RAMAZAN KİMİ BİR HƏYAT
Mənəvi qazanc mövsümü olan üç ayların sonuncusu, rəhmət, məğfirət və cəhənnəmdən qurtuluş vəsiləsi olan Ramazani-Şərifi həm sevinc, həm də böyük bir kədərlə yola salmaqdayıq.
Bir tərəfdən özündən ayrılışımızın hüzn və kədəri, digər tərəfdən də bayramın və etdiyimiz ibadətlərin əcr və mükafatının sevinci içindəyik. Bu mübarək ayın qiymətini dərk edə bilməyən, onun rəhmətindən, bərəkətindən və məğfirətindən istifadə edə bilməyən insan nə qədər kədərlənsə, yenə də azdır.
Bu mübarək ayda – oruclarımızı tutduq, beş vaxt namazın yanında təravih namazlarını camaatla əda etdik, bol- bol Qurani-Kərim oxuduq və məscidlərdə müqabilələrdə (qarşılıqlı Quran oxumaq) iştirak etdik. Dilimizi, gözümüzü və digər əzalarımızı günahlardan, boş söhbət və lağlağıdan qoruduq. Qohum-əqrəba, qonşu və tanışlarımızla birlikdə iftar sevincini paylaşdıq, sahurun bərəkətini yaşadıq. Kasıb, yoxsul, dul, yetim və kimsəsizləri fitrə, zəkat və digər yardımlarla sevindirdik. Köməkləşmə və həmrəylik duyğularımızı canlandırdıq. Xülasə; Allah-Təalanın və Əziz Peyğəmbərimizin (s.ə.s) məmnun olacağı saleh əməlləri bir ay ərzində yerinə yetirdik; yaxşı, gözəl və faydalı vərdişlər qazandıq. Bütün bu gözəl əməllərə görə son dərəcə xoşbəxt və bəxtiyarıq, əlhamdulilləh.
Artıq bizə düşən, bu ayda qazandığımız gözəl vərdişləri ilin digər aylarına da daşımaq surətiylə bütün bir ili Ramazan kimi yaşamağa çalışmaqdır. Uca Allaha olan qulluq vəzifələrimizi, ibadətlərimizi bundan sonra da davamlı olaraq yerinə yetirməli, pis xislət və davranışlara bir daha dönməməyə əzmli və qərarlı olmalıyıq.
Bundan sonra da məscidə və camaata davam etməli; uca kitabımız Qurani-Kərim ilə ünsiyyətimizi artıraraq davam etdirməli; cəmiyyətin dərdli yeri olan kasıb, dul, yetim və başsız ailələri hər cür, maddi və mənəvi olaraq dəstəkləməli; yoldaş, dost və qohum-əqrəbalarımıza ikram və yaxşılıq edərək bu əlaqələrimizi də gücləndirməliyik. Nəfslərimizi tərbiyə edərək Allaha qarşı gəlməkdən çəkinmək üçün, oruç tutmağın qadağan olduğu Ramazan bayramının birinci günü və Qurban bayramının dörd günü istisna olmaqla, nafilə oruc tutula bilər. Xüsusilə Peyğəmbər Əfəndimizin (s.ə.s) oruc tutduğu və oruc tutulmasını tövsiyə etdiyi günlərdə (hər qəməri ayın13, 14 və 15-ci günləri ilə hər həftənin bazar ertəsi və cümə axşamı günləri) tutacağımız nafilə oruclarla Ramazanın mənəvi havasını ilin digər aylarına da daşıya bilərik.
Şəvval ayında altı gün oruc tutmağa səy göstərməliyik. Ay təqvimində Ramazan ayından sonrakı ay Şəvval ayıdır. Şəvval ayında altı gün oruc tutmaq müstəhəbdir. Bu orucların bayramın dərhal arxasından arxa-arxaya tutulması daha fəzilətli olmaqla birlikdə, ay içərisində ayrı-ayrı günlərdə tutmaq da mümkündür. Qəza və ya nəzir oruclarının bu günlərdə tutulmasıyla da eyni savab əldə edilir. Peyğəmbərimizin (s.ə.s): “Ramazanı orucla keçirib buna Şəvvaldan altı gün əlavə edən bütün ili oruclu keçirmiş olar” (Müslim, Siyam, 204), - mənasındakı hədisini “Kim yaxşı bir əməl işləyərsə, özünə bunun on qat əcri vardır” (əl-Ənam, 160) ayəsi ilə birlikdə qiymətləndirən bəzi alimlər, birə on hesabıyla, Ramazan orucunun on aya, altı gün şəvval orucunun da altmış günə qarşılıq olduğunu və bu hesabla bütün ilin oruclu keçirilmiş sayılacağını söyləmişlər.
Ramazanda edilən ibadətlərə qat-qat daha çox savab verildiyi üçün mömünlər daha çox bu ayda ibadət etməkdədır. Ancaq, Allaha qulluq borcu olan ibadətlər yalnız Ramazan ayına təxsis edilməməlidir. Müəyyən bir zaman kəsiyində sıx bir ibadət həyatı yaşayıb, daha sonra bunları tərk etmək və ya bu gözəl davranışlara bir müddət ara vermək doğru olmaz. Allahın razılığına uyğun olan, ibadətlərin və gözəl davranışların davamlı və ixlaslı edilməsidir. İslama görə, qulluqda davamlılıq şərtdir. Allah Rəsulunun (s.ə.s) tövsiyəsi də bu istiqamətdədir. Bir dəfə Hz. Peyğəmbərdən (s.ə.s): “Ya Rəsulallah! Hansı ibadət Allah-Təalaya daha sevimlidir?” deyə soruşuldu. Allah Rəsulu (s.ə.s) belə cavab verdi: “Az da olsa, davamlı olanıdır”. (Buxari, Riqaq, 18)
ŞƏRHLƏR