Dilemma

Dilemma

Günün birinci yarısı tələbələrə mühazirələr deyir, ikinci yarısı evdə yeddi-səkkiz şagird hazırlaşdırır, – yəni, çənə-boğaz məsələsi, yorğunluq.

 Axşam saat səkkizdən sonra sabahkı mühazirələrə hazırlaşır, gecəyə qədər kitab-jurnal oxuyur, indiyə qədər əlli iki elmi məqalə, iki monoqrafiya, üç dərslik yazıb, – gözlüyünün artan mənfiləri. Üstəgəl il boyu hazırlaşdırdığı şagirdlərin verəcəyi sınaq, əsas da test imtahanlarına görə keçirdiyi stresslər, yüksək qan təzyiqi. Sonda öyrəşdiyi otuz illik əziyyət.

BDU-nun filologiyasını bitirən kimi tanışsız, rüşvətsiz müəllim kimi işə götürmüşdülər. Sonra uğur uğurun dalınca (yenə öz gücünə), – baş müəllim, elmlər namizədi, dosent, elmlər doktoru və bu gün-sabah Nizam professor olacaq. Paralel namuslu, dözümlü həyat yoldaşı və tərbiyəli, ali təhsilli üç qız. Otuz ili idi aylıq maaş, ən əsası, repetitorluqla ailəsini dolandırırdı. Sovetin vaxtı qəbul imtahanlarında nə o biri müəllimlər kimi özünü komissiyaya saldırmışdı, – onda bir qəbuldan alınan rüşvətə maşın, hətta ev alanlar olurdu, – nə də onda və indi semestr imtahanlarında bir tələbədən yüz manat, ya qalstuk götürmüşdü. Halal pulla böyük qızının toyunu edib ərə vermişdi, hələ ki, elçiləri gəlməyən qalan ikisinin cehizi üçün əlinə pul gəldikcə, arvadına verirdi ki, yığsın.

Qaldığı üçotaqlı həyət evində kitablar, jurnallar əl-ayağa dolaşırdı. Karton qutulardakı jurnalların nazik vərəqləri illər ötdükcə nəm çəkdiyindən bəzi səhifələrdə hərflər oxunmaz olurdu. Eləmirdi tənbəllik, qələmiylə silinməkdə olan sözləri bir-bir oxunaqlı edirdi. Ən dəhşətlisi Moskvada, konfransda olanda alıb gətirdiyi və dolabın alt rəfinə yığdığı kitabların səhifələrini siçanların yeməsi olmuşdu. Hirsindən az qalmışdı hönkür-hönkür ağlasın. Moskvaya gedən dostuna pul verib o kitabları bir də gətizdirmişdi. Səbirsizliklə həyət evinin plana düşüb sökülməyini, şirkətdən alacağı pulla siçan olmayan bina evinə köçməyini gözləyirdi.

Leypsiq Universitetinin filologiyasını bitirib Bakıda universitetlərdən birində alman dilindən dərs deyən Elşənin atası Nizamla BDU-da bir qrupda oxumuşdu. Elşən tələbə olanda, yay tətilində, Bakıda atası onları tanış edib oğluna demişdi ki, filologiya ilə bağlı sualların olsa, rahatca ona müraciət edə bilərsən. Tanışlıqdan sonra Elşən evdə atasına demişdi: “İnandırım səni, bu adam Almaniyada yaşasaydı, onların məşhur filoloq alimləri var, Marsel Rayx-Ranitski, onun kimi dünyada tanınardı”. – “Elə bilirsən Marsellər tək Almaniyada olur? Nizam ayda beş yüz yox, o alim kimi tutaq ki, beş min dollar maaş alsaydı, uşaq hazırlaşdırmaq əvəzinə, gedib tez-tez xaricdə konfranslarda çıxış edərdi”. Atanın sifətində yaranan acı təbəssümə baxmayaraq, oğul başa düşmüşdü ki, diplom alıb Bakıya qayıdandan sonra ayda beş yüz manat maaş alsa da, onunku müəllimlikdir, elmdir. Ümidliydi ki, gələcəkdə ailəsini dolandırmaq, xaricdə konfranslarda çıxış etməkçün fondlardan qrant tapacaq.

Tələbə olanda Elşən Nizam müəllimin qaldığı evdə olmuşdu, az qala tavana çatan şkafın içindəki kitablara heyrətlə baxa-baxa demişdi ki, bunların hamısını oxumuş olarsız. “Hamısını yox, doxsan faizini oxumuşam”. – “Burda nə qədər kitab olar?” – “Hardasa səkkiz min kitab, beş-altı min də yerli, bir də Moskvadan abunəylə gələn jurnallar. Hələ nə qədərini siçan yedi”. Axşam yerinə girəndə Elşən səkkiz minin üstünə beş min gəlmişdi. “Eliyir on üç min kitab-jurnal, doxsan faizini oxuyubsa. Xoşbəxt adamdı. Kaş gələn dəfə mən Bakıya gələnə qədər qalan on faizini də oxumuş olaydı”. Oxunulmayan kitabları Nizam müəllimin beyninə daxil olan qatarın son vaqonları kimi təsəvvürünə gətirmişdi, planlar qurmuşdu: Marsel Rayx-Ranitskiylə tanış olacaq, Nizam müəllimin yazdığı elmi məqalələri almancaya tərcümə edib ona verəcək və alman aliminin oxuduqları necə xoşuna gələcəksə, onun Leypsiq universitetində bir-iki il dərs deməsinə kömək edəcək. Nizam müəllim ortabab bildiyi alman dilini təkmilləşdirəcək, tez-tez gedib alman tələbələrə Füzuli, Nizami poeziyası haqqında mühazirələr oxuyub orda məşhur alim olacaq: həm Azərbaycan ədəbiyyatını tanıtdıracaq, həm də maddi vəziyyəti xeyli yaxşılaşacaq, nəhayət, repetitorluqdan canı qurtaracaq və nə vaxtsa söküləcək evinə görə kompensasiyanı gözləmədən özünə təzə ev alacaq.

...Artıq Bakıda iki həmkar kimi çayxanada oturub, saatlarla şair və yazıçıları, ədəbi cərəyanları, Elşənin yazmağa başladığı dissertasiya işini həvəslə müzakirə edirdilər. Elşənə elə gəlirdi ki, hər dəfə çantasında kitablarla görüşə gələn Nizam müəllim Leypsiq Universitetinin Bakıda doktorantura üzrə filialıdır, onunla söhbət isə bu filialda mühazirələrə qulaq asmaq kimi bir şeydir.

Semestr boyu qayıbları yazmamaqla, kəsirləri silməklə tələbələrdən pul alan müəllimlərdən söhbət düşəndə, Nizam müəllimin fəxr hissi coşurdu: “Bizim tələbələrin yanında üzümüz ağdı, alnımız da açıq. Özüm görmüşəm, elələrinin pul aldıqları tələbənin qabağında dilləri necə qısa olur”.

Bir dəfə regiondakı universitetlərdən birində kəsirlərini sildirmək istəyən tələbənin qurduğu tələyə düşən, həmişəkindən çox pul istəyən prorektoru öz kabinetində polisin həbs etməsini (telekanalların birində göstərmişdilər) müzakirə eləmişdilər. Prorektor dörd dənə əlliliyi pəncərədən çölə atsa da, xeyri olmamışdı, şahidlərin iştirakıyla dindirmə olmuşdu. Üzünü iki əliylə örtüb uşaq kimi ağlayan prorektor demişdi ki, ay Allah, bu nə işiydi başıma gəldi. Elşənin yazığı gəlmişdi prorektora: “Nizam məllim, o gədənin alçaqlığını gördüz? Dörd yüz manata görə adamı o vəziyyətə salallar?” – “Əsas günah elə prorektordadı. Artıq tamahın axırı elə olur, tələbəni sıxma-boğmaya salanda gərək fikirləşəydi”. Sonra Elşənin komissiya üzvü olduğu dövlət imtahanında aşağı bal aldığına görə dəhlizdə vay-şüvən qaldıran tələbə qız yadına düşmüşdü. “Üç yüz manat pul vermişəm e! Adama bu qədər bal yazarlar!” Rəfiqələri onu sakitləşdirməyə çalışmışdı: “Sakit ol, ay qız, yəqin səni kimləsə səhv salıblar. İndi artırallar balını”. Dekan(lıq) tez öz səhvini düzəltmişdi və o qalmaqallı hadisə tələbələrin, müəllimlərin bir müddət yadından çıxmamışdı...

(ardı növbəti sayımızda)

PAYLAŞ:                

ŞƏRHLƏR

İlk şərhi yazan siz olun!

Şərh yaz