Qiymət və Dəyər

Qiymət və Dəyər

İnternetdə gördüyüm bir şəkildə bir marketdə satılan türk bayrağının üstünə:

 “üzr istəyirik, dəyərinə görə qiymət yaza bilmirik”, - yazılmışdı. Yazı, hər şeyin qiymətini bilən insanlara dəyər deyilən bir məfhumun var olduğunu öyrədirdi. İlk anda “halal olsun, necə də zərif bir davranışdır” deyə düşünsəm də, bir az sonra bu yazının çox fərqli mənalar daşıya biləcəyi qənaətinə gəldim.

Bayrağın qiyməti ilə bayrağın dəyəri bir-birinə qarışdırılmamalıdır. Bayrağın dəyəri torpağın altındakıları və üstündəkiləri təmsil etdiyi üçün ölçülə bilməz. Bayrağın dəyəri onun “mənası” deməkdir. Bayrağın qiyməti isə mənadan ayrı düşünülməlidir. O bayrağın bir fabrikdə istehsal edilməsi, işlədilən xammal, əmək sərfi və nəqliyyat o bayrağın qiymətini təyin edir. Bayrağın qiyməti maddə olaraq onun əvəzidir. Köhnə bir ev ucuz qiymətə satıla bilər, amma uşaqlığı o evin içində keçənlər üçün o ev dəyərsiz və ucuzdurmu?

Bu vəziyyət Qurani-Kərim üçün də belədir. Qurani-Kərimin məna dənizində, qiyamətə kimi, nə qədər dərinə gedilirsə gedilsin, dibinə çata bilməyəcəyik. Qurani-Kərimin maddəsi isə müəyyəndir, konkretdir. Maddəsi iki qapaq arasına yerləşdirilmiş, müəyyən qram ağırlığı olan kağızlarla və mürəkkəblə özünü göstərir. Qurani-Kərimin satış qiyməti də eynilə bayraqda olduğu kimi, mənasına deyil, maddəsinə görə müəyyən edilmişdir. “Yer üzündəki ağacların hamısı qələm olsa, dəniz də arxasından yeddi dəniz əlavə olunaraq (mürəkkəb olsa), Allahın kəlmələri bitməz...” (Loğman surəsi, 27).

Market sahibindən soruşmaq lazımdır:

Bu həyatda dəyərinə görə qiymət yaza bilmədiyiniz başqa nələriniz var? Dəyərinə görə qiymət yaza bilmədiyiniz bayrağı heç bir ödəniş etmədən alıb gedə bilərikmi? Marketdən çıxarkən niyə bayrağın qiymətini qəpiyinə kimi alırsınız?

Sizə dəyər və qiymət arasındakı fərqi başa düşmədiyinizi deyən olubmu?

Kassada qiyməti dediyiniz zaman bayrağın dəyərini demiş olursunuz? Bayrağın dəyəri səbəbilə qiymətini də qaldırsanız, mənim etiraz etməyə haqqım olacaqmı? Bayrağın qiymətinin yüksəkliyinə etiraz etdiyim zaman, görəsən, bayrağın dəyərinə qarşı çıxmış olacağam? 

10 lirə olan bayrağı mənə 100 lirədən satsanız, “bayraq dəyərlidir, buna görə qiyməti də yüksək olmalıdır”, - deməliyəm?

Elə isə qiymətini yazdığınız digər məhsulların dəyərini təyin etmiş olursunuz. Çörək 1 lirə, yarım litr su 50 quruş – bu qiymətlər çörək və suyun dəyərini göstərir? Əgər dəyərini göstərir deyirsinizsə, çörək və su niyə bu qədər dəyərsizdir?! Bir şokoladın qiyməti belə çörək və sudan yüksəkdir. O halda şokolad çörək və sudan daha dəyərlidir?

Dünya ticarət tarixində dəyərinə görə qiymət yazmamaq (qiyməti kassaya çatana qədər gizlətmək) harada və hansı zamanda görülüb? Piştaxtalarda və rəflərdə yer almış məhsulların dəyəri səbəbilə qiymətləndirilməməsi nə dərəcədə etikaya uyğun hərəkətdir?

Aldığı bayrağın qiymətini təxmini hesablayaraq alan müştəri kassada pulu yetməyəndə “bayraq çox dəyərli idi, o dəyəri əldə etməyə bu kirli pullarım yetmədi” deyərək təsəlli tapmalıdır?

Dəyəri səbəbilə qiymət yazmamağın kassada yığılmalara, mübahisələrə səbəb olmayacağından və pis insanlar tərəfindən aldadılma səbəbi olaraq işlədilməyəcəyindən əmindirlər?

Bayrağın qiymətinin bahalılığına etiraz edən kəs vətən xaini olarmı? Bayrağın qiymətinin yüksək olduğunu (aldatmaca olduğunu) dilə gətirən şəxs bayrağın dəyərini alçaltmış olarmı?

Ey market sahibi və ya çoxbilmiş satıcı! Siz bu işdən əl çəkin! Müştərilərə dəyər verirsinizsə, hər məhsulun qiymətini üstünə yazın. Heç kimə kassada zərif və ucuşiş sürprizlər (aldatmacalar) yaşatmayın. Sui-istifadə etməmək, duyğusallıq maskası altında başqa şeylərin olmaması və istismar etməmək dini və milli dəyərlərə qarşı ediləcək ən gözəl xidmətdir.

Avropanın məşhur sənət mərkəzlərindən birində bir uşaq vitrində bahalı bir tablo görür. Uşaq tablonu qardaşının ad gününə hədiyyə olaraq almaq istəyir və bütün pulunu götürüb mağazaya girir. Tablonu çəkən sənətkarı tapır və: “Qardaşımın ad  günü üçün bu şəkli almaq istəyirəm, olan pulum da bu qədərdir”, - deyir.

Rəssam bir az düşündükdən sonra tablonu uşağa satır. Uşaq paketini alır və təşəkkür edərək çıxıb gedir. Rəssamın dostları çaşbaş halda deyirlər: “Sən nə etdin, o şəkil milyonlara dəyərdi. Niyə bu qədər az məbləğə satdın?”

Rəssam cavab verir: “Bəli, mən bu şəklə milyonlarını verəcək bir çox adam tapa bilərdim. Amma bütün sərvətini bu şəklə verəcək neçə nəfər tapa bilərəm?”

Son söz: Bayraqlara qiymətini ödəyərək sahib olacaq milyonlarla insan tapıla bilər. Bayraq üçün malından, canından keçəcək neçə nəfər tapılar? Əsl sual budur!

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz