başa məsh edilməsi” fərzinin yerinə yetirilməsi üçün kifayət deyil. Ancaq qadınlar dəstəmaz alarkən baş örtüklərini çıxarmadan əllərini örtüyün altına salaraq başlarını məsh edə bilərlər. Çünki Hz. Aişənin (r.ə) əlini baş örtüyünün altına salaraq başını məsh etdiyi və: “Rəsulullah (s.ə.s) mənə belə etməyimi əmr etdi”, – dediyi də nəql edilmişdir (Əbürrəzzaq, “Müsənnəf”, I, 18).
Ayağına məst geymiş olan adam ayağına məsh çəkərək dəstəmaz alır. Bir müddət sonra dəstəmazlı olduğu halda məsti çıxarmaq istəyir. Bu halda dəstəmazlı qalması üçün təkcə ayağını yusa yetər, yoxsa tamamilə təzə dəstəmaz almalıdır?
Cavab: Qeyd edilən misalda məsti çıxarmaqdan başqa dəstəmazı pozan hər hansı hal olmayıbsa, hənəfilərə görə, sadəcə olaraq ayaqları yumaqla dəstəmazlı sayılır və yenidən, başdan dəstəmaz almağa ehtiyac yoxdur. Ancaq digər bəzi alimlərə görə, dəstəmaz alarkən arada üzvlərin quruması ilə nəticələnən uzun bir fasilə olarsa, dəstəmaz yenidən, başdan alınmalıdır. Ona görə də, ibadətlərdə ehtiyat etmək daha məqsədəuyğun olduğu üçün, ehtiyat olaraq təzədən dəstəmaz alması əfzəldir.
ŞƏRHLƏR