ÖMÜRLÜK BİR RAMAZAN

ÖMÜRLÜK BİR RAMAZAN

Allah-Təalaya sonsuz həmd-sənalar olsun ki, bir daha biz aciz bəndələrinin ömür təqvimini ilahi əfvin coşub daşdığı bir Ramazani-Şərif ilə zinətləndirdi. 

O Ramazani-Şərif ki, içərisində bir ömrə bərabər Qədr gecəsini ehtiva edən mənəvi bir xəzinədir…

Lakin bu dəyərli ayın bir çox gün və gecəsini arxada qoyduq. Artıq qarşıda çox azı qaldı. Bu mübarək günlərdə də:

- Namaza daha ciddi yanaşıb, camaatla və xüşu içində qılmağa,

- Qəlbi feyzlə nurlandırıb müqabilələr oxumağa,

- Orucla ruhən zərif hala gəlib təqvaya nail olmağa,

- Sahurlarla səhərin ruhaniyyətini qazanmağa,

- Zəkat, fitrə və infaqlarla Haqqa yaxınlaşmağa,

- Nəticədə bu bağışlanma ayından mənən təmizlənərək çıxmağa əzm edən möminlər necə də bəxtəvərdirlər. Bizə lütf etdiyi bu mübarək ay üçün Rəbbimizə nə qədər şükür etsək, yenə də azdır…

Haqq-Təala belə buyurur:

لَئِنْ شَكَرْتُمْ لَاَز۪يدَنَّكُمْ

“…Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram…” (İbrahim, 7) Bu ayeyi-kərimənin gərəyi olaraq şükür nemətlərin bərəkətlənməsinə və davamlı olmasına vəsilədir. Ramazani-Şərif nemətində də şükrün bərəkətinə nail ola bilmək üçün ona aid sözlü və feli şükrümüzü yerinə yetirməkdə səhlənkarlıq etməyək.

Ona görə də ruhları tərbiyə edən Ramazani-Şərifin feyzli iqlimində qazandığımız mənəvi dəyərləri Ramazandan sonra itirməyək. Çünki Ramazanın ruhaniyyətini bir ilə yaya bilmək Rəbbimizə feli şükrümüzün ən gözəl ifadəsi olacaqdır.

 

SON NƏFƏSƏ QƏDƏR QULLUQ

Unutmamaq lazımdır ki, müsəlmanlıq, qulluq, zöhd, riyazət və təqva həyatı sadəcə Ramazani-Şərifə məxsus olan müvəqqəti mərasimlər deyil. Bütün bunlar həqiqi möminin ömrü boyu baş tacı etməli olduğu, hədsiz dərəcə həyati əhəmiyyət kəsb edən dəyərlərdir.

Allah-Təala sadəcə Ramazanda deyil, hər zaman Uca Zatına qulluq etməyimizi əmr edir. Ayeyi-kərimədə belə buyurulur:

وَاعْبُدْ رَبَّكَ حَتّٰى يَاْتِيَكَ الْيَق۪ينُ

“Sənə ölüm gələnədək Rəbbinə ibadət et”. (əl-Hicr, 99)

İnsan haqqında ilahi qərar son nəfəs əsasında verilir. Son nəfəsi sağlam imanla verə bilmək üçün isə “beynəl-xovfi vər-rəca”, yəni ilahi qəzəbə düçar olmaq qorxusu və ilahi rəhmətə məzhər olmaq ümidi arasında yaşayaraq bütün həyatımıza istiqamət verməliyik.

Rəbbimiz bir ayeyi-kərimədə də belə buyurur:

يَاۤ اَيُّهَا الَّذ۪ينَ اٰمَنُوا اتَّقُوا اللّٰهَ حَقَّ تُقَاتِه۪ وَلَا تَمُوتُنَّ اِلَّا وَاَنْتُمْ مُسْلِمُونَ

“Ey iman gətirənlər! Allahdan Ona layiq olan tərzdə qorxun və ancaq müsəlman olduğunuz halda ölün!”. (Ali-İmran, 102)

Müsəlman olaraq can verə bilmək üçünsə, bir anlıq da olsa, nəfsə və qəflətə qapılmadan qulluğa davam etməkdən başqa çarə yoxdur. Necə ki, Rəsulullah r bizə misilsiz nümunə göstərərək Allah-Təalaya:

“Ya Rəbb, məni bir göz qırpımlıq da olsa, nəfsimlə baş-başa qoyma”, - deyə dua etmişdir.[1] Beləliklə, Haqqa qulluqdakı ruh halımızın necə olacağını şəxsən sərgiləmişdir.

Allah-Təala Qədr gecəsini bütöv bir ildə gizlədiyi kimi, riza və qəzəbinin də nə zaman təcəlli edəcəyini zamanlar içərisində gizləmişdir. Bununla da, hər zaman saleh əməllərə can atıb günahlardan çəkinməyimizi murad etmişdir. Elə an var ki, böyük qazanca, elə an da var ki, böyük itkiyə səbəb olar.

Məhz bu səbəblə, İslam həyatın hər anını tənzimləyir. Dinin əmrlərinə müəyyən vaxtlarda riayət edib digər zamanlarda qafil qalmaq və ya ilahi əmrlərin bəzisinə əməl edib bəzisinə səhlənkar yanaşmaq imanı zəiflədər.

Bu nöqteyi-nəzərdən həyatımızın heç bir mərhələsində Allahı unutmamağa səy göstərərək bu həssaslıqla yaşamalıyıq. Ayeyi-kərimədə:

 “Allahı unudan, buna görə də (Allahın) onları özlərinə unutdurduğu kəslər kimi olmayın! Onlar fasiqlərdir”, (əl-Həşr, 19) buyurulur.

Həqiqətən də, heç kim bismillah deyərək başqa birinə tələ qurmaz. Qəlbi “Allah” deyən bir adam qəlblərə tikan batıra bilməz, bilə-bilə qul haqqına girməz, haramlara dalmaz. Günahlar Allahdan qafil qaldıqda işlənər. Hansı xüsusda olursa-olsun, ilahi əmrlərə müxalif hərəkət etmək də Allahdan qafil qalmaqdır.

Bu etibarla, Allahın dininə olan bağlılığımızı son nəfəsə qədər hər zaman və məkanda canlı tutmağa məcburuq. “İki günü eyni olan xüsrandadır” düsturuna görə İslamı heç əskilməyən, əksinə, hər gün daha da artan bir iman eşqi ilə həyatımızın hər anında dolu-dolu yaşamağa cəhd etməliyik. Bizi Rəbbimizə hər an daha da yaxınlaşdıracaq dini həssasiyyət üçün dua etməliyik

VÜSLƏT İQLİMİ

Mövlana həzrətlərinin bu nəsihətləri Haqq aşiqlərinin qulluq üfüqünü necə də gözəl ifadə edir:

“Elə bir dəstəmaz al ki, əsla pozumlasın. Elə bir namaz qıl ki, əsla bitməsin. Aşiqə beş vaxt namaz kifayət etməz. Beş yüz min vaxt istər. Əsl aşiq vüslətin sona çatmasını istəyərmi?”.

Hər bir ibadət müəyyən zaman içərisində əda edilib sona çatır. Lakin qulluq daimidir. İman qəlbin Allaha daima bağlı qalmasıdır. Ona görə də imanı eşq ilə yaşayan Haqq aşiqləri ibadətdən aldıqları feyz və ruhaniyyəti hər nəfəsdə davam etdirirlər. Heç bir zaman və məkanda Allahdan qafil qalmazlar. Hər an ilahi hüzurda durduqlarının şüuru içində olduqları üçün onların dəstəmaz, namaz və qulluğu daimidir.

Nəfsani ləzzətlərin əlaməti – dadılması ilə arzu və həvəsin sönməsidir. Mənəvi ləzzətlər isə dadıldıqca daha da şiddətlə arzu edilir.

Məsələn, gün ərzində oruc tutan bir adam iftarda iki boşqab yeməklə doyar. Həddən artıq ləzzətli də olsa üçüncü, dördüncü boşqabı yeməyə iştahı qalmaz. Lakin mənəvi həzlər belə deyil. Mənəvi ləzzətlərdə daddıqca möminin mənəvi iştahını artıran sonsuz bir zövq var.

Dünya səltənətini bir kənara atıb ilahi eşq dəryasına dalan İbrahim bin Ədhəm həzrətləri belə buyurur:

“İlahi məhəbbətdəki vəcd və eşqimiz gözlə görülsəydi, krallar onu bizdən ala bilmək üçün bütün xəzinələrini də, krallıqlarını da fəda edərdilər”.

Allaha yaxın insanlar artıq əbədi ləzzətlərin əsintisini hiss etməyə başladıqları üçün onların gözündə fani ləzzətlərin heç bir qiyməti qalmaz. Bu səbəblə, özləri möhtac olsalar da, əllərinə keçən hər nemətdən istifadə etmək yerinə onu Allah üçün möhtaclara infaq etməkdən daha böyük həzz alarlar.

Necə ki, Rəsulullah r də ümmətinin aclarını doyurmadan, iztirab içində olanların dərdinə məlhəm olmadan rahatlıq tapmazdı. Yaradandan ötrü yaradılanlara şəfqət və mərhəmətin verdiyi həzz Allah Rəsuluna öz aclığını unutdurardı.

Allah-Təala bizə də fani nemətlərin ləzzətinə qalib gələcək bu cür baqi ləzzətlər ehsan etsin!

Deməli, xüşu ilə əda edilən, yəni Haqq ilə qəlbi vüslət iqlimində edilən ibadətlərin mənəvi zövqü maddi zövqlərlə müqayisə edilə bilməz. Allah ilə bərabərliyin mənəvi həzzini dadan Haqq aşiqləri üçünsə ibadətlər, itaətlər, Allah yolundakı xidmət və fədakarlıqlar heç bir zaman yorğunluq səbəbi olmamış, əksinə, doyumsuz bir zövq və ləzzət halına gəlmişdir. Bu səbəblə, onlar Allah ilə vüslət hallarının əsla bitməməsini arzulamışlar.

Eynilə beləcə, Ramazani-Şərifin qiymətini layiqincə idrak edib ona yaraşan şəkildə əhya edən möminlər də bu rəhmət iqliminin bitməməsini, ondakı feyz axışının kəsilməməsini istəmişlər.

Hədisi-şərifdə buyurulduğu kimi:

“Əgər qullar Ramazanın fəzilətlərini bilsəydilər, bütün ilin Ramazan olmasını arzulayardılar”. (Heysəmi, c. III, s. 141)

Müəlla bin Fəzl həzrətləri bu həqiqətin saleh möminlər üzərindəki bir təzahürünü belə ifadə etmişdir:

“Sələfi-salehin (ilk dövr müsəlmanları) altı ay ərzində Allahdan onları Ramazana qovuşdurmasını istəyərdilər. Geri qalan altı ayda da idrak etdikləri Ramazanı qəbul etməsi üçün dua edərdilər”. (Qıvamus-Sünnə, ət-Tərğib vət-Tərhib, II, 354)

İLİN QƏLBİ - RAMAZAN

Biz də Ramazani-Şərifin sanki ilin qəlbi olduğunu unutmamalıyıq. Ramazanda əldə etdiyimiz qulluq şüurunu qoruyub saxlamalı, keçən Ramazanı gələcək Ramazana daha da artan bir könül vəcdi ilə bağlamağa səy göstərməliyik. Şübhəsiz ki, buna müvəffəq olan bir möminin bütün ili Ramazan ruhaniyyətində keçər.

Elə isə Ramazani-Şərifin feyz və ruhaniyyətini bütün il ərzində yaşaya bilmək üçün nə etməli, nələrə diqqət etməliyik?

İlk növbədə orucun səbrini, riyazətini bütün zamanlara daşıyar, nəfsimizi acgözlükdən, israfdan, ehtirasdan, qəzəbdən, pislikdən qoruyarıqsa, Ramazanın həqiqətini davam etdirmiş olarıq.

Necə ki, Ramazan bayramının ardından dərhal altı günlük Şəvval orucunun müstəhəb qılınması bir yandan bədəni yavaş-yavaş normaya saldığı kimi, digər tərəfdən də Ramazandakı oruc ruhaniyyətini nafilələrlə davam etdirməyin bir təlqinidir. İmkanı olanlar üçün qəməri ayların on üç, on dörd və on beşinci günləri ilə həftənin bazar ertəsi və cümə axşamı günləri oruc tutmaq da fəzilətlidir.

Oruc səbir təlimidir. Səbir mömin üçün hər zaman və hər xüsusda vacibdir. İbadətdə davamlı olmaq üçün səbir… Üsyana qarşı səbir… Nəfsani arzulara qarşı səbir… Bəla və müsibətlərə qarşı, qəlbdəki həmd, şükür və riza halını zədələməmək üçün səbir… Nəfsani arzulara təmayülün artdığı bolluqda qəflətə düşməmək və yoldan çıxmamaq üçün səbir… Qıtlıqda, yoxsulluğun küfrə yaxınlaşdığı həngamədə etiqadı sarsıtmamaq, haram yollara əl atmamaq, şikayəti unutmaq üçün səbir… Çünki Haqq-Təala “…Səbir edənləri müjdələ!” buyurur. (əl-Bəqərə, 155)

Digər tərəfdən, insana ən çox təsir edən iki amil var ki, onlardan biri birlikdə olduğu adamların mənəvi keyfiyyəti, digəri isə qidasının halallıq dərəcəsidir. Biz də Ramazan orucunu tutarkən göstərdiyimiz “halal qidadan çəkinmə” həssaslığını digər zamanlarda bütün haram, məkruh və şübhəlilərə qarşı göstərə bilsək, Ramazan şüurumuz davam edər.

Oruclu ikən yeməkdən və içməkdən özümüzü saxladığımız kimi, Ramazandan sonra da bütün haramlara, günahlara qarşı da ruhən oruclu olmalıyıq. Ağzımıza girən loğmalara və ağzımızdan çıxan hər sözə diqqət etməliyik. Xüsusilə də dilimizi yalan, dedi-qodu, qeybət və gərəksiz sözlərdən qorumalıyıq.

Həmçinin, oruclu ikən ağzımızı qidalara qarşı bağladığımız kimi, qəlbimizi də hər zaman nifaq, riya, ucüb, qürur, təkəbbür, naşükürlük, həsəd və ehtiraslara qarşı bağlamalıyıq. Gözümüzü haramlara, Allahın qadağan etdiyi mənzərələrə yummalıyıq. Qulağımızı Quran və Sünnənin xoş qarşılamadığı bütün çirkin səslərə və boş sözlərə qarşı tutmalıyıq.

Sahurdakı oyanıqlığı bütün səhərlərə yaya bilsək, yəni təhəccüd, zikrullah və istiğfarla bəzənmiş bir səhər vərdişi qazana bilsək, Ramazanın könül feyzini qorumuş olarıq.

Ramazani-Şərifdə Qədr gecəsini axtardığımız kimi, “Hər gördüyünü Xızır, hər gecəni Qədir bil” düsturu əsasında hər gecənin qədrini bilsək, bütün ili Ramazan ruhaniyyəti içində yaşayarıq.

Təravihdəki məscidə axın etmə həyəcanını il uzunu camaat namazına davam etmə vərdişinə çevirə bilsək, Ramazani-Şərifin məna iqlimini daim qəlbimizdə canlı tutmuş olarıq.

Ramazanda müqabilələr oxuyub Qurani-Kərimlə ünsiyyətimizi artırdığımız kimi, sonrakı aylarda da Quran iqlimində yaşamağa davam etsək, Ramazanın məna və mahiyyətini qəlbimizdə davam etdirmiş olarıq.

Sədəqə və infaqlar ömür boyu Allahın rizasına nail ola bilmək üçün daima açıq bir qapıdır. Ramazandakı zəkat, fitrə və digər infaqları əda edə bilmə həyəcanını digər aylarda da sərgiləyə bilsək, xəsislik və eqoizmdən qurtulub Allah yolunda səxavətlə xidmət və fədakarlıq edə bilsək, fəqir-füqəranı unutmayıb, əksinə, özümüzü onlardan məsul görsək, onlara şəfqət və mərhəmətimizi artıra bilsək, Ramazanın rəhmət iqlimini davam etdirmiş olarıq.

Bu xüsusda mərhum atam Musa Əfəndi belə buyurardı:

“Övladım, mütləq şəkildə riyazət halında (qənaətə riayət edərək) yaşayın və Allahın verdiklərini Onun üçün infaq edin! Riyazət halınız yalnız mübarək üç aya və Ramazana məxsus olmasın! Onu həyatınızın hər mərhələsinə yayın və ehtiyacınızdan artığını Allah yolunda infaq edin!”.

Ramazanda şeytanlar zəncirlənir. Qulun önündə yeganə əngəl kimi nəfsi qalır. Ramazandan sonra isə qulu Rəbbindən uzaqlaşdırmağa çalışan şeytanlar zəncirdən açılır. Lakin biz günahlardan uzaq durub, nəfs və şeytanın hiylələrinə qarşı daima ayıq-sayıq qala bilsək, Ramazandakı qəlbi riqqətimizi qorumuş olarıq. Necə ki, ayeyi-kərimədə buyurulur:

“Əgər sənə Şeytandan bir vəsvəsə gəlsə (fəsad toxunsa), Allaha sığın. Şübhəsiz ki, Allah (hər şeyi) eşidəndir, biləndir!”. (əl-Fussilət, 36)

Xülasə, bütün bu həssas ölçüləri özümüzə nə qədər həyat düsturu edə bilsək, Ramazani-Şərifimizi də o dərəcədə məqbul şəkildə əhya etmiş olarıq.

MƏQBUL ƏMƏLİN ƏLAMƏTİ

Hədisi-şərifdə belə buyurulur:

“Əməllərin Allaha ən sevimli olanı az da olsa, davamlı edilənidir”. (Müslim, Müsafirin, 218; Əhməd, VI, 61)

Allah-Təala da ayeyi-kərimədə buyurur:

فَاِذَا فَرَغْتَ فَانْصَبْ . وَاِلى رَبِّكَ فَارْغَبْ

“Elə ki (işlərdən) azad oldun, qalx! Və Rəbbinə yönəl!”. (əl-İnşirah, 7-8) Beləliklə, xeyirli bir əməli başa vurandan sonra vaxtı boş keçirmədən başqa bir xeyirli əmələ başlamağımızı əmr edir.

Mövlana həzrətlərinin buyurduğu kimi:

“İbadətin qəbul edilməsiniٰn əlaməti o ibadətdən sonra dərhal başqa bir ibadətə girişmək, bir-birinin ardınca durmadan xeyirlərə can atmaqdır”.

Bir əməlin qəbul edilməməsinin əlaməti isə onun ardınca pis əməllərin işlənməsidir. Bundan daha pisi isə yaxşı bir əməldən sonra işlənən pisliyin o yaxşılığı silib-süpürməsidir.

Haqq-Təala bizi saleh əməllərin əcrini günahlarla puç edən kəs kimi olmaqdan çəkindirmək üçün Qurani-Kərimdə bu təşbehdən istifadə edir:

“İpliyini möhkəm əyirdikdən sonra (onu) açıb sökən qadın kimi olmayın”. (ən-Nəhl, 92)

Bu ilahi təlimata xüsusilə ibadət həyatımızda diqqət etməli, işlədiyimiz əməllərin qəbul olunmamasından və ya puça çıxmasından qorxmalıyıq. İbadətlərlə keçirilən Ramazanın ardından təkrar yanlışlara, günahlara, qəflətə düçar olmaq doldurulmuş çuvalın ağzını bağlamamağa bənzəyir. Nəticədə yığılan, qazanılan nə varsa, tökülərək əlimizdə sadəcə heyfsilənmək qalar.

Həzrət Əli t belə xəbərdarlıq edir:

“İşlədiyiniz saleh əməllərə göstərdiyiniz əhəmiyyətdən daha çox onun qəbuluna və qorunmasına əhəmiyyət göstərin”.

Məsələn, əda edilən ibadətlərlə təkəbbür, ucüb və riyaya qapılmaq, yəni “mən etdim” deyərək nəfsə haqq qazandırmaq da edilən əməllərin qiymətini puça çıxarmağın başqa formasıdır.

Həmçinin, bir adamın həyatda ikən tikdirdiyi bir məscidə, məktəbə, xeyir müəssisəsinə öz adını qoydurması da işlədiyi xeyrə nəfsini şərik etməsidir. Halbuki tövhid əqidəsində şərikliyə yer yoxdur. Lakin insan vəfat etdikdən sonra övladları, mirasçıları xeyriyyə məqsədi ilə hər hansı bir bina tikib ona vəfat edən böyüklərinin adını verə bilərlər. Bunda heç bir qəbahət yoxdur. Çünki bu, mərhumun rəhmətlə anılmasına səbəbdir.

Deməli, ibadət və xeyir əməlləri işləmək qədər onların məqbul olması üçün də bir çox həssaslıq göstərilməlidir.

Ümumiyyətlə, Ramazani-Şərifdə oruclarla, təravihlərlə, Quran tilavəti, fitrə, zəkat və infaqlarla Rəbbimizə yaxınlaşma yolunda məsafə qət etməyə daha çox səy göstəririk. Bu mübarək ayın son günlərini yaşayarkən bizim də qəlbimizdəki ən mühüm sual bu olmalıdır:

“Görəsən, Ramazani-Şərifi əhya etmə cəhdlərim Allah qatında qəbul oldumu?”

Mirzə Məzhər Cani-Canan həzrətləri bu xüsusda bizə ölçü verərək belə buyurur:

“Ramazani-Şərif zikrlə ayıq-sayıq keçirilərsə, ilin qalan hissəsində də bu gözəl hal davam edər. Əgər bu ayda bir qüsur və tənbəllik olarsa, bunun izi bütün il ərzində özünü göstərər”.

Yəni Ramazani-Şərifdə girdiyimiz ibadət iqlimi və nail olduğumuz qulluq səviyyəsi əkilən toxum kimidir. Bu toxumun tutub-tutmadığı ilin digər aylarında özünü göstərəcəkdir.

Xülasə, Ramazandan sonrakı hal və istiqamətimiz Ramazandakı ibadətlərimizin qəbul olub-olmadığına da bir işarədir. Bu mübarək aydan nə qədər istifadə etdiyimizin ölçüsü bu ayda qazandığımız qulluq səviyyəsini nə qədər qoruyub saxlaya bildiyimizlə məlum olar.

HESABA ÇƏKMƏ ZAMANI

Ramazani-Şərifn sonra özümüzü hesaba çəkərək halımızı gözdən keçirməliyik. Fikirləşməliyik ki:

Ömür təqvimimizdən bir Ramazan da belə getdi. Bu mübarək günlərdən bizə nə qaldı?

 Ramazani-Şərifi qüsur və nöqsanlarımızı düzəltməyə, gözəl hallarımızın çoxalmasına, əxlaqımızın təkamülünə vəsitə edə bildikmi?

 Hansı yanlış əməlimizə tövbə etdik? Neçə pis vərdişimizdən xilas olduq?

Neçə nəfərlə halallaşdıq?

ü Neçə küsülünü barışdırdıq?

 Aramızda soyuqluq olan neçə din qardaşımızla Allah rizası üçün qucaqlaşa bildik?

 Neçə qırıq qəlbə təsəlli olduq? Neçə məzlumun simasında təbəssümə vəsilə olduq?

 İbadət nöqsanlarımızı nə qədər qəza edə bildik?

 Qəbir qaranlıqlarını işıqlandıracaq, məhşərdə hesabımızı asanlaşdıracaq, əbədi səadətə vəsilə olacaq hansı xidmətlərə can ata bildik?..

 Ailə, qonum-qonşu, cəmiyyət, ümmət və məxluqata qarşı məsuliyyətlərimizə dair hansı əskikliyimizin tamamlanmasına yönəldik? Bu xüsusda nə kimi xeyirli qərarlar ala bildik?

Hər hansı bir islah halı yaşadıqsa, bu, Ramazana məxsus olaraq qaldı, yoxsa hələ də onu davam etdirə bilirik?

Unutmayaq ki, ilahi rəhmət Ramazani-Şərifdə qazanılan gözəl xislət və vərdişləri həyatına şamil edə bilənlər üçün keçərlidir. İlahi rəhmət hər an təcəlli halındadır. Mühüm olan bizi o rəhmətə qovuşduracaq vəsilələri axtarmaq və əlimizə keçən fürsətləri dəyərləndirə bilməkdir. Ramazani-Şərif kimi mübarək gün və gecələri əhya edib digər günlərdə -əldə imkan olduğu halda- səhlənkarlıq göstərmək böyük zərərdir.

Bu Ramazani-Şərifin son günlərini yaşayırıq. Lakin gələn Ramazana qovuşub-qovuşmayacağımız məchuldur. Ona görə də hər nə qədər zahirən uzun görünsə də, əbədi həyat qarşısında bir aylıq Ramazandan da qısa olan fani ömrümüzü ilahi əfv bəratını ala biləcək şəkildə dəyərləndirməyə çalışmalıyıq.

Ramazandakı ibadət və saleh əməl işləmə həyəcanını, infaq səfərbərliyini və könül qazanma həssaslığını bütün ömrümüzə şamil etməyə səy göstərək ki, son nəfəsdə gözümüzü əbədi bayram səhərinə açaq.

Allah-Təala hər birimizi Ramazani-Şərifdən həqiqi bayram şəhadətnaməsi ilə çıxa bilən bəxtiyar qullarından etsin. Hər günümüzü Ramazani-Şərifin feyz və ruhaniyyəti içində yaşamağa müvəffəq qılsın. Axirət yurdunu da hər birimizə əbədi bayram səadəti qılsın.

Amin!..


[1] Süyuti, Camius-Sağir, c. I, s. 58.

PAYLAŞ:                

Osman Nûri Topbaş

1942 yılında İstanbul Erenköy’de doğdu. Babası Mûsâ TOPBAŞ, annesi de H. Fahri KİĞILI’nın kerîmesi Fatma Feride Hanım’dır. İlk eğitimini Erenköy Zihni Paşa İlkokulu’nda tamamladı. İlkokul yıllarında

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz