SÖZÜ NECƏ SÖYLƏMƏLİ?
Bu dünyada Allah-Təala həmişə insanların yaxşılığını istəmişdir.
Buna görə də, onun əmr və qadağaları tamamilə insanların xoşbəxt olmalarına xidmət edir. Amma bütün bunlara baxmayaraq, insanların bir çoxu bu həqiqəti ya anlamır, ya da anlamaq istəmir. Bu da yaşadığımız dünyanın imtahan yeri olmasının hikmətlərindən biridir, hər halda.
Bizi yaradan sadəcə bizim fərd olaraq xoşbəxt olmağımızı istəmir. O, eyni zamanda bizim yaşadığımız cəmiyyətin də hüzurlu olmasını istəyir. Bunun üçün insanlar arasındakı bəşəri münasibətlərdə bəzi əmr və qadağalar qoymuşdur. Bunlardan biri də məhz insanların bir-biriləri ilə danışıqları əsnasında müəyyən ölçülərə diqqət edərək yumşaq və şirin danışmalarıdır. Belə olan təqdirdə insanlar arasında münasibət daha sağlam bir zəminə söykənəcəkdir. Necə ki, Qurani-Kərimdə belə buyurulmuşdur: “Məgər Allahın necə bir məsəl çəkdiyini görmürsənmi? Xoş bir söz kökü yerdə möhkəm olub budaqları göyə ucalan gözəl bir ağac kimidir”. (İbrahim, 24)
Allah-Təala Qurani-Kərimdə insanların bir-birilərinə gözəl söz söyləmələrini əmr edərək əslində onların şərəf və ləyaqətini də mühafizə etmək istəyir. Çünki birinin başqa birinə qarşı kobud rəftar etməsi eyni zamanda ona hörmətsizlik etməsidir. Bu da onun şəxsiyyətini alçaltmaq deməkdir. Bunun üçün Allah-Təala açıq şəkildə başqasına qarşı şəxsiyyət, izzət və şərəfinə xələl gətirəcək hal və hərəkətlərdən uzaq durmağı aşağıdakı ayə ilə belə bildirir: “Ey iman gətirənlər! Bir camaat digərini məsxərəyə qoymasın. Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Qadınlar da qadınları (lağa qoymasınlar). Ola bilər ki, bunlar onlardan daha yaxşı olsunlar. Bir-birinizə tənə vurmayın və bir-birinizi pis ləqəblərlə çağırmayın. İman gətirdikdən sonra fəsadçı adlanmaq necə də pisdir. Məhz tövbə etməyənlər zalımlardır”. (əl-Hucurat 11)
Bunu da unutmamaq lazımdır ki, möminlər sadəcə öz aralarında gözəl danışmazlar. Onlar eyni zamanda hər kəslə yaxşı münasibət qurmalıdırlar. Bunun ən açıq nümunəsi Allah-Təalanın Hz. Musaya onun ən azılı düşməni olan Fironla necə danışacağını göstərən bu ayədir: "İkiniz Firona gedin. Çünki o, həddi aşmışdır. Onunla yumşaq danışın. Bəlkə, öyüd-nəsihət qəbul etsin, yaxud qorxsun!” (Taha Surəsi, 43-44)
Bu misaldan da anlaşılır ki, müsəlmanlar insanları Allahın yoluna çağıranda ən gözəl sözləri seçərək danışmalıdırlar. Hətta onlardan üz çevirməli olsalar belə, yenə də onlara şirin söz deməlidirlər.(əl-İsra, 28) Ancaq bütün bunlarla bərabər, düşmənlə savaş halına girilmişsə, nəinki ona qarşı yumşaq davranmaq, əksinə, Fəth surəsinin 29-cu ayəsində buyurulduğu üzrə: “onlara qarşı çox sərt” olunmalıdır. Yuxarıdakı ayədə Musa Peyğəmbərin Firona yumşaq danışmasının tövsiyə olunması onun Allahın dinini qəbul etməsi ümidi ilədir. Əks təqdirdə, düşmən barışa yaxlınlaşmaz, savaşmaqda israr edərsə, ona qarşı daha şiddətli olmaq tələb olunur. Hətta təkəbbür və lovğalığın halal olduğu yeganə hal düşmənlə qarşılaşılan vaxtdır. Müsəlmanların bir-birilərinə qarşı alçaqkönüllü olması onların izzətini artırırsa, düşmənə qarşı təvazö göstərməsi də zillətə düşürər.
Bundan başqa, qadınlar da yad kişilərlə danışarkən onlarla yumşaq, nəvazişlə danışmamalıdırlar. Bu barədə Qurani-Kərimdə belə buyurulmaqdadır: “Ey Peyğəmbərin xanımları! Siz digər qadınlar kimi deyilsiniz. Əgər Allaha qarşı gəlməkdən çəkinirsinizsə, (kişilərlə danışanda) sözü yumşaq bir əda ilə söyləməyin ki, qəlbində pis niyyət olan ümidlənməsin. Sizə yaraşan tərzdə, ciddi və ölçülü danışın”. (əl-Əhzab, 32)
Bu ayədəki xəbərdarlığın sadəcə peyğəmbər xanımlarına aid olduğu düşünülməməlidir. Təbii olaraq bu xüsusa ən çox peyğəmbər xanımları diqqət etməli idilər ki, digər müsəlman xanımlara nümunə olsunlar. Bunun üçün bir qadın yad kişi ilə danışmağa məcbur qaldıqda sözü uzatmadan, səs tonunda ciddiyyəti hiss etdirərək, fikrini bəyan edəcək ən qısa cümlələrlə danışmalıdır. Çünki qadının səs tonundakı yumşaqlıq və şirinlik qarşısındakı kişinin nəfsini hərəkətə keçirərək mənfi düşüncələrə yol aça bilər.
Yumşaq danışmağın xoş olmadığı yerləri yuxarıdakı iki misalla izah etdikdən sonra son söz olaraq aşağıdakı ayəni vermək yerində olacaq: “…Pak söz (tövhid kəlməsi, zikr, həmd-səna) Ona tərəf yüksələr və pak sözü də (Allah dərgahına) yaxşı əməl qaldırar…” (Fatır, 10)
Deməli, bir müsəlman sadəcə gözəl danışmamalı, eyni zamanda gözəl əməl sahibi də olmalıdır. Çünki o, Allahın yer üzərində qəbul etdiyi tək din olan İslam dinini təmsil edir. Bunun üçün də Allah-Təala dinini təmsil edən müsəlmanın şəxsiyyətli olmasını istəyərək onun saleh əməllə dəstəklənən gözəl söz sahibi olmasını arzu edir. Belə bir müsəlman Onun dinini təmsil etməyə layiq ola bilər.
ŞƏRHLƏR