BİR AYƏ

BİR AYƏ

بسم الله الرحمن الرحيم

يَا أَيُّهَا النَّاسُ إِنَّ وَعْدَ اللهِ حَقٌّ فَلَا تَغُرَّنَّكُمُ الْحَيَاةُ الدُّنْيَا وَلَا يَغُرَّنَّكُم بِاللهِ الْغَرُورُ

“Ey insanlar! Həqiqətən, Allahın vədi haqdır. Ona görə də dünya həyatı sizi aldatmasın! Aldadıcı (şeytan) da sizi Allahla (Allahın mərhəməti ilə) aldatmasın!”[1]

Bu ayənin əvvəlində Uca Allah bütün insanlara xitab edir və vəd etdiyi axirət dünyasının, cənnətin və cəhənnəmin bir həqiqət olduğunu xəbər verir. Bu dünya həyatının müvəqqəti olduğunu bildirən Allah-Təala, onun zövqlərinin və cah-calalının insanı aldatmaması gərəkdiyini bizlərə xatırladır. Çünki bu dünya çox cazibəli görünsə də, üzərində yaşayacağımız müddət çox azdır, axirət isə əbədidir. Necə ki, Hz. Peyğəmbər (s.ə.s) dünya həyatının faniliyi ilə əlaqədar buyurur: “Mənim bu dünyadakı halım, ancaq bir ağacın altında bir az dincəldikdən sonra oradan ayrılan yolçunun halına bənzəyir”.[2] Bu hədisi-şərifdə Hz. Peyğəmbər (s.ə.s) dünya həyatında qaldığı müddəti bir yolçunun ağac altında kölgələndiyi müddətə bənzədərək onun qısalığına diqqət çəkmişdir. Bu qədər qısa bir dünya həyatının ləzzətləri və ehtişamı bizləri aldatmamalı və bütün bunlar əbədi axirət yurdu üçün çalışmağımızın önündə bir maneə olmamalıdır.

Ayənin davamında isə insanları bu həqiqətdən uzaqlaşmağa və onu inkar etməyə sövq edən aldadıcı bir qüvvədən bəhs olunur. Bu aldadıcı qüvvə isə, şübhəsiz ki, şeytandır. İnsanoğlunun dünyadakı ən böyük düşməni olan şeytan gecə-gündüz demədən insanı Allahı və axirəti inkar etməyə çağırar, bunun üçün hər cür hiyləyə əl atar. Şeytanın insanları öz tələsinə salmaq üçün istifadə etdiyi metodlardan biri də Allah ilə aldatmasıdır. Allah ilə aldatmasına gəldikdə, bu, insanları Allahın mərhəmətinə və məğfirətinə arxayın edərək onları günah işlərə sövq etməsidir. Bir insan günah işləmədən əvvəl vicdanı ona bu işin günah olduğunu və bunu etməməsini söyləyər. Ancaq şeytan onun qəlbinə Allahın çox rəhmli olduğunu və bu günahına görə onu cəzalandırmayacağını, əksinə, onu əfv edəcəyini fısıldayar. Bunu bilən insan daima xovf  rəca (qorxu və ümid) arasında qalmalıdır. Nə tamamilə Allahdan ümidini kəsməli, nə də Onun rəhmətinə arxayın olub tamamilə günaha meyl etməlidir. Çünki digər bir ayədə də Allah-Təala: “Allahın rəhmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, Allah bütün günahları bağışlayar”,[3] - buyurur. Buna görə də, mömin Allahın qəzəbindən yenə Allahın rəhmətinə sığınmalıdır. Rəhməti və məğfirəti bol olan mübarək Ramazan ayında da Rəbbimizin rəhmətini ümidi edək, ancaq bu rəhmət gərək bizi tənbəlliyə və arxayınçılığa sövq etməsin.


[1] Fatir surəsi, 5.

[2] Tirmizi, Sünən.

[3] Zümər surəsi, 53.

 

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz