BİR HƏDİS
عن أبي هريرة، قال: قال رسولُ الله -صلى الله عليه وسلم ...... ومن كان يُؤمِنُ بالله واليومِ الآخِرِ فليقُلْ خيراً أو ليصمُتْ
Əbu Hüreyrədən (r.a) rəvayət olunduğuna görə, Rəsulullah (s.ə.s) belə buyurmuşdur: “..... Allaha və axirət gününə inanan kimsə ya xeyir söyləsin, ya da sussun”. (Buxari, Ədəb, 31; Müslim, İman, 74; Əbu Davud, Ədəb, 131)
İslam dini bəşəri münasibətləri tənzimləyərkən bu münasibətlərdə imanı mərkəzə almaqdadır. Gözəl davranışların imandan qaynaqlandığını, pis davranışların isə imandakı zəiflik səbəbilə ortaya çıxdığını bildirməkdədir. İnsanın dilinə sahib olması və dilini gözəlliklərə alışdırması da imanın keyfiyyətlərindən sayılmaqdadır. Qeyd etdiyimiz hədisi-şərifdə biz bu həqiqəti açıq bir şəkildə görə bilərik. Belə ki, Allah Rəsulu (s.ə.s) insanın xeyirli və gözəl sözlər sərf etməsini birbaşa imanla əlaqələndirmiş, mömin olduğunu iddia edən bir kimsənin xeyirdən başqa bir şey söyləməməsi gərəkdiyini bəyan etmişdir.
Gözəl söz İslamın təbliğ əsaslarındandır. Qurani-Kərimə nəzər saldığımızda bir neçə ayədə, o cümlədən ən-Nəhl surəsinin 125-ci ayəsində bu gerçəyi görməyimiz mümkündür. Allah-Təala belə buyurur: “(Ya Rəsulum!) İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna (İslama) dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, doğru yolda olanları da daha yaxşı tanıyır”.
Gözəl və faydalı sözlər insanı gözəlliklərə yönləndirdiyi kimi, pis və faydasız sözlər də insanı pis yollara və davranışlara meyl etdirər. İslam dinində əsas məqsəd insanlara faydalı olmaqdır. Faydalı olmağı bacarmayan bir kimsə susmaqla da olsa, başqalarına zərər verməməyə çalışmalıdır. Susmaq surətiylə zərər verməkdən çəkinməyin özü də faydalı davranışlardandır. Çünki söz ağızdan çıxdıqdan sonra sahibi üçün məsuliyyət səbəbi olmuş olar. Qurani-Kərimdə bu həqiqət belə açıqlanmışdır: “İnsanın dediyi hər sözü (yazmaq üçün) onun yanında hazır durub gözləyən (iki mələk) vardır!” (Qaf 50/18) Ağızdan çıxan söz xeyirli və faydalı bir söz isə sahibi üçün savab, pis və faydasız bir söz isə də sahibi üçün günah vəsiləsi olmuş olar. Bir kəlamda buyrulduğu kimi: “Bəla ağızdan çıxan sözə bağlıdır”.
Nəticə olaraq, insanların ünsiyyət vasitələrindən biri olan dilin qorunması dinimizin önəmlə üzərində durduğu məsələlərdəndir. Bu mövzu ilə əlaqəli Allah Rəsulundan bir çox hədis nəql olunmuşdur. Bu hədislərin hər birini burada qeyd etmək mümkün deyildir. Yazımızı Rəsulullahın bu mövzu ilə əlaqəli bir hədisi ilə yekunlaşdıraq. Allah Rəsulu (s.ə.s) belə buyurur: “İki çənəsi və iki qıçı arasında olanı qoruyacağına dair mənə söz verənə mən də cənnəti söz verirəm”. (Buxari, Riqaq, 23; Tirmizi, Zöhd, 61.)
ŞƏRHLƏR