Gözəl Söz Söyləmək
Qurani-Kərimdə gözəl sözün misalı belə verilir:
“Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir”. (İbrahim, 24)
Bu ayədə gözəl söz kökü yerdə sabit olan, budaqları isə göyə ucalan ağaca bənzədilir. Gözəl sözün istinad nöqtəsi var, söykəndiyi möhkəm bir qalası var. Söylənən hər bir xoş söz Allahın və Ona yaxın olanların sözü ilə üst-üstə düşdüyü üçün əsli kəlamullahdır. Əsli kəlamullah olan bir söz də dünya durduqca hikmətli kəlam kimi nəsillərdən-nəsillərə ötürüləcəkdir. Heç bir cəhalət və küfr rüzgarı onu yer etdiyi qəlblərdən qoparıb atmağa qadir deyil. Gözəl söz elə bir ağaca bənzəyir ki,
“Rəbbinin izni ilə bəhrəsini hər vaxt verər...” (İbrahim, 25)
Əkilən bir ağacın məqbul olması qol-budaq atıb gözəl meyvələr verməyə bağlıdır. Deyilən sözün də Haqq və xalq qatında məqbul olma şərti könüllərə işləyib orada özünə yer etməsi və həyatda gözəl meyvələrini verməsidir. Bir söz nə qədər gözəl olar və gözəl söylənərsə, cəmiyyətdə bir o qədər şaxələnər, insanlar arasında yayılaraq gözəl meyvələrini verər. Sözün meyvəsi üzdə təbəssüm, qəlbdə sevgi oyatmasıdır. Söylənən söz kimisə pis əməldən çəkindirirsə, xeyirli bir əmələ səbəb olursa, deməli, o söz gözəl sözdür.
İlahi kitabımızda pis və çirkin sözün misalı isə belə verilir:
“Pis söz isə yerdən qopardılmış, kökü olmayan pis bir ağaca bənzəyir”. (İbrahim, 26)
Kökü olmayan bir ağacın quruması və azacıq güclü əsən küləklə yıxılması qaçınılmaz olduğu kimi, söylənən pis bir sözün təsiri də beləcə yox olmağa məhkumdur. Eynilə “Haqq gəldi, batil yıxıldı” ayəsinin ifadə etdiyi kimi, xəfif haqq mehinin əsməsi onun yox olmasına kifayətdir.
Digər tərəfdən, kökü olmayan bir ağac ətrafa nə qədər təhlükə törədirsə, söylənən pis bir söz də cəmiyyət üçün o qədər təhlükəlidir. Kökü qurumuş ağacların küləkli bir gündə yerindən qoparaq evlərin, maşınların, əkin və bostan sahələrinin üstünə necə aşdığını dəfələrlə görmüşük. Əslində ağızdan çıxan pis bir söz də ona təkan verən fitnə rüzgarları ilə qəlbləri qıran, isti ailə ocaqlarını dağıdan, insanların səadətinə mane olan, hüzur və xoşbəxtlik damı üzərinə düşərək yaxşılıq adına hər şeyi məhv edən təhlükə mənbəyidir. Bizim insanlıq vəzifəmiz gözəl söz rüzgarı əsdirərək pis və çirkin sözləri insan cəmiyyətindən uzaqlara sovurmaq olmalıdır.
Dünyada hər kəsin ya öz sözü, yaxud da ardına düşdüyü bir söz var. Əslinə baxsaq, yaxşı da, pis də söylənmişdir. Göy qübbə altında söylənməmiş heç bir söz qalmadı. Peyğəmbərlər də sözlərini dedilər, Firon və Əbu Cəhllər də... Bizim etdiyimizsə, sadəcə yaxşı və pis adına bu sözləri çoxaltmaq və başqalarına ötürməkdir. Ağzımızdan çıxanlarla sadəcə yaxşının və ya pisin yanında yer alırıq.
Ölkəmizdə “Jurnalistika Günü”nün qeyd olunduğu bu ayda yazar qələmindən çıxan kəlmələrin də gözəl olmasının zərurətini xatırlatmaq yerində olardı. İslam insanı əlindən və dilindən əmin olunan kəsdir. Dil gözəl söyləməli, qələm gözəl olanı yazmalıdır. Yazdıqlarımız şər-böhtan olmamalı, ailələri dağıtmamalı, insan ruhunu incitməməli, haqsızın dəyirmanına su daşımamalıdır. Əlimizdə tutduğumuz qələmin sivri ucu tikan olub qəlblərə batmamalıdır. Yazdıqlarımız bəmbəyaz kağız üzərində ləkə olmamalı, incə naxışlar kimi gözləri və könülləri oxşamalıdır. İlmə-ilmə işlənərək insanları bir-birinə bağlamalı, açılan yaralara məlhəm olmalıdır. Unutmamalıyıq ki, dediyimiz hər sözü, yazdığımız hər hərfi bizdən başqa yazanlar da var və bir gün əməl dəftəri adı ilə dərc olunub bizə veriləcək. Onu da unutmayaq ki;
Söz ola kəsə savaşı,
Söz ola kəsdirə başı.
Söz ola ağulu aşı
Yağ ilə bal edə bir söz...[1]
[1] Yunus Əmrə
ŞƏRHLƏR